Əfqan Sadıqov 50 gündür aclığı davam etdirir

Azel TV internet nəşrinin təsisçisi Əfqan Sadıqov 50 gündür aclıq edir.

Onun həyat yoldaşı Sevinc Sadıqovanın Turan-a verdiyi məlumata görə, ondan artıq qıcolmalar başlayıb, tez-tez huşunu itirir, yeriyə bilmir, oynaqlarında kəskin ağrılar baş qaldırıb.

Hazırda o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə yerləşdirilib.

“Əfqan qida və su qəbulundan, süni qidalandırıcı maddələrdən imtina edib. Vəziyyəti çox ağırdır, onu hər an itirə bilərik”, deyə Sadıqova bildirib.

Onun sözlərinə görə, Ə.Sadıqovun apellyasiya şikayətinə dekabrın 25-i saat 10:30-da baxılacaq.

“Onun dekabrın 25-dək yaşayıb-yaşamayacağı məlum deyil. Ölkə prezidentinə, onun yaxşı işi ilə tanınan köməkçisi Hikmət Hacıyevə müraciət edirəm. Prezidentə çatdırın ki, günahsız bir vətəndaş, heç bir cinayətdə, korrupsiya faktında əli olmayan, heç bir vəzifə daşımayan jurnalist Əfqan Sadıqov müalicə müəssisəsində ölür. Əfqan həyatını itirsə nə dövlət, nə hakimiyyət, nə də məmurlar heç bir xeyir əldə etməyəcək”, deyə Sadıqova qeyd edib.

Azel.TV-nin rəhbəri Əfqan Sadıqov bu ilin mayında hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə həbs edilib. Noyabrın 3-də məhkəmə onu yeddi il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Noyabrın 4-dən etibarən o, ədalətsiz hesab etdiyi hökmə etiraz əlaməti olaraq aclıq elan edib.

Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button