Əvəz Zeynallı əfv sərəncamını dəyərləndirdi: “Sevincimiz buruqdur!”

Əvəz Zeynallı prezident İlham Əliyevin bu gün imzaladığı əfv fərmanı haqda özünün facebook səhifəsində status yazıb. Xural.com Əvəz Zeynallının statusunu təqdim edir:

Gözlənilən əfv fərmanı verildi. Prezidentə təqdim olunan 55 nəfərlik siyahının 52 nəfəri azadlığa buraxıldı. Son illərin ən çox siyasi məhbusu əfv edildi. 52 nəfər az deyil. Bir də bu miqyasda 2004-cü ildə siyasi məhbuslar əfv olunmuşdu. O zaman siyahıda 134 siyasi məhbus vardı.
Çox ciddi və sanballı siyahıdır. Doğrudur, sevincimiz buruq oldu bir az, içəridə yenə elə dostlarımız qaldı ki, adam tam sevinə bilmir, amma bu siyahını da yabana buraxmaq olmaz. Əli İnsanovun, Gözəl Bayramlının, İlkin Rüstəmzadənin, Qiyas İbrahimlinin, Bayram Məmmədovun, Elgiz Qəhrəmanlının, Fuad Qəhrəmanlının, Rüfət Səfərovun, Rəşad Ramazanlının, Fikrət Fərəməzoğlunun, Qorxmaz Camalovun, Murad Ədilovun, Elnur Seyidovun, Tofiq Həsənlinin, Əlikram Xurşudovun, Nicat Əliyevin və digərlərinin əfv olunması son günlərin yumşalma siyasətinin önəmli bir tərkib hissəsidir. Mənim şəxsən inamım artdı ki, nələrsə ola bilər. Bir daha təsdiq olundu ki, illərdir adamların ömrünü oğurlamaq yanlış siyasətdir və insanları bir çırpıda azadlığa buraxmaq mümkündür və olar. Seymur Həzinin, Səid Dadaşbəylinin, Əfqan Muxtarlının, Fuad Əhmədlinin, Asif Yusiflinin hansı məntiq və təfəkkürlə içəridə saxlanıldığı mənə yenə məlum olmadı. Ciddi “srok”lar əfv edilib, bəs az qalan müddətlər niyə buraxılmayıb, anlaşılacaq bu günlərdə.
Ancaq eyforiyaya düşmək də olmaz. Unutmayaq ki, bu hakimiyyət siyasi məhbus istehsal etməyə və adamları şərləyib içəri doldurmağa hər an hazır şəkildə gözləyir. Cəmiyyət ayıq və tələbedən olmalıdır. İmitasiyaya yol vermədən azad medianın və müstəqil məhkəmələrin önünü açmalı, dərin islahatlar aparılmalıdır. Siyasi məhbus yaradan şərait ölkədə bütün gücü ilə işləyir. Biz siyasi məhbus yaradan şərtləri, işverənlər və üzəduranlar ordusunun məhkəməyə uzanan əllərini kəsməli, o şəraiti ortadan qaldırmalıyıq. Bunun üçün isə başda məhkəmə olmaqla hüquq mühafizə orqanlarında islahatlara başlamalıyıq. Başqa yol yoxdur, artıq aşağılar əvvəlki kimi idarə olunmaq istəmirlər.
Bütün hallarda əfvə düşən bütün siyasi məhbusları və onların ailələrini təbrik edirəm. Bir daha Allah ayırmasın!

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button