«Guya mən 2013-cü ildə Eynulla Fətullayevi prezident seçdirəcəm?»

Vəkil ölkə başçısından təhlükəsizliyinə təminat istədi

 Media hüquqlarının müdafiəçisi, vəkil Elçin Sadıqov  dövlət başçısı İlham Əliyevə, Prezident Admistrasiyasının rəhbəri  Ramiz Mehdiyevə,  hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova müraciət edib.

Müraciətdə deyilir: “Nəzərinizə çatdırıram ki, mən Azərbaycan Vəkillər Kollegiyasının üzvüyəm,  fərdi qaydada fəaliyyət göstərən vəkiləm. Heç bir siyasi partiyanın üzvü deyiləm və heç bir siyasi fəaliyyətlə məşğul olmuram. Azərbaycanda və dünyada ölkəmizin mediasını, jurnalistləri müdafiə edən müstəqil, prinsipial vəkil kimi tanınıram. Mülki, inzibati və cinayət mühakimə icraatlarında mətbuat qurumlarını və jurnalistləri müdafiə edirəm. Məqsədim ölkəmizdə söz və mətbuat azadlığının inkişaf etdirilməsidir. Belə ki, demokratik dövlət geniş söz azadlığı olmadan yaşaya və inkişaf edə bilməz. Hər kəsin ifadə azadlığı olmayan yerdə xalqın iradəsi hökmran ola, cəmiyyət və dövlət səmərəli idarə oluna, insan haqları təmin oluna, ədalətli, hüququn alililiyinə söykənən cəmiyyət var ola bilməz.

Lakin mətbuatı və jurnalistlərin hüquqlarını müdafiə etdiyimə görə əsassız təqiblərə məruz qalıram. Belə təqiblərdən biri də tanımadığım Bayram Əliyev adlı şəxsin mənim  barəmdə sizə, milli təhlükəsizlik naziri Eldar Mahmudova və Azərbaycan Vəkillər Kollegiyasının sədri Azər Tağıyevə  şikayət etməsidir. Bu şikayətlə əlaqədar təcili olaraq Vəkillər Kollegiyasına çağırıldım və şikayətin mətni ilə tanış oldum.

B.Əliyevin şikayətinin mətni belədir: «Bildirirəm ki, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Sadiqov Elçin Əli oğlu ölkəmizi istəməyən xarici ölkələrin səfirləri ilə birləşib, Azərbaycan Milli Məclisinin müxalifətyönlü deputatları ilə əlbir olub, əldə etdiyi külli miqdarda pulların hesabına hakimiyyətə qarşı güclü təbliğat aparır. Bununla o, müdafiə etdiyi jurnalist Eynulla Fətullayevi 2013-cü ildə keçiriləcək növbəti prezident seçkilərində prezident seçdirəcək,  ozü isə Vəkillər Kollegiyasının sədri olacaq. Rəhbərini, xalqını və vətənini sevən bir insan kimi xahiş edirəm ki, Vəkillər Kollegiyasının üzvü Sadiqov Elçin Əli oğlunun barəsində indidən ciddi tədbirlər görəsiniz. Rəhbərini, xalqını və vətənini sevən Bayram Əliyev (ünvan: Bakı ş, M.Əliyev küçəsi, mənzil 10)”.

Daha sonra  vəkil Sadıqov davam edir: “Bu, mənə qarşı həyata keçirilən çirkin və böhtan xarakterli təxribatdır. Barəmdə belə ərizələr tərtib edilərək təqib olunmağım yolverilməzdir. Bu təxribatı təşkil edənlərin düşüncəsi 37-ci ildən bu tərəfə adlamayıb. Elə bilirlər ki, məni bu saxta üsulla yolumdan döndərəcəklər.”

 Vəkil müraciətində ona qarşı həyata keçirilən bu təxribatın qarşısının alınmasına, təxribatçıların cəzalandırılmasına, Vəkillər Kollegiyası tərəfindən əsassız təqib olunmasının qadağan edilməsinə və təhlükəsizliyinin təmin olunmasına göstəriş verilməsini xahiş edib.

“Xural” qəzeti,

il 9, sayı: 046 (454), 29 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button