Xaricdə yaşamaq istəyənlərin arzuları

Sahibkarlığa dəstək, turizmin vəziyyəti, ölkədən mühacir axını və xaricdə yaşamaq istəyənlərin arzuları bu gün medianın aparıcı mövzusudur.

QÜDRƏTLİ DÖVLƏT 

 «Azərbaycan» qəzetində «Azərbaycan dünya bazarında rəqabət imkanını artırır» sərlövhəli məqalə dərc edilib.

Müəllifin düşüncəsinə görə, ölkənin iqtisadi inkişafı dünya bazarında rəqabət mühitini artırır: «Dünya miqyasında mürəkkəb siyasi və iqtisadi proseslər davam edir. İqtisadiyyata xarici neqativ təsirlərin gücləndiyi hazırkı şəraitdə sahibkarlığın inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ölkəmizdə həyata keçirilən sistemli tədbirlər böyük əhəmiyyət kəsb edir».

Məqalədə qeyd edilir ki, dövlət başçısı İlham Əliyevin ölkədə sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi qərarlar bu sahədə yeni dövrün başlanğıcıdır. Müəllif bildirir ki, Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə indiyədək 31 min sahibkara 1.8 milyard manat güzəştli kredit verilib. Bu isə 142 mindən çox yeni iş yerinin açılmasına imkan yaradıb: «Azərbaycan bu gün qeyri-neft sektoruna əsaslanan iqtisadi inkişaf modelini prioritet seçib. Qeyri-neft sektorunun inkişafı, sənaye müəssisələrinin yaradılması, ölkəni xammal ixracatçısından elmtutumlu sənaye və informasiya texnologiyaları istehsalçısına, münbit turizm məkanına çevrilməsi üçün bütün imkanlar səfərbərliyə alınmışdır. Rəhbərliyin bu yöndə həyata keçirdiyi ardıcıl tədbirlər Azərbaycanın ən qısa vaxtda dünyanın iqtisadi cəhətdən qüdrətli dövlətləri sırasına çıxmasına imkan yaradacaq».

Hava limanı

XARİCƏ KÖÇ

«Azadlıq» qəzeti isə imkanı olan ölkə vətəndaşlarının xaricə köçmək istəməsindən bəhs edir. Müəllif bu axını belə dəyərləndirir: «Azərbaycan xalqının hər bir fərdi başqa bir ölkədə yaşamağa ehtiyac duyur. Kimisi bunu Rusiyada hər cür təzyiqə, təhqirə dözməklə, kimisi Türkiyədə «qardaş, amma ikinci sinif insan» münasibəti görməklə, kimisi də Avropaya, Amerikaya müxtəlif çətinlik və saxtakarlığa getməklə həll edir».

Müəllif vətəndaşların qürbətdə belə həyatı seçmələrinə etiraz edir: «Başqa ölkədəki kimi yaşamaq üçün edilməli olan ölkədən getmək deyil. YAP hökumətinin qurduğu siyasi-inzibati diktaturanı, geridə qalmış mənasız adətləri, bir-birimizə tətbiq etdiyimiz zülmkar münasibəti rədd etməliyik».

Məqalədə qeyd edilir ki, Avropaya gedən mühacirlərin Azərbaycan naminə yaratdıqları qurumların fəaliyyəti də bir elə səmərə vermir: «Sonra gəlirik Avropaya, deyirik ki, «Azərbaycanımızı hər yerdə yaşadaq». Azərbaycanımızı yırtıcıların ağzında qoyub, dünyanın müxtəlif yerlərində Azərbaycan «yaşadırıq». Dayandırmalıyıq. Azərbaycan burdadır və dərdi də bəllidir».

Yazının sonunda müəllif xaricə üz tutan vətəndaşların istəklərini belə qruplaşdırır: «Bilirsinizmi «Başqa ölkədə yaşamaq istəyirəm» deyən azərbaycanlı nə istəyir? Başını gizlətməyə bir ev, ona çörək verəcək bir iş, xəstələnəndə onu sağaldacaq xəstəxana, övladına gələcək quran bir təhsil, söymədən, söyülmədən yaşayacağı həyat, ildə bir dəfə insan kimi dincəlmək, onu qoruyan polis, məhkəmə».

Müəllif yazır ki, həmin istəkləri vətəndə də gerçəkləşdirmək olar.

Natiq Cəfərli
Natiq Cəfərli

GÜRCÜSTANA UDUZMAQ

«Yeni Müsavat» qəzeti isə ekspertlərlə əcnəbilərdən ötrü vizaların ucuzlaşdırılmasının turist axınına səbəb olub-olmayacağını araşdırıb.

İqtisadçı Natiq Cəfərlinin fikrincə, viza xərcinin azalması büdcədə elə də hiss olunmayacaq. Onun deməsinə görə, devalvasiya qədər bu rüsum 40 dollar idi, indi cəmi 20 dollara düşür. İndinin 20 dolları elə devalvasiyadan əvvəlki 40 dollara bərabərdir.

Üstəlik, o, hesab edir ki, bu turistlərə de elə böyük güzəşt sayıla bilməz: «Qonşu ölkələrlə rəqabət aparırıqsa, uduzduğumuz aydın görünür. Bu sahədə bazarda əsas rəqib olan Gürcüstanın keçdiyi yola baxmaq lazımdır. Gürcüstan 48 ölkə ilə vizanı ləğv edib».

N.Cəfərli deyir ki, turist cəlb edilməsindən ötrü Avropa Birliyi və bir sıra ölkələrlə vizalar ləğv olunmalıdır: «Ümumiyyətlə, viza prosedurlarının ləğv olunması vacibdir. Bu, turizmdə müəyyən irəliləyişə nail olmağa imkan verə bilər. Digər addımlar isə biletlərin, otellərin qiymətlərinin ucuzlaşması ola bilər».

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button