Kəmaləddin Heydərov «boks qurbanı»nı tapıb?

Yaxın zamanlarda «fövqəlnazir»in yaxın adamlarından biri cinayəti üstlənə bilər…

 Foreign Policy Association İnternet nəşri qarşıdakı London olimpiadasında iki qızıl medal qazanmaq məqsədilə Azərbaycanın rəsmi şəxslərinin Beynəlxalq Boks Federasiyasını ələ almaq cəhdləri ilə bağlı BBC–nin materialının ətrafında yaranmış qalmaqal barədə Karl Raderin məqaləsini dərc edib.

Bu reportaj böyük qalmaqala və bu işin araşdırılması üzrə xüsusi komitənin yaradılmasına səbəb olub. Belə ki, BBC-nin Newsnight proqramı sentyabrın 22-də göstərib ki, Beynəlxalq Həvəskar Boks Federasiyası iki azərbaycanlı boksçunun Olimpiya qızıl medalı ilə təmin olunmasının müqabilində İsveçrə bankının vasitəsilə Azərbaycanda gizli mənbədən ən azı 9 milyon dollar alıb. Newsnight adları çəkilməyən iki nəfərə, həmçinin Assosiasiyanın direktoru İvan Xodabaşla Azərbaycan hökumətindəki məmur arasında elektron yazışmaya istinad edib. Reportajda FHN əməkdaşının nazir Kəmaləddin Heydərovun adından Xodabaxşa göndərdiyi məlumat yer alıb.

K.Heydərov Boks Federasiyasının rəhbəridir, Azərbaycanda üç və ya dörd ən nüfuzlu şəxslərdən biridir. Onun ailəsi isə “Azərbaycanda ikinci ən güclü kommersiya ailəsi” kimi qiymətləndirilir. Öz növbəsində Boks Assosiasiyası bildirib ki, nazir naməlum azərbaycanlı investorun adından hərəkət edib və onun bu işə şəxsən bağlılığı barədə heç bir sübut yoxdur. Odur ki, pulların şəxsən Heydərovdan və ya Azərbaycan hökumətindən daxil olduğunu söyləmək olmaz.

Lakin Assosiasiyasının nümayəndələri bildiriblər ki, informasiya mənbəyi keçmiş narazı əməkdaşdır və o, işdən çıxarılıb. Əsasən, Ceff Bens nəzərdə tutulur. O, əvvəllər ABŞ Olimpiya Komitəsinin baş hüquq məsləhətçisi olub. İşdən çıxarılmasına marketinq strategiyası və xərclərlə bağlı Xodabaxşla münaqişəsi səbəb olub.

Lakin araşdırma müəllifi bu qədər böyük məbləğin yalnız qızıl medallar haqda vədlərin müqabilində olması ehtimalını şübhə altına alır. Bununla belə, BBC-nin ən güclü sübutları iki anonim mənbədir. Belə ki, onlar bildiriblər ki, pulun müqabilində olimpiya medalları azərbaycanlı boksçulara veriləcək. 

Assosiasiya ittihamları rədd edərək bildirib ki, bu, xarici investorla qanuni sövdələşmə olub, onun əksini söyləyənlər isə vaxtilə Assosiasiyadan kənar ediliblər.

Məqalə müəllifi qeyd edir ki, belə olan vəziyyətdə ən yaxşı variant müstəqil araşdırmanın aparılmasıdır. Çünki Assosiasiyanın daxilində aparılan yoxlama çətin ki obyektiv olsun.

Qeyd edək ki, bu ilin aprelində Boks Assosiasiyasının ABŞ bölməsinin işçilərindən biri Erik Parten Assosiasiya rəhbərliyinə qarşı iddia qaldıraraq onu 2010-2011-ci illərdə hər biri 5 milyon dollar olmaqla üç tranşda 15 mln. dolların idmançılara verilməməsində ittiham edib. Bu, dolayısı ilə göstərə bilər ki, Assosiasiya naməlum azərbaycanlı investorun vəsaitindən öz problemlərinin həllində istifadə edə bilər.

Maraqlıdır ki, dünya mətbuatı bu məsələ ilə bağlı ciddi şəkildə araşdırmalar aparmaqdadır. Hazırda ortada olan iş adamının kimliyi ilə bağlı araşdırmalar aparan mətbuat, bu adamın böyük ehtimalla K.Heydərova kifayət qədər yaxın olduğu ehtimallarını irəli sürür. Məlumatlara əsasən, bu iş adamı milyonlarla dollarlıq hesaba sahibdirsə, böyük ehtimalla «fövqəlnazir»in yaxın çevrəsində olan adamlardan biridir. Hətta bu məsələ ilə bağlı aldığımız məlumatlardan belə anlaşılır ki, son zamanlar «Jalə» şirələrinin sıradan çıxarılması istiqamətində yerli mətbuatda aparılan kampaniya da yersiz deyilmiş. Böyük ehtimallarla bu pullar xarici ölkələrdə böyük əlaqələri olan Qəbələ Konserv Zavodunun rəhbərliyində təmsil olunan adamlara məxsus şəxslərin hesabından köçürülə bilərdi.

Və son zamanlar zavodun xarici əlaqələri ilə bağlı informasiyaların yayılması da təsadüfi deyilmiş. Məlumat verən mənbə bildirir ki, əslində, bu informasiyalar tam olaraq həqiqəti əks etdirib. Buna baxmayaraq, Kəmaləddin Heydərov özü üçün həm də bir ehtiyat enmə zolağı da yaradıb.

Ola bilsin ki, «fövqəlnazir» özünü təmizə çıxarmaq məqsədilə yaxın çevrəsində olan adamlardan birini qurban verəcək. Bu mövzuda söhbətləşdiyimiz kriminalistlər də iddia edirlər ki, hüquq praktikasında əslində, bu kimi hallara rast gəlmək mümkündür. İİki halda kimsə cinayəti üstlənir və təmənna ilə bunun qarşılığında həbsə girməyə razılaşır. Lakin söhbət kifayət qədər azad hüquqi məkan olan Avropadan getdiyindən bu planın asanlıqla baş tuta biləcəyi az inandırıcı görünür.

“Xural” qəzeti,

il 9, sayı: 052 (461), 06 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button