Yarımçıq demokratlar

Əfqan Muxtarlı

Dünya durmadan dəyişir. Avtoritar rejimlər çökür, diktatorlar tarixə qovuşurlar. Bu il Azərbaycanda da köklü dəyişikliklərin olması qaçılmazdır. Amma, düşüncə tərzimiz, bitkin demokrat olmağımız bu il baş tutmayacaq. Azı Müsavat Partiyası Başqanının səlahiyyət müddəti barədə gedən polemikalara nəzər saldıqda dediklərimdə haqlı olduğum qənaətinə gəlirəm.

Müsavat başqanı İsa Qəmbər partiya nizamnaməsinə bir nəfərin eyni vəzifəyə iki dəfədən artıq, ardıcıl olaraq seçilməsini qadağan edən müddəanın salınması təşəbbüsü ilə çıxış etdi. İllər öncə bu təşəbbüs qurultayda yekdilliklə qəbul olundu və İsa bəy özü başqanlıqdan gedəcəyini bəyan etdi. Demokratik düşərgənin təmsilçiləri bunu demokratiyaya sədaqətin nümunəsi kimi qarşıladı. Nə Arzu Səmədbəyli buna qarşı çıxdı, nə Vurğun Əyyub, nə də bir başqası. Lakin bu normal davranış uzun sürmədi. İndi – qurultaya sayılı həftələr qalmış başqanlığa iddialı olub şanslı görünməyənlər və onların dostları başqanın səlahiyyət müddətini məhdudlaşdıran maddənin dəyişdirilməsi təklifini yenidən güdəmə gətiriblər. Müsavat Partiyası ölkədə inqilabı dəyişikliklərə hazırlaşmaq əvəzinə nizamnamə dəyişikliyi ətrafında polemikalara enerjilərini sərf edir.
İsa Qəmbər qəti şəkildə başqanlığa namizəd olmayacağını bəyan edəndən sonra da polemikaya, əndirəbadi təkliflərə son qoyulmadı.

Həmkarımız Mehman Cavadoğlu başqanın rotasiya yolu ilə seçilməsi təklifini irəli sürdü. Zatən mövcud nizamnamə elə başqan postunun rotasiya yolu ilə seçilməsini təmin edir. Partiya Məclisinin sədri Arzu Səmədbəyli, Vurğun Əyyub və başqaları İsa Qəmbərin əvəzsiz lider olduğunu vurğulayırlar, amma bu təklifləri ilə əslində İsa bəyin özünün siyasi xəttinə qarşı getdiklərinin fərqinə varmırlar sanki . Və təkidlə nizamnamənin dəyişdirilməsini tələb edirlər.

Arzu bəy İsa Qəmbərdən sonra partiyada parçalanmaların olacağından narahatlıq keçirdiyini bildirir. Narahatlıqlar təbii, amma arqumentlər olduqca zəifdir. Axı İsa beyin tərcümeyi – halı ve imicinə rəğmən Müsavat Partiyası yalnız İsa Qəmbər şəxsiyyəti ətrafında formalaşmayıb. Müsavat 100 il ərzində möhtəşəm tarix yazmış və kim bilir daha neçə əsrlər tarix yazacaq bir partiyadır! Çağdaş partiyalar ideoloji əsaslar ətrafında formalaşır. İdeoloji hədəflər uğrunda mübarizə aparır. Müsavat Partiyası yarandığı gündən öz ideyaları uğrunda ardıcıl mübarizə aparıb. Hətta partiyanın qurucusu olan Məmmədəmin Rəsulzadə belə başqanlıqdan gedib. Onu bir müddət başqası əvəz edib. Şəxsiyyət ətrafında formalaşan qurumların ömrü elə həmin şəxsiyyətin ömrü qədər olur. Müsəlman Şərqi şəxsiyyət ətrafında formalaşan qurum və dövlətlərin acısını əsrlər boyu yaşayıb. Zamanında Əmir Teymurun qurmuş olduğu nəhəng imperiya onun ölümü ilə parçalanaraq məhv oldu. Müsavat Partiyası isə Şərqə çağdaş ideyalar, seçki və respublikaçılıq ənənəsini gətirib. Bu gün həmin ideyaların üzərindən xətt çəkilməsi elə Müsavatın şanlı tarixinin üzərindən xətt çəkilməsidir.

Digər tərəfdən Müsavat Partiyası nizamnamə dəyişikliyinə gedərsə, YAP və Əliyevlər rejimi üzərində qazandığı mənəvi-ideoloji üstünlüyünü itirmiş olacaq. Bir neçə il əvvəl qızğın şəkildə prezidentlik müddətinin qoyulan məhdudiyyətin aradan qaldırılmasına qarşı mübarizə aparan partiyanın bu gün antidemokratik addım atması Müsavat Partiyasının mənəvi məğlubiyyəti olardı.

Tanıdığım siyasi liderlər arasında İsa bəy ən demokratik şəxsdir. İstər siyasi fəaliyyətində istərsə də ailə münasibətlərində hər zaman demokratik dəyərlərə önəm verib. Başqan sözünü deyib və bir daha namizəd olmayacağına əminəm. Belə olan təqdirdə nizamnamə dəyişikliyi təklifini irəli sürən və bu polemikanı tirajlayan şəxslərin səmimiyyətinə şübhə edirəm. Bu polemika və az qala şantaj xarakterli təkliflər hakimiyyətin dəyirmanına su tökməkdən başqa bir şey deyil. Başqan səlahiyyət müddəti uzadılmasını təklif edənlər və İsa Qəmbəri bütləşdirənlər azından tam demokrat deyillər.

Nizamnamə dəyişikliyi təklifini israrla irəli sürən Arzu Səmədbəyli hər kəsdən daha çox İsa bəyin qəti fikrinə bələd olan şəxslərdəndir. Azından bu üzdən polemikaya son qoymalı idi. Əslində alternativsiz Müsavat Məclisinin sədri “seçilən” Arzu Səmədbəylini başa düşmək çətin deyil. Arzu bəy səmimi demokrat olsaydı alternativsiz seçkidə iştirak etməzdi. Məhz həmin seçki Müsavat Partiyası rəhbərliyində təmsil olunan bir sıra şəxslərin demokratik düşüncə tərzindən, əsl müsavatçılıqdan uzaq olduğunu ortaya qoydu.
Bu polemikanı gündəmdən düşməyə qoymayan qəzetləri də anlayışla qarşılamaq lazımdır. Eyni zamanda həmin qəzetlərə əhəmiyyət verməmək gərəkdir. Nəzərə almaq lazımdır ki, bu qəzet sahiblərinin Ramiz Mehdiyev və mövcud iqtidarın qarşısında müəyyən öhdəlikləri var.

İsa Qəmbər müasir Azərbaycanın ən görkəmli siyasi xadimlərindən biridir. Bu danılması mümkün olmayan faktdır. İsa bəyin istər Müsavat Partiyasının istərsə də müstəqil Azərbaycanın qurulmasında xidmətləri danılmazdır. İsa bəy başqanlıqdan getməsi Müsavat Partiyası parçalamayacaq. Əksinə İsa bəy Azərbaycanda növbəti demokratik ənənənin özülünü qoymuş olacaq. Bununla da Müsavat Partiyasının Azərbaycan cəmiyyətindəki nüfuzuna daha bir divident gətirmiş olacaq.
Bundan əlavə İsa bəy başqanlıqdan getsə də partiyada fəaliyyətini davam etdirəcək. Əminəm ki, növbəti başqanın kimliyindən asılı olmayaraq Müsavat Partiyasının 2013-cü il prezident seçkilərində namizədi İsa Qəmbərin olacaq.

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button