Vasif Talıbovla general arasında “yaddaş kartı” davası

v_talibov

Naxçıvanın sabiq Milli Təhlükəsizlik naziri Vəli Ələsgərovun istintaqından ilginc faktlar

Ləğv olunmuş Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq rəhbəri, hazırda həbsdə olan general-leytenant Vəli Ələsgərovun istintaq işindən yeni məlumatlar var.

AzPolitika.info-ya verilən məlumata görə, keçmiş nazirin istintaqçıları və Naxçıvan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları keçmiş nazirin əlində olan kompromat materialları əldə etmək üçün bütün güclərini səfərbər etsələr də, hələ ki, bir nəticə yoxdur. Vəli Ələsgərov Naxçıvan MR rəhbərliyinin izlənilməsi, gizli dinləmə və çəkilişlər, həmçinin digər vasitələrlə topladığı kompromat materialların, telefon danışıqları və videoçəkilişlərin saxlandığı “yaddaş kartı”nın yerini deməkdən imtina edir. Bu materialların bir nüsxəsinin Bakıya – Eldar Mahmudova ötürüldüyü istintaq yolu ilə sübut olunsa da, Vəli Ələsgərov belə bir fəaliyyətlə məşğul olduğunu və əlində Naxçıvan rəhbərliyinin əleyhinə kompromatlar olduğunu israrla danmaqda davam edir. Lakin istintaqçılar əmindirlər ki, Vəli Ələsgərov illərlə topladığı materialları “yaddaş kartı”na köçürüb və haradasa saxlayır.

Xatırladaq ki, Vəli Ələsgərov MR rəhbərini və onun ailə üzvlərini dinləməkdə, mütəmadi olaraq onlarla bağlı Bakıya – Eldar Mahmudova dosyelər ötürməkdə şübhəli bilinir. Bu məsələlər Eldar Mahmudovun MTN-dən uzaqlaşdırılmasından sonra üzə çıxıb. Eldar Mahmudovdan sonra Vəli Ələsgərov da işindən uzaqlaşdırılaraq nəzarət altına alınıb, bugünlərdə isə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Sabiq nazirə qarşı rəsmi hansı ittihamların irəli sürüldüyü barədə ictimaiyyətə məlumat verilməyib.

Vəli Ələsgərov vəzifəsindən uzaqlaşdırılandan sonra onun biznes fəaliyyəti ilə məşğul olan qardaşı Əli Ələsgərova da cinayət işi açılıb. Son məlumatlara görə DTX əməkdaşlarının apardıqları axtarış zamanı Əli Ələsgərova məxsus obyektdə seyfdən “Makarov” tipli silah tapılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button