Əvəz Zeynallı yazır: “Merkelin səfəri necə yozulmalı?”

Merkellə görüş ciddi diskussiyaya səbəb olub. “Kim görüşüb, niyə görüşüb” misali. Açığı, müzakirələr məncə başqa istiqamətə yönəlməlidir. Son illər Azərbaycana çox ölkə lideri gəlib, onların heç biri Azərbaycanın Vətəndaş Cəmiyyətinin təmsilçiləri ilə görüşməyiblər. Yəni biz belə şeyləri çoxdandır yadırğamışıq artıq. Ancaq Merkel bu zamanda, bu məqamda, bu şəraitdə Azərbaycana gəlir, olmaz deyilən şeyi edir, “aslanın ağzından pay alır”, Azərbaycanın Vətəndaş Cəmiyyətinin önəmli təmsilçiləri ilə görüşür, onlarla 1 saat Azərbaycanın problemləri haqqında müzakirə aparır, dinləyir, danışır və gecəni Bakıda qalmadan – cəmi 6 saatdan sonra çıxıb gedir (Amma qonşu ölkələrdə gecələmişdi). Bu, çox önəmli hadisədir, dostlar! Merkel Ermənistanda küçədə insanlarla səmimi görüşüb, Gürcüstanda xorda oxuyub, bəs Azərbaycanda?! Bax, bu görüş Ermənistanda “insanlarla səmimi söhbətin”, Gürcüstanda isə “xor”un əvəzidir, biləsiniz. Deməli, yalnız buna imkan olub. Deməli, bizim “qırğı”ların əlindən yalnız bu qədərini ala biliblər. Təbii ki, bizim bilmədiyimiz təfərrüatlar da var yəqin, amma görünən odur ki, Merkeli Ermənistanda və Gürcüstanda olduğu kimi səmimi qarşılamayıblar və Merkel də buradan razı getməyib.

Avropanın bütün zamanlarda ən nəhəng dövlətinin Kansleri indiki məqamda Azərbaycan rejiminin repressiyasının tüğyan etdiyi bir zamanda 1 saat 5 Vətəndaş Cəmiyyəti fəalı ilə görüşür. Bağışlayın məni, bu, Ərdoğan deyil, Ruhani deyil, hansısa Rumıniya-mumuniya da deyil, Putin belə deyil, bu, Avropanın əfəndisidir – Almaniyadır, Merkeldir. Bunu bilmək və anlamaq o qədər çətin olmamalıdır. Həm də bu tip görüşlərdə hətta 5 nəfər də artıqdır. 3 olsa daha yaxşı olardı. Nədən ki, dünyanın ən nəhəng ölkəsinin 1-ci adamına problemləri daha çox və daha ətraflı əks etdirmək üçün adam nə qədər az olsa, o qədər effektlidir. Bu, çay söhbəti deyil, xatirə danışmağa da bənzəməz, boğazdan yuxarı nağıllara isə heç bənzəməz. Bu, dünya tarixinin ən qüdrətli demokratiyalardan birinin, “özünü aşmış” bir millətin Kanslerinin Azərbaycanın Vətəndaş Cəmiyyətinə verdiyi gözəl bir töhfədir – onu sayması, onunla hesablaşmasıdır. Mən şəxsən çox sevindim və qismən rahatladım.

Mənim məlumatlarıma görə, Kanslerə 1 saat ərzində problemlər yüksək səviyyədə və peşəkarcasına çatdırılıb. Siyasi məhbuslardan, ölkədə tüğyan edən repressiyalardan, korrupsiyadan, rüşvətdən, özbaşınalıqdan, qadın hüquqlarından, Vətəndaş Cəmiyyətinin başına gətirilənlərdən, 2014-cü ildən bəri baş verən qanun dəyişikliklərindən və digər məsələlərdən danışılıb. Maraqlıdır ki, diqqətli Merkel son dərəcə səmimi və istiqanlılıqla deyilənləri dinləyib və onun üçün əslində, yeni heç nə də deyilməyib. Almaniyanın “Dəmir Ledisi” Azərbaycan haqqında iştirakçıların özlərini belə təəccübləndirəcək qədər məlumatlı olub. İşin tərcüməsi, Merkel bizi tanıyaraq gəlib. Aydın oldumu?

Müzakirələrin istiqaməti belə götürülsə, əziyyətə də düşmərik. Seçimi Almaniya səfirliyi, Almaniya tərəfi edib. Kriteriyalar necə müəyyənləşib, onu bilə bilmərik, heç qarışa da bilmərik. Adam evinə Azərbaycan Vətəndaş Cəmiyyətinin bu simalarını dəvət edib, başqa müzakirəyə nə hacət? Guya başqa heyət getsəydi, ya da tərkib 5 yox, 15, lap 25 olsaydı nə dəyişəcəkdi ki? Təbii ki, ölkəmizdə baş verən bütün repressiyalara baxmayaraq, hələ də üzümüzü ağardan, xarici ölkə təmsilçilərinin qarşısına çıxarıla biləcək, lap elə dövlət başçıları ilə görüşəcək və onları mat qoyacaq həddə Vətəndaş Cəmiyyəti təmsilçilərimiz var, bunu hamımız bilirik. Amma bu heyət də çox dəyərli və sanballı heyətdir axı. Hər halda baş verən müzakirələrdən sonra mənim də diqqətimi çəkdi və bu yazı da ondan doğuldu. Kimlər var heyətdə? Biz bu adamlara inana bilərikmi? Onlar bizim problemlərimizi Merkelə, dünyanın ən qüdrətli və güclü liderlərindən birinə layiqi ilə çatdıra bilərlərmi?

Adaşımdan başlayım – Əvəz Həsənov. Onu 25 ildən çoxdur tanıyıram. O qədər yaxın münasibətlərimiz olmayıb, amma Əvəz Həsənov siyasi-ictimai-sosial dünyagörüşü nə olur-olsun, Azərbaycanın ən peşəkar, Vətəndaş Cəmiyyətinin ən prinsipial simalarından biridir. Xarici dili var, problemləri bilir, peşəkardır. Ona etimad tamdır, tam olmalıdır.

Xədicə İsmayılı anlatmağa gərək yoxdur məncə. Zatən Xədicə xanımın dünyada və Azərbaycanda apardığı mübarizəni dünyada və Azərbaycanda bilməyən yoxdur. O da peşəkardır, professionaldır. Vətəndaş Cəmiyyətinin problemlərini ondan daha yaxşı kim anlada bilər ki? Kimin Xədicə xanıma münasibətinin necə olmağından asılı olmayaraq, Merkellə danışa biləcək, hələ bir az da sərt danışa biləcək, eyni zamanda Merkellə görüşdə hakimiyyətin ən istəmədiyi şəxs də elə Xədicədən başqası ola bilməz. Dili bilir və problemləri tam çatdırmaqda heç bir məsələ yoxdur. Ona da etimad tamdır, zatən başqa cür də olması mümkün deyil.

Digər peşəkar Şəhla İsmayıldır. Azərbaycan Vətəndaş Cəmiyyətinin ən parlaq nümayəndələrindən biri də Şəhla xanımdır. Vətəndaş Cəmiyyətinin problemlərini onun kimi bilən çox az sayda mütəxəssisimiz var. Təbii ki, görüşdə iştirak edən hər kəsin özünün məşğul olduğu sahəsi var güman ki və öz sahəsində Şəhla İsmayıl sadəcə əvəzsiz bir professionaldır. Cəsarətli fəaliyyəti və yorulmaz çalışqanlığı ilə bütün dünyanın tanıdığı Şəhla xanım da problemləri bilir və peşəkarlıqla anlatmaq qabiliyyətindədir. Dil bilgisi mükəmməldir və Merkelə inandırıcı şəkildə Vətəndaş Cəmiyyətinin problemlərini çatdırmasına heç bir şübhə ola bilməz. Ona etimad tamdır. Peşəkar və professional kimi üzümüzü ağardacaq mütəxəssisdir Şəhla xanım.

Turqut Qəmbər gənclərin nümayəndəsidir. Gənclərin problemlərini ondan yaxşı bilən gənclər ola bilər, amma işin içində “N!DA” faktoru da olunca Merkellə görüşəcək ən layiqli namizəd elə Turqutdan başqası deyil. Cəmiyyət Turqutu, təmsil olunduğu hərəkatı, missiyasını, bilik və bacarığını tanıyır. O da dili bilir və öz sahəsində bizlərin – Vətəndaş Cəmiyyətinin problemlərini Merkelə cəsurca və ağılla anlada bilər. Ona da etimad tamdır və buna inanmıram ki, kiminsə şübhəsi olsun.

Sevinc Səmədzadə adlı gənc qızımıza gəlincə, onun adını Merkellə görüşdən sonra eşitdim. İrad bu qızadır əsasən. Tanınmadığı iddia olunur və deyəsən, digərlərinə gücü çatmayanlar Sevinci hədəf götürüblər. Ona görə də onun haqqında bilənlərdən, tanıyanlardan öyrəndim, araşdırdım. Məlum oldu ki, bu gənc qız Almaniya səfirliyi ilə davamlı çalışan, Azərbaycanın ən perspektiv vəd edən, öz üzərində işləyən, savadlı, mədəni, ölkəmizi ləyaqətlə təmsil edən, oturuşunu-duruşunu bilən bir Vətəndaş Cəmiyyəti nümayəndəsidir. Niyə də olmasın? Niyə də görüşməsin? Problemlərimizi və dili bilir, peşəkardır, öz sahəsində mükəmməl bilgiləri var, daha nə lazımdır, nə lazım olmalıdır? Hətta Merkellə müzakirələrdə müsbət mənada diqqət çəkən nümayəndələrimizdən biri Sevinc olub. Nəticədə əmin oldum ki, ona da etimad tam olmalıdır.

Almanlar kimləri seçdiyini özləri bilib və bu seçimi müzakirə etməkdənsə, Merkellə görüşdən sonra hökumət nə edəcək, İlham Əliyev hansı istiqamətdə addımlar atacaq, onları müzakirə etmək lazımdır. Bu qədər!

Anlaşılan odur ki, Merkelin səfəri istənilən səviyyədə alınmayıb. Başqa skandallar da var təbii ki, amma indi mövzumuz bu deyil. Mövzumuz odur ki, Merkel Azərbaycana əliboş gəlib, əliboş da gedib. Diqqətədəyər bircə hadisə olubsa o da Vətəndaş Cəmiyyətinin 5 təmsilçisi ilə görüşməsi olub. Hiss olunur ki, bu da bizim hakimiyyətin ürəyincə olmayıb. Adamların ən azı 3-ü tam mənada hakimiyyətin narahat olacağı açıqlamalar və məlumatlar verib Kanslerə. Ki, bu heyətdə 5 nümayəndənin 5-i də Kanslerə öz sahələrində ən əhəmiyyətli məqamları çatdıra biliblər.

Deməli, Merkelin bu səfərində dünyanı idarə edən dövlətlərdən birinin rəhbəri, Almaniyanın “Dəmir Ledisi” görüb və şahid olub ki, bu ölkə deyilən kimi çökməyib hələ. Burada hər şeyə baxmayaraq, adamlar var ki, onlar dünya standartları səviyyəsində yetişiblər. Onlarla danışmaq, müzakirə aparmaq olar.

Məni maraqlandıran da bu məqamdır. Qalanı fasa-fisodur. Gerçəkdən ağır vəziyyətdəyik.

İnanmırsınız?!

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button