Əsl azərbaycanlı kimi yaşamaq

 Şükür Allaha, deyəsən dünyada əsl azərbaycanlı kimi yaşamaq istəyənlər də var imiş. Görəsən o əsl «təzə azərbaycanlı» kimi yaşamaq istədiyini deməyib? Axı hər şey çoxluqla götürülür. Əgər on nəfərin altısı səfil, ikisi kasıb, ikisi də varlıdırsa, deməli, bu onluq kasıblara aiddir. Eynən Azərbaycanda da belədir. Sadəcə mən bir az vəziyyəti daha dözümlü göstərdim. Əgər əhalisinin iki milyonundan çoxu xaricə çorək pulu dalınca gedibsə, unikal iqtisadi inkşafa malik olan dövlətin əlil və pensiyaçıları yarıac vəziyyətdədirsə, görün şərait nə yerdədir. Bu reallıqdır.

Yəni rəsmi şişirdilmiş və bəzədilmiş tablo deyil. Adi məntiq bunu təsdiq etməyə imkan verir. Pensiyaya çıxmaq vaxtını qorxu ilə gözləyən müəllimlər və həkimlərdən soruşmaq olar əsl azərbaycanlı kimi yaşamağın qaydalarını. Bir dövlət ki, öz vətəndaşlarının əmanət kassalarında qalmış pullarını qaytarmır, gündə min cür bəhanə ilə qeyri-müəyyən vaxta saxlayır, hansı inkşafdan söhbət gedə bilər? Düzdü ola bilər, kimlərinsə bank hesablarında rəqəmlər hər an böyüsün. Amma bu hələ dövlətin iqtisadi inkşafına yox, onun korrupsioner-cinayətkar mühitinə işarədir. Bu qədər işsizi, acı, səfili olan dövlətdə kiminsə əsl vətəndaş olmaq istəməsi məncə anormaldır və ya yazarın öz təxəyyülünün məhsuludur. A kişilər, gedənlərin hamısı yaşadıqları ölkənin vətəndaşı olmaq üçün mücadilə aparan bir vaxtda istəyirsiniz mən inanım ki, kimsə gəlib əsl azərbaycanlı olmaq istəyir? Əsl azərbaycanlı olmaq üçün gərək illərlə işsiz qalasan, gedib qünəmuzd iş tapasan və yaxud harada işləməyindən asılı olmayaraq, kimə nə qədər rüşvət verməyi öyrənəsən. Əsl azərbaycanlı olmaq üçün yaltaqlığı sənət əsərinə çevirməyi bacarmalısan, üzə durmağı bacarmalısan. Bax gör, əsl azərbaycanlı olmağın hələ bu bir balaca hissəsidir. Yoxsa qızların şalvarını, evdə bişən xörəkləri tərifləməklə əsl azərbaycanlı olmaq olmaz. Baxın, əsl azərbaycanlı müəllimi və həkiminin öz özəllikləri var. Əsl Azərbaycan müəllimi olmaq üçün seçkilərdə saxtakarlıq etmək bacarığın yetər. Sənin pedaqoji yararlılığın ikinci plandadır və o da verəcəyin məbləğə bağlanır. Bu əsl azərbaycanlını yetişdirən müəllimdir. Həkimlərdən isə heç danışmağa dəyməz. Həkimdir da…

Hətta hökümət də bu reallıqları bildiyi üçün onların əmək haqlarını artırmır. Həkim və müəllimdir da…

Axı onlar əsl azərbaycanlıdırlar və gələcəyin əsl azərbaycanlılarını yetişdirirlər. Bu yazdıqlarım əsl azərbaycanlı olmağın az bir hissəsidir. Bax, mən bunları bildiyim üçün Manto cənablarının əsl azərbaycanlı olmasına təəccüb etdim. Həm də ən maraqlısı budur ki, əsl azərbaycanlı olasan bayırda hökuməti tərifləyəndən sonra evdə hökuməti söyməyəsən? Olamaz!

Amma deyəsən, bir balaca bu müsəlman qardaşımızda əsl azərbaycanlılığın işarətlərini gördüm. Ən azından, prezidentin oğlunu tərifləməyindən. Bu oxşadı. Belə getsə deyəsən, sayımız artacaq və gedənlərin yerini təzə nəsil əsl azərbaycanlılarla dolduracağıq. Onsuz da azərbaycanlı deyəndə bu məkanda yaşayanlar nəzərdə tutulur.

 P.S. Deyəsən, cənab Manto sadəcə bir az siyasət işlədib. O, əslində əsl «təzə azərbaycanlı» olmaq istədiyini demək istəyib. Axı qenetik fransız olmasan da, Fransa çörəyini yeyəsən, Fransa suyunu içəsən, fransız torpaqlarında gəzəsən, Robespyerin Maratın, Dantonun ideyalarından, Hüqonun, Sartrın fəlsəfəsindən bəhrələnməyəsən. Çünki bəhrələnən adam əsl azərbaycanlı olmaq istəməz. Bəhrələnən adam çörəyini yediyi bu haqsızlıqlar ölkəsindən bacardığı qədər uzaq qaçar. Əgər ehtiyac onu məcbur edib bura gətiribsə, ən azından susar.

 “Xural” qəzeti,

il 9, sayı: 044 (452), 27 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button