Xaricdə təhsil alan şəhid övladına dövlət niyə dəstək olmur?

Macarıstanda işgüzar səfərdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bu gün Budapeştdə təhsil alan azərbaycanlı gənclərlə görüşüb. Ə.Zeynallı facebook səhifəsində bu tələbələrin qarşılaşdığı çətinliklərlə bağlı status paylaşıb və dövlət səlahiyyətlilərini onların qarşılaşdığı problemləri həll etməyə çağırıb:

“Rasim Sadıqlı Budapeştin IBS Universitetinin 4-cü – sonuncu kursunda oxuyur. Şəhid oğludur. Atası Rasim Sadıqov Mayıl oğlu 1992-ci ildə Ağstafa uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Indi Binə qəsəbəsindəki məktəb onun adını daşıyır. Rasimin məktəbinin illik haqqı 5.000 avrodur. Və onu ödəyə bilmir. Ödəməsə, onu universitetdən qovacaqlar. Rasim ilin əvvəlindən səlahiyyət sahiblərinə müraciət edib. Cavab yoxdur. Mən o məktubu da dərc edəcəm, amma buradan Müdafiə naziri Zakir Həsənova, Təhsil naziri Mikayıl Cabbarova, ARDNŞ prezidenti Rövnəq Abdullayevə, Ağstafa rayon icra hakimiyyətinin başçısı olan adını bilmədiyim o xoşbəxt adama müraciət edirəm. Yaxşı oxuyan bu nümunəvi, tərbiyəli və məsuliyyətli gəncin, Şəhid oğlunun təhsil haqqını ödəyin. Ömrünü bu Vətənə qurban edən əziz Şəhidlərimizin 15 yaşından işləyən, gözünü bu dünyaya yetim açan balaları milyardların içində bu sıxıntını çəkməməlidir. Eşidirsinizmi, Zakir, Mikayıl, Rövnəq, başçı, eşidirdinizmi?!..

Xatırladaq ki, prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə hazırlanan və 16 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın əsas məqsədləri ölkədə rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından respublikanın müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılmasını təmin etməkdən ibarətdir.

Dövlət Proqramı çərçivəsində gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil alması üçün ötən illər ərzində Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumları və ali təhsil müəssisələri mütəxəssislərinin iştirakı ilə seçimlər aparılıb və ümumilikdə minlərlə nəfər təhsil almaq hüququ qazanıb.

Dövlət Proqramı çərçivəsində azərbaycanlı tələbələr Harvard Universiteti, Kembric Universiteti, Oksford Universiteti, London İmperial Kolleci, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Orta Doğu Texniki Universiteti, Toronto Universiteti, Nanyanq Texnologiya Universiteti, Kyoto Universiteti kimi yüksək nüfuzlu ali təhsil müəssisələrində təhsil alırlar.

Qeyd edək ki, Dövlət Proqramının icrası müddətində həyata keçirilən tədbirlər və əldə olunan nəticələr əsas prioritetlərdən biri hesab olunan “Qara qızılın insan kapitalına çevrilməsi” istiqamətində görülən işlərə aid edilsə də xaricdə təhsil alan tələbələrin böyük əksəriyyəti maliyyə problemləri səbəbindən təhsillərini başa vurmadan geri qayıtmalı olurlar.

Mövzunu diqqətdə saxlayacağıq.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button