Zakir Qaralov “Gəncə işi”ni nəzarətə götürdü – bəs Elmar Vəliyevin özü?!

Elmar Vəliyevin Qalib Əhmədovun qızına qarşı etdiyi əməlləri də baş prokuror tərəfindən nəzarətə götürülməlidir

Baş prokurorun birinci müavini Rüstəm Usubov noyabrın 7-də Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsində Kommersiya sektorunun müdiri vəzifəsində işləyən şəhər sakini Gülnar Günəşlini müraciəti ilə bağlı qəbul edib.

Bu barədə virtualaz.org-a Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

O bildirib ki, Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Məharət Mustafayev tərəfindən ləyaqətinin mütəmadi olaraq alçaldılması, hədələnməsi və ona qarşı yol verilmiş digər qanun pozuntuları ilə bağlı şikayətçinin göstərdiyi xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılması və qanunamüvafiq qərarın qəbul edilməsi üçün Gəncə Şəhər Prokurorluğuna müvafiq tapşırıqlar verilib.

E.Sultanov həmçinin bildirib ki, Gülnar Günəşlinin müraciəti üzrə araşdırma Baş prokuror Zakir Qaralov tərəfindən xüsusi nəzarətə götürülüb.

Xatırladaq ki, Gəncədəki müəssisələrdən birinin 27 yaşlı xanım məmuru Gülnarə Günəşli özünə qəsd etməyə cəhd göstərib. Buna səbəb Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Məharət Mustafayevin ona qarşı cinsi təcavüz hesab olunan addımlar atması olub. 58 yaşlı arvadbazın təklifini rədd edən xanım tezliklə işsiz qalıb.

Xural.com zaman-zaman Gəncədə bu tip hadisələrin olduğu haqqında yazılar dərc edib. Birbaşa Elmar Vəliyevin özünün Qalib Əhmədov adlı bir vətəndaşın qızı ilə yaratdığı skandal haqqında vətəndaş xural.com-a müraciət etmiş və o haqda böyük narazılıqların olduğu haqda yazılar dərc etmişdik. O zaman Qalib Əhmədov prezidentə müraciətində demişdi: ““Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev mənim sadəlövhlüyümdən istifadə edərək, 19 yaşlı qızımı 6 ay icra hakimiyyətində iş düzələtmək adı ilə “girov” saxlayıb, amma heç bir işlə təmin etməyib. Sonradan məlum oldu ki, Elmar Vəliyevin qızımla bağlı çirkin niyyətləri olub. O, qızıma dövlət məmuruna yaraşmayan və burada yaza bilmədiyim təklifləri edib. Bundan sonra qızım bu təklifləri rədd edərək işə getməkdən imtina edib. Bu haqda Sizə və müxtəlif dövlət orqanlarına ünvanladığım ərizə və məktublarda geniş və əhatəli yazmışam”.

Yəni Məharət adlı müavininin etdiyi yenilik deyil və xural.com olaraq bildiririk ki, Qalib Əhmədovun qızının da haqqında məsələni hörmətli baş prokuror şəxsən nəzarətə götürməli, o məsələnin də axırına çıxmalıdır. Məharət Mustafayevin etdiklərinə dərhal reaksiya bildirib, Elmar Vəliyevin etdiklərinə susqunluq nümayiş etdirmək ayrı-seçkilikdir və bu ayrı-seçkilik əhalini hakimiyyətdən narazı salmaqdan başqa bir şeyə yaramır. Xural.com-da Qalib Əhmədovun qızının məsələsi ilə bağlı bütün yazışmalar və lentə aldığımız videoçəkilişlər var. Onların bəzilərini yayınlasaq da, bəzilərini hələ yayınlamamışıq və onları prokuraturaya təqdim etməyə hazırıq.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button