Əvəz Zeynallıya 2-ci məktub

vuga`r_a`3-300x225Mənim sənə ilk məktubumdan sonra çox şey dəyişib.

Niderland
 Əvəz, necəsən? Mənim sənə ilk məktubumdan sonra çox şey dəyişib. Təbiidir, axı aradan təxminən bir il vaxt keçib. Ümid edirdim ki, sənə ikinci məktubu yazmalı olmayacam. Sən azadlığa çıxacaqsan və biz görüntülü söhbət edəcəyik. Ancaq olmadı və mən bu məktubu sənə yazmalı oldum. İlk məktubumda (ümid edirəm ki, bu, son olar) sənə yazmışdım ki, darıxma, “mıx”ın “mismar” olacağı günə çox qalmayıb. Bildiyin kimi, Gülər Əhmədova sənin kamera qonşun oldu. Bir balaca da hövsələ elə. Yenə də birinci məktubumdan sitat:
“Bu dəfə sənə qarşı oyunda, doğrudan da, zər tutdular. Zər onların əlindən hələlik yerə qoşa olaraq düşür. Elə bilirlər ki, hər vaxt qoşa atmaq yaxşıdır. Ancaq nərddən az-çox “başı çıxanlar” bilirlər ki, həmişə qoşa atmaq heç də yaxşı deyil, arada “dü və yek” də lazımdır. Heç olmasa məhşur filmdəki Göygöz Kosa kimi “rəml atıb” zərlə fala baxa bilsə idilər, etdikləri işin düzgün olmadığını və bu işlərin sonunun yaxşı qurtarmayacağını görərdilər. Ancaq neyləyəsən ki, bu istedad da yoxdur səni şərə salanlarda”.
Nərd demişkən, “zon”da yaxşı bir nərd düzəltdirərsən. Oynaya bilməsən də, belə deyəndə həmişə necə hirslənirdin, bəlkə nərdin gözəlliyindən həvəslənəsən. Yaxşı, hirslənmə. Oynaya bilmirsən də, sən elə düzünə gedirsən. Oynaya bilsə idin, bu gün orda nə işin vardı? Bütün oyunların öz qaydası var, Əvəz. Hərçənd ki, sən də haqlısan hirslənməyində. Bizdə qaydasız oyunlardır. Qaydalı olsa idi, sən orda olmayacaqdın.
Sənə nə yazım? Azərbaycanda nə, yaxud da nələr baş verdiyini bilirsən. Görünən dağa bələdçilik edən deyiləm. Bir az Niderlanddan yazım. Burda sakitlikdir. Siyasət aləmində isə lap sakitlikdir. Mənim qonşularımın əksəriyyəti nazirlərinin kim olduğunu da bilmirlər. Nəylərinə lazımdır ki?! İnsanlar lap qatı cinayət törətməyənə qədər həbsxanaya salınmırlar. Yox əşşi, jurnalistin həbsə salınmasından söhbət belə gedə bilməz. Kefsən e, elə şeylər düşünürsən ki… Rüşvət sözü unudulub bunlarda, hər halda adi adamlar arasında. Nə verən var, nə alan. Nə təkif edən var, nə tələb edən. Rüşvətxorun bir jurnalisti “rüşvətxor” adı altında həbsə atdırması isə heç söhbət mövzusu ola bilməz. Dedim axı, burda rüşvət yoxdur. Bir sözlə, çox maraqsızdır. Hara bir iş üçün gedirsənsə və o, sənin haqqındırsa, süründürməçilik olmadan alırsan haqqını. Nə başını ağrıdım, dalaşmağa adam tapmıram deyə, arada gəlib heç nədən evdə dava salmaq istəyirəm. Onda da oğlum və qızım mənə dəliyə baxan kimi baxırlar. Hələ sənə onu deyim, eşitdiyimə görə, həbsxanalar o qədər boşdur ki, başqa ölkələrə icarəyə təklif edirlər. Nə bilim, nə desən çıxar bu niderlandlıdan. Adamın cinayət törətdiyini görürsən, deyirsən, polis onu həbs etmir. Deyir ki, əlimizdə sübut yoxdur. Sübut olanda həmən adam haqqında, hüquqi terminlə desək, həbs qətimkan tədbiri seçirlər. Ancaq məhkəmə hökm verməyənə kimi, onu ekrana çıxardıb cinayətkar kimi xalqa təqdim etmirlər. Nə bilim, Əvəz, belə qəribə millətdirlər e. Biz torpaqlarımızı ona-buna paylayırıq, bu niderlandlı dənizi qurudub ölkələrinin ərazisini böyüdür. Gülmə, ciddi deyirəm. Bizdə nazir, hansısa məmur adamı saymaz. Bizlər nazir və yaxud bir məmur gələn kimi ayağa durarıq, bunlarda əksinədir.
Bax, indi həbsdəsən. Nə edirsən? İçməyə qəhvən, baxmağa televizorun, dinləməyə radion, oxumağa kitabın, qəzetin və s. varmı? Nə bilim e, nəyin varsa, onları denən. Təsəvvür edirsən, bunların həbsxanasında saydıqlarımdan da dəfələrlə çox şeylər var. Yox, sən də sözbazsan e. Mən bit-birə demədim ki. Onlar yoxdur.
Burda bir müttəhimə üç ildən artıq iş veriləcəksə, cinayət ağırdırsa, məhkəmədə üç hakim iştirak edir. İttihamçı və müdafiə tərəfi də öz yerində. Sənin məhkəməndə neçə hakim var idi, onu bilmirəm. Sənə 9 il iş verdilər hakimlər. Onlar içəridə oturan hakimlər idi. Ancaq sən də bilirsən ki, bizdə əsas “hakim” çox vaxt içəridə oturmur. Sənin məhkəməni aparan hakimlər, sadəcə, hazır hökmü oxudular, məhkəmə zalından kənardakı “hakim”in hökmünü. Ancaq hamımız bilirik ki, ən böyük hakim bizi yaradandır. Təki Onun barəmizdə verdiyi hökm xeyrimizə olsun. Biz O hakimin ədalətinə sığınaq. O, ədalətli hökm verəndir.
İnsanlara qarşı haqsızlıq edənlər, haqsız hökm verənlər, həm də sizlərə deyirəm: Bir gün mütləq sizlərin də haqqında hökmünü verəcək, hamımızı, yeri-göyü Yaradan. Mütləq verəcək. Ədalətli olun!
Odur ki, darıxma. Çox az vaxtdan sonra haqqın olan azadlığına çatarsan. İndi isə, əgər bu yazı çıxan qəzeti sənə veriblərsə, bir az da vərəqlə və qəhvəni içməyi unutma. Sən qəzeti vərəqləyib bitirənə qədər də hər şey dəyişə bilər. Gülmə, dəyişər.
Sənə azadlıq diləyi ilə:
Vüqar Abbasov. Niderland. vugarabbasov@hotmail.com
P.S. Ümid edirəm ki, sənin azadlığa çıxmağınla bağlı ölkə prezidentinə edilmiş müraciət cavabsız qalmaz, ədalət tezliklə yerini tutar.

http://www.ayna.az/2013/evez-zeynalliya-2-ci-mektub/

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button