Əli İnsanovun adamlarından quru təşəkkür də görmədim

Rizvan Talıbov

«Mən bu 50 ildə cinayət etməmişəm və etmərəm də. Ancaq günahsız yerə həbs olundum və 4 il azadlıqdan məhrum edildim. Qondarma və saxta ittiham üzrə həbs verdilər. Əslində, həbsim ictimai-siyasi fəaliyyətimlə bağlı idi. Xüsusilə, sabiq səhiyyə naziri Əli İnsanovun hüquqlarının müdafiə komitəsinə rəhbərlik etmişəm”.

Bu sözləri Qərbi Azərbaycana Qayıdış Birliyinin sədri, Haqq və Ədalət siyasi blokunun həmsədri Rizvan Talıbov keçirdiyi mətbuat konfransında səsləndirdi. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) mətbuat zalında keçirilən tədbirdə R.Talıbov həbs olunmasının səbəblərinə aydınlıq gətirdi. O bildirdi ki, ötən 4 il ərzində ölkə başçısına dəfələrlə müraciət edib: “Ancaq belə aydın olur ki, müraciətlərim prezidentə çatmayıb. Heç bir cinayət törətmədiyim halda 4 il azadlıqdan məhrum edildim və ağır şərtlər altında zindanda saxlanıldım.

2007-ci ildə yaşadığım Sumqayıt şəhərin polis bölməsinə aparılmışam. Həbsin səbəbi isə saxta və gülüncdür. Guya küçədə heç bir səbəb olmadan tanımadığım İlham Şərifov adlı vətəndaşı nalayiq söyüşlərlə təhqir etmişəm, xuliqanlıq törətmişəm. Sonradan məlum olub ki, həmin bu şəxs spirtli içki və narkotik aludəçisidir”.

R.Talıbov qeyd etdi ki, məhkəmələr də hökmün onlardan asılı olmadığını etiraf ediblər: “Sumqayıt prokurorluğu, məhkəmələr deyirdi ki, bizlik deyil. Bu iş sifarişli qərar idi. İttihamda göstərilir ki, guya həmin şəxsi sağ əlimlə vurmuşam. Məlum oldu ki, mənim sağ əlim anadangəlmə iflicdir. Onu necə vura bilərdim? Bütün bu saxtakarlıqlar sübut olunsda da, cəza verildi. Həbs dövrümdə həyatıma iki dəfə sui-qəsd olunub. Mənşəyi məlum olmayan qidadan zəhərlənmişəm. Çox şükür ki, sağ-salamatam”. R.Talıbov həbsi dövründə hüquq müdafiəçilərinin lazımi səviyyədə dəstək verməməsindən gileyləndi: “Hüquq müdafiəçiləri dəstək olmadılar. Mən ilk hüquq müdafiəçisi idim ki, həbs olunmuşdum. Məndən sonra isə Eynulla Fətullayev, Qənimət Zahid, indi də Vidadi İsgəndərov, Arif Hacılı və başqaları məhbus həyatı yaşayır. Hüquq müdafiəçilərinə müraciət edirəm ki, bu işlərin üstünə gedək. Azərbaycan hüquqi dövlətdir, ancaq hüquqi nihilizm var. Bir vaxtlar haqsızlıqları görən Əli İnsanov, Fərhad Əliyev, Elşad Abdullayev susurdular. Vəzifədən gedəndən sonra hər şeyi açıb tökürlər”. R.Talıbov nə azadlıqda olarkən, nə həbsi dövründə, nə də azadlığa çıxandan sonra Əli İnsanov və ona yaxın çevrədən quru təşəkkür belə almadığını söylədi: “Əli İnsanov işində çox çaba sərf etdim. Elə həbsimin əsas səbəblərindən biri də bu iş idi. Ancaq buna görə quru minnətdarlıq belə görmədim. Mən onu müdafiə edəndə maddiyyat güdmürdüm. Ancaq qarşı tərəf zəhmətimizi qiymətləndirmədi. Həbsdən çıxandan sonra da onun yaxınlarından kimsə zəng edib göz aydınlığı vermədi”.

R.Talıbov gələcəkdə görüləcək işlərdən də danışdı: “4 illik həbs həyatım Qərbi Azərbaycana Qayıdış Birliyinin işlərini ləngitdi. Artıq fəaliyyətimizi bərpa etmişik. Qərbi azərbaycanlıların pozulan hüquqları və problemləri ilə balı işlərimizi davam edəcəyik. Qarşıdan prezidnet seçkiləri gəlir. Bizim öz namizədimiz olacaq. Ancaq hələlik kimliyi məlum deyil. Təşkilatın ali məclisində namizədi müəyyən edəcəyik”. R.Talıbov Əli İnsanovu namizəd kimi görmədiklərini dedi: “Allah qapısını açsın, indi onun üçün ən vacib məsələ azadlığa çıxmaqdır”.

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button