VAMBP Ə.Zeynallının azadlığa buraxılmasını tələb etdi

 

VAMBP BƏYAN EDİR Kİ, …
“… HÖKM QANUNSUZ VƏ ƏDALƏTSİZDİR…”!!!
“ … BAŞ REDAKTOR DƏRHAL AZADLIĞA BURAXILMALIDIR!!!”

”VAMBP Ə.Zeynallının qanun normalarının kobud şəkildə pozulması ilə uzunmüddətli həbs cəzasına məhkum edilməsini müstəqil medianın susdurulması və söz azadlığına, demokratik dəyərlərə, ölkənin beynəlxalq imicinə ciddi zərbə kimi dəyərləndirir”

Vahid Azərbaycan Milli Birlik Partiyası (VAMBP) “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının 9 il azadlıqdan məhrum edilməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: Vahid Azərbaycan Milli Birlik Partiyası (VAMBP) Bakı Ağır Cinayətlər Məhkəməsinin “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının 9 il azadlıqdan məhrum edilməsi haqqında qərarını və bu qərara qədər məhkəmə icraatı ilə bağlı halları və sübutları dəyərləndirərək bəyan edir ki, bu məhkəmə hökmü mövcud hakimiyyətin müstəqil medianın susdurulması, tənqidi jurnalistikanın sıradan çıxarılması niyyətinin və ölkədə müstəqil, ədələtli məhkəmə araşdırmasının mümkun olmadığının sübutunun yeni bir təzahürüdür. Belə ki, Əvəz Zeynallı 2011-ci ilin oktyabr ayında həbs olunmazdan əvvəl dövlət orqanlarının haqsız təzyiqi üzündən nəşriyyatlar onun rəhbəri olduğu “Xural” qəzetini çap etməkdən imtina etmiş, yüksək rütbəli məmurların və hazırda dələduzluqda ittiham olunaraq həbs olunmuş sabiq deputatın iddiaları əsasında “Xural” qəzetinə qarşı çıxarılan qanunsuz məhkəmə qərarları nəticəsində qəzetin bütün əmlakı müsadirə edilmiş və onun nəşri dayandırılmışdır.

Bundan başqa Ə. Zeynallıya qarşı ittihamlar üzrə əsas şahidlərin məhkəmədə dindirməsi təmin olunmamış, prosesdə iştirak edən şahidlərsə Ə.Zeynallıya qarşı istintaq zamanı verdikləri ifadələrini təsdiqləməmişlər. Digər tərəfdən Ə. Zeynallının vəkillərinin vəsadətlərinin heç biri məhkəmə tərəfindən təmin edilməmişdir.

”Ə.Zeynallı barəsində məhkəmə qərarı qanunsuz, ədalətsiz hökmdür və buna görə də, həmin qərar ləğv olunmalı, baş redaktor azadlığa buraxılmalıdır.“

Bütün bunlar açıq- aydın göstərir ki, “Xural” qəzetinin baş redaktoru Ə.Zeynallı ilə bağlı açılmış işin məhkəmə icraatı prosesində milli qanunvericiliyin çoxsaylı hüquq normaları, eyni zamanda Avropa İnsan Hüquqları Konvensiyası ilə müəyyən olunmuş hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən ədalətli məhkəmə araşdırması, işin müstəqil və qərəzsiz məhkəmə vasitəsilə araşdırılması, ağlabatan müddətdə məhkəmə araşdırması və əsaslandırılmış məhkəmə qərarı hüquqlarına malik olması haqqında prinsip və normalar kobud şəkildə pozulmuşdur.

VAMBP yuxarıda göstərilən halları və dəlilləri əsas tutaraq “Xural” qəzetinin baş redaktoru Ə.Zeynallının qanun normalarının kobud şəkildə pozulması ilə uzunmüddətli həbs cəzasına məhkum edilməsini müstəqil medianın susdurulması və söz azadlığına, demokratik dəyərlərə, ölkənin beynəlxalq imicinə ciddi zərbə kimi dəyərləndirir və belə hesab edir ki, Ə.Zeynallı barəsində məhkəmə qərarı qanunsuz, ədalətsiz hökmdür və buna görə də, həmin qərar ləğv olunmalı, baş redaktor azadlığa buraxılmalıdır.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button