Yerevan polis idarəsinə basqın. Yaralılar var

Bazar günü, martın 24-də Yerevanda polis bölməsinə silahlı hücum zamanı iki nəfər yaralanıb, bir nəfər saxlanılıb.

Ermənistan polisinin məlumatına görə, onlar şəhərin şimalındakı Nor Nork rayonunun polis idarəsinə soxulmaq istəyərkən əl qumbarasını işə salıblar. Polis sözçüsü Narek Sarkisyan jurnalistlərə deyib ki, onlardan ikisi partlayış nəticəsində yaralanıb, digəri isə binanın kənarında qalıb, başqa qumbara atmaqla hədələyib.

Sarkisyan bildirib ki, iki saat sürən qarşıdurmadan sonra həmin şəxs təhlükəsizlik qüvvələri tərəfindən “odlu silahdan istifadə edilmədən” zərərsizləşdirilib. İnsident zamanı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) antiterror dəstəsinin hadisə yerinə gəldiyi görülüb.

İstintaq Komitəsi həmin gün “terrorçuluq” maddəsi ilə cinayət işi açıldığını bildirib. Nə komitə, nə də polis hücum edənlərin motivləri barədə heç nə deməyib.

Bazar günü səhər saatlarında polis Tavuş vilayətinin baş nazir Nikol Paşinyanın Azərbaycana təhvil verməyi planlaşdırdığı sərhəd bölgələrindən birinə səfər etmək istəyən “Döyüş Qardaşlığı” adlı qrupun 49 üzvünü saxlayıb. Onların hamısının bir neçə saat sonra sərbəst buraxıldığı bildirilir. Ərazi güzəştinə qəti şəkildə qarşı çıxan “Döyüş Qardaşlığı” Nor Nork insidenti ilə hər hansı əlaqəni tez bir zamanda inkar edib.

Yerevanın gündəlik “Hraparak” qəzeti bu arada yazıb ki, hücum edən hər üç şəxs qərbyönlü və millətçi qrup olan Milli Demokratik Alyansın (NDA) tərəfdarlarıdır. O, NDA-nın yüksək vəzifəli nümayəndəsinə istinadən bildirib ki, onlardan ikisi 2020-ci ildə Azərbaycanla müharibə veteranlarıdır, digəri isə altı həftəlik döyüşlər zamanı bir oğlunu itirib.

NDA liderlərinin 2016-cı ildə ovaxtkı prezident Serj Sarkisyanın istefasını tələbi ilə başqa bir Ermənistan polis idarəsinə basqın edən silahlı qrupun məhbus üzvləri ilə yaxın əlaqələri var. Polis əməkdaşlarını və tibb işçilərini girov götürən 30 silahlı şəxs təhlükəsizlik qüvvələri ilə iki həftə davam edən qarşıdurmadan sonra silahlarını yerə qoymuşdu. Üç polis əməkdaşı ölmüşdü.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button