«Məhkəmənin hökmü ədalətsizliyin təntənəsi idi»

Anar Qasımlı

Hüquqlarını müdafiə etdiyimiz şəxslərin hansı müddətə azadlıqdan məhrumetmə cəzası alması az əhəmiyyət kəsb edir. Söhbət bu insanların cinayət məsuliyyətinə cəlb edilməsindən gedir. Bu insanlara bir il də cəza verilməsi ədalətsizlik olardı. Biz cəzanın az və ya çox olması üzərində dayanmırıq”. Bakı Ağır Cinayətlər Məhkəməsində barələrində hökm oxunan islamçılardan Mövsüm Səmədovun və Rufulla Axundzadənin vəkili Anar Qasımlı “Media forum” saytına açıqlamasında belə deyib.

Vəkil oktyabrın 7-də çıxarılan hökmü rəzalət və ədalətsizliyin təntənəsi kimi qiymətləndirib: “Rufulla bəy hökm oxunarkən dedi ki, bizə ömürlük həbs cəzası verin, niyə hansısa müddətə hökm verirsiniz… Bəli, söhbət illərdən deyil, mahiyyətdən gedir. Məhkəmə iclaslarında çox pozuntu olmuşdu. Hakim hökmü oxuyub deyir ki, “məhkəmə iclasında tədqiq olunmuş filan sübuta əsasən…”. Axı heç bir sübut olmayıb. Heç olmasa bunu edəydin, əgər bu hökmü çıxaracaqdınsa… 20-30 nəfər şahid dindirildiyi kimi maddi sübutlar tədqiq olunardı, protokollara baxılardı və s. Lakin biz nə gördük? Tədqiq olunmayan sübutlar əsasında hökm çıxarıldı”.

Vəkil hökmün hazırlanması ilə bağlı bir neçə nüansa da toxunub: “Hakim hökmdə elan edir ki, Mövsüm Səmədovun əvvəllər məhkum olunmamasını, eləcə də himayəsində azyaşlı uşağın olmasını yüngülləşdirici hal kimi dəyərləndirir. Lakin nəticədə dövlət ittihamçısının istədiyi 12 il azadlıqdan məhrumetmə cəzasını tətbiq edir. Hansı cəza yüngülləşib, bəlli deyil. Eyni hal Zülfüqar Mikayılzadəyə də aiddir. Onun üçün yüngülləşdirici hal kimi gənc olması göstərilmişdi. Amma demək olar, prokuror nə iş istəmişdi, onu da aldı. Bu, hüquqsuzluq, hüququ nəzərə almamaqdır”.

Hökmün oxunmasının çox çəkməsinə gəlincə, vəkil məhkəmə zalında da bir çaşqınlığın olduğunu vurğulayıb: “Biz də əvvəl elə bildik ki, hakim Eldar İsmayılov ittiham aktını oxuyur. Təxminən 2 saat yarım çəkdi. Biz də bunu hakim Eldar İsmayılovun öz cəzası kimi qiymətləndirdik ki, ittihamı oxuyur. Hətta sonda səhifələrdən iki-üçünü ötürürdü və bu da rabitəsizlik yaradırdı”.

Anar Qasımlı 7 oktyabr hökmündən şikayət olunacağını, ölkə daxilində bütün instansiyalardan keçiləcəyini, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunacağını deyib: “Mən Mövsüm Səmədov həbs olunan gündən onun müdafiəsindəyəm. İstər onun inzibati qaydada həbs alması, istər həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməməsi və digər hallarla bağlı ölkə daxilində bütün instansiyalardan keçib və həmin işlər üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətlər edilib. Bu hökmdən də ölkə daxilində bütün instansiyalardan keçilib Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlər olacaq. Yəqin ki, Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci – “Azadlıq və toxunulmazlıq hüququ”, 6-cı – “Ədalətli məhkəmə araşdırması hüququ”, 10-cu – “Fikri ifadə etmək azadlığı” və 13-cü – “Səmərəli hüquqi müdafiə vasitələri vasitələri hüququ” və digər hüquqlarının pozulması ilə bağlı şikayətlər veriləcək”.

“Xural” qəzeti,

il 9, sayı: 054 (463), 08 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button