«Tərəqqi» uşaqları sevindirdi

Novruz bayramı 100 körpəyə sevinc gətirdi…

Novruz bayramı elimizdə böyük təntənə ilə qeyd olunur. Ümumel bayramı olan bu Ulus gününə hazırlıq elə Novruzun bitimi ilə də başlayır. Yəni elimizin əziz bayramına demək olar ki, bir il sərasər hazırlıq gedir. Təbii ki, bu hazırlıq təkcə sıravi insanlarımızda, bu günün həsrətini çəkən qürbətçilərimizdə olmur, Novruzu həm də ölkəmizin rəsmi və özəl qurumları da eyni həyəcanla qarşılayır. «Tərəqqi» Sosial İnkişaf İctimai Birliyi də belə Qeyri-Hökumət Təşkilatlarından biridir. Birlik bu il Novruza xüsusi hazırlaşmışdı. Belə ki, qurum Novruz bayramı münasibətilə uşaqları sevindirmək qararına gəlmişdi. 100 nəfər uşağı əhatə edən Novruz şənlikləri də bu qəbildən idi. Şənliyi «Tərəqqi» Sosial İnkişaf İctimai Birliyi «Caspian Pipe Coatings» təşkilatının dəstəyi ilə həyata keçirirdi. Uşaqlar Bədən Tərbiyəsi və İdman Akademiyasının böyük və yaraşıqlı zalında toplaşmışdılar. Onları Azərbaycanın tanınmış aktyorları gözləyirdi. Bir neçə saat davam edən tədbir boyunca uşaqlar doyunca əyləndilər və sonra da hər birinə «Tərəqqi» Birliyinin hazırladığı xüsusi hədiyyələr təqdim olundu. Uşaqların gözlərindən yağan sevinc hisslərini görməmək mümkün deyildi. Onlar bu günün xatirəsini bir ömür boyu özlərində yaşadacaqdılar təbii ki. İllər keçsə də, xüsusi hazırlanmış günlər insanın yaddaşından silinmir və balacaların bu dəfəki bayram tədbirləri də belə xüsusi hazırlanmış günlərdən idi.
Tədbirdən sonra «Tərəqqi» İB-nin direktoru Telman Dadaşov uşaqları və valideynləri millətimizin bu ən əziz bayramı münasibətilə bir daha təbrik etdi. Onun sözlərinə görə, uşaqları hələ qarşıda çox özəl günlər gözləyir: «Bir çox planlarımız var. Yay tətilində təxminən 50 məktəblini ölkəmizin dilbər guşələrindən birində düşərgəyə aparmaq planı üzərində işləyirik. Biz bunu bir neçə dəfə etmişik və bu il də etməyi düşünürük. Bundan başqa, daha bir neçə layihələrimiz var ki, onların bəziləri gerçəkləşmə ərəfəsindədir. İndiki zamanda nə qədər məsuliyyətli olduğumuzun fərqindəyik. Çalışırıq ki, bütün işlərimiz inkişafa istiqamətlənsin. Çünki məqsədimiz uşaqların həyatında baş verən dəyişikliklərə öz töhfələrimizi verməkdir. İnanırıq ki, buna imkanlarımız çatacaq və körpələrimizin gözlərinə daha çox sevinc payı bəxş edə biləcəyik.»

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 012(420), 27 mart-02 aprel 2011-ci il


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button