«Əzizbəyov» körpüsü uça bilər!

Körpü titrəyir, yük maşınları isə hərəkəti davam etdirir

 Körpüdə onlarla iri çat yaranıb, qadağanedici işarəyə baxmayaraq, yolötürücünün üstündə ağırtonnajlı avtomobillər hərəkət edir

 Paytaxtın müxtəlif yerlərində bir çox yol nəqliyyat qovşaqları var ki, onların girişində “Ağır yük avtomobillərinin hərəkəti qadağandır” sözləri yazılmış stendlər qoyulub. Bu plakatlar yeni körpülərlə yanaşı, əsasən, köhnə və təhlükəli vəziyyətdə olan körpülərdə də quraşdırılır. Yüksək nəqliyyat intensivliyi müşahidə olunan və sözün əsl mənasında təhlükəli durumda olan bu cür körpülərdən biri də köhnə Əzizbəyov körpüsüdür.

Qeyd etmək yerinə düşər ki, metronun “Əzizbəyov” stansiyasının yaxınlığında yerləşən bu körpü 2007-ci ildə ağır duruma düşmüşdü.  1973-cü ildən istismarda olan yolötürücünün armaturlarının çürüməsi və dayaq dirəklərinin deformasiyaya uğraması üzündən onun əsaslı təmirinə böyük ehtiyac yaranmışdı. Hətta memarlar və yol mütəxəssisləri həmin obyektin sökülməsini təklif etmişdilər. Fikirlərini onunla izah etmişdilər ki, sözügedən körpüyə tələbat həmişə olduğundan uzunmüddətli tıxaclar olan zaman onun üzərində çoxsaylı maşınların dayanması və ya hərəkəti zamanı uçma prosesinin reallaşması istisna deyil. Ancaq sökülmə əməliyyatına start verilməyib və dayaqlarda aparılan təmir işləri ilə məhdudlaşdırılıb.

Yaxın günlərdə sözügedən ərazidən keçərkən burada da ağır yük avtomobillərinin hərəkətini qadağan edən plakatın olduğunu, amma buna baxmayaraq, buradan belə maşınların daim keçdiyini görmüşdük. Ona görə də məsələni yerində araşdırmaq məqsədilə əraziyə üz tutduq. Metrodan çıxıb köhnə körpüyə doğru gedirik. Körpünün qurtaracağındakı elə ilk çat nəzərimizi cəlb edir. Daha sonra təxminən 500 metr uzunluğu olan körpü boyu irəliləyirik. Bu zaman məlum olur ki, körpü hər 15-20 addımdan bir çatlaq vəziyyətdədir. Bu çatlar körpünün eninə doğru sıra ilə uzanıb gedir. Yolun yarısına çatanda artıq 15-dən çox çat qeyd eləmişdik. Bu vaxt yoldan keçən ağır tonnajlı yük avtomobilləri həmin çatların üstüylə hərəkət edərkən ayaqlarının altında körpünün tərpəndiyini çox aydın şəkildə hiss edirsən. Beləcə, çatları saya-saya gəlib çatırıq körpünün digər girişinə. Nə az, nə çox – düz 30 iri çat saydıq. Hələ xırda çatları demirik…

Körpünün bu hissəsində yekə bir plakat quraşdırılıb. Üzərində isə belə yazılıb: “Ağır yük avtomobillərinin hərəkəti qadağandır”. Maksimal yükün çəkisi də göstərilib – 10 ton. Lakin ərazidə olarkən körpü üzərində 10 tondan dəfələrlə ağır yük maşınlarının necə intensiv hərəkət etdiyini görürük. İstənilən adam burada cəmi bir neçə dəqiqə ərzində ən azı 5-6 ağır yük avtomobilinin körpüdən keçməsini müşahidə edə bilər. Daha sonra körpünün altına düşürük. Vəziyyət həqiqətən də ürəkaçan deyil. Körpünün altında durarkən yuxarıdan keçən maşınları saymaq mümkündür. Ona görə ki, avtomobilin təkərləri yuxarıdakı çatlardan keçdikcə səs salır. Xüsusilə, ağır nəqliyyat vasitələri körpüdən keçdikdə, səs daha çox gəlir. Bu, bir növ qatar relsindən gələn səsi xatırladır…

Vəziyyətdən də göründüyü kimi, köhnə Əzizbəyov körpüsü həqiqətən də təhlükəli durumdadır. Qadağalar qoyulmasına baxmayaraq, ağır yük avtomobilləri yenə də bu yoldan istifadə edirlər. Mütəxəssislər isə bunun günahını sürücülərdə görür. Çünki onlara avtomobili normadan artıq yükləməmək tapşırılsa da, buna əməl olunmur.

“Xural” qəzeti,

il 9, sayı: 052 (461), 06 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button