Yataq otaqlarının qənimi olan mahir oğrunu yalnız kamera yaxaladı

117732_res_01

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini, 1992-ci il təvəllüdlü Ruslan Əzimovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, məhkəmə prosesinə hakim Mirzə Xankişiyev sədrlik edib.

İttihama görə, Ruslan Əzimov bu ilin fevral-mart aylarında Xırdalan qəsəbəsindəki bir neçə mənzildən qızıl-zinət əşyaları oğurlamaqla zərərçəkmişlərə külli miqdarda ziyan vurub.

Törətdiyi cinayət əməlinə görə Ruslan Əzimova CM-in 177.3.2-ci (oğurluq) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs qismində dindirilən Ruslan Əzimov ifadəsində əvvəllər rəngsaz işlədiyini, son zamanlar maddi imkanı aşağı olduğundan, iş tapa bilmədiyindən oğurluqla məşğul olmaq oğurluq etmək fikrinə düşdüyünü göstərib: “Xırdalan şəhərində yeni tikilmiş binalar tam təhvil verilməsə də mənzil sahiblərinin əksəriyyəti evlərini təmir etdirib yaşayırdılar. Həmin binaların əksəriyyətində əvvəllər fəhlə kimi işləmişdim.

Fevralın 17-də Mehdi Hüseynzadə küçəsi, bina 2-yə gəldim, bloklardan birinə daxil olub boş mənzilin eyvanından 5 saylı mənzilə keçdim. Evi axtardım, yataq otağındakı noutbuku götürüb mənzildən çıxdım. Həmin noutbuku “20 yanvar” metrosunun yaxınlığında 105 manata satdım”.

İlk işinin “uğurlu” alındığını görən R.Əzimov iki gün sonra yenidən həmin binalardan birinə üz tutub. 12-ci mənzildə yaşayış olduğunu bilən R.Əzimov üzərində 70 yazılan dəmir qapını döyüb, evdə adam olub-olmamasını yoxlayıb. Kimsənin olmamasını dəqiqləşdirəndən sonra qonşuluqdakı boş mənzilinin eyvanından keçərək içəri daxil olub. Eyvanın mənzilə açılan qapısını sındırıb, bu dəfə də yataq otağına keçib və şkafdakı mücrünün içindəki qızıl-zinət əşyalarını götürüb. Əldə etdiyi qızılları Sumqayıt şəhərində yerləşən “Cavid” ticarət mərkəzindəki qızıl mağazasında satıb.

Növbəti dəfə 11 mart, 2015-ci ildə Xırdalan şəhəri 21-ci məhəllədə yerləşən yeni tikilmiş binanın qarşısına gedən R.Əzimov ətrafı nəzərdən keçirəndən sonra 11-ci mərtəbəyə qalxıb. Binanın dəhlizini gəzəndən sonra yalnız bir mənzildə qapı olduğunu görüb. Qapıya yaxınlaşaraq zəngi basıb və yüksək səslə “evdə kimsə varmı, ay əmi, ay xala” deyə səslənib. Heç kimin cavab vermədiyini görüncə eyni üsulla qonşu eyvandan həmin mənzilə daxil olub. Yataq otağındakı qızıl-zinət əşyalarını və 3 kiloluq balonun içinə yığılmış xırda pulları götürərək binanı tərk edib.

R.Əzimov sonuncu oğurluq hadisəsini Sumqayıt şəhərində törədib. O, Sumqayıt şəhəri, 1-ci mikrorayondakı 3 saylı binanın həyətinə gedərək 8-ci mərtəbəyə qalxıb. Qapını döyüb, mənzildə heç kimin olmadığını dəqiqləşdirib və qonşu eyvandan içəri keçməyə müvəffəq olub. Yataq otağındakı şifonerin siyirtmələrini axtarmağa başlayıb. Siyirtmədəki qızılları götürərək evi tərk edib.

Zərərçəkmiş Azər Hüseynov ifadəsində yaşadığı bina tam olaraq istismara verilməsə də ailəsi ilə birlikdə həmin mənzildə yaşadığını göstərib: “Hadisə baş verən gün uşağımı həkimə göstərmək üçün Bakıya getmişdik. Gecəni qayınatamgildə qaldıq. Ertəsi gün evə gələndə gördüm ki, yataq otağındakı dəmir seyfi oğurlayıblar. Dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Onlar gələnə qədər üzbəüzdəki boş mənzilə baxanda gördüm ki, seyfin qapısı sındırılıb, içindəki qızıllar oğurlanıb. Abşeron Rayon Polis İdarəsində cinayət işi başlandıqdan sonra mənzildən oğurluq edən şəxsin Ruslan Əzimov olduğu kamerada da aydın görünürdü”.

Zərərçəkmiş şəxs qismində dindirilən Bəhruz Nadirov ifadəsində evdəki əşyalarda hər hansı dəyişiklik olmasını hiss etmədiyini göstərib: “Evə gələndə əşyalarda heç bir dəyişiklik hiss etmədim. Səhər işə gedəndə həyat yoldaşım zəng vurub paltar şkafındakı mücrünün içinin boş olduğunu dedi. Ondan qızılları başqa yerə qoyub-qoymadığını soruşdum. Evə qayıdıb eyvandan açılan qapını yoxlayanda gördüm ki, qapı aralanıb. Kiminsə evə daxil olub 6100 manat dəyərində qızılları apardığını başa düşdüm”.

Digər zərərçəkmişlər – Naidə Hacıyeva və Florida Aslanova da məhkəmədə təqsirləndirilən şəxs tərəfindən əşyalarının oğurlandığını bildiriblər.

Məhkəmənin hökmü ilə Ruslan Əzimov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button