“Azərbaycanlılar yaşayan torpaqlar Azərbaycanındır”

Rəsul QULİYEV

“Çalışın, ABŞ və Avropa siyasətçiləri ilə dil tapasınız”

ABŞ prezidenti, professor Vudro Vilson respublikaçıların, xüsusilə də keçmiş prezident, xarizmatik Teodor Ruzveltin təzyiqi altında ancaq 1917-ci ilin axırlarında (baxmayaraq ki, Konqres Almaniyaya qarşı müharibəyə aprel ayından icazə vermişdi) ciddi surətdə müharibəyə hazırlaşdı. Təcridolma siyasətini qəbul etmiş Amerikanın kiçik ordusuyla müharibə aparmaq olmazdı. 3 ay ərzində ordunun sayı 3 milyon nəfərədək artırıldı. Qısa bir müddətdə yüzlərlə hərbi sursat və əsgər daşıyan gəmilər hazırlandı. 1918-ci ilin sentyabrından hər gün ABŞ-ın təpədən-dırnağa silahlanmış 10 minlik orduları gəmilərdən Fransa limanlarına enərək, yerli şəraitdə məşqlərə başlamışdı. On gündən sonra artıq 100 minlik ABŞ ordusunun gücünü almanlar elə birinci döyüşdəcə hiss etdilər. Fransanın tam işğal olmaq təhlükəsi aradan qalxdı.
1918-ci ildə ABŞ-ın müharibədə aktiv iştirakı ruslarla “Brest sülhü”nü bağlayan almanların yaxın vaxtlarda qələbə çalacaqları haqda ümidlərini darmadağın etdi. Almanlar uzunmüddətli müharibə planını hazırlamağa başladılar. Bu taktikanın əsas şərtlərindən biri Bakı neftinin, heç olmasa 40 faizinin, Almaniyaya verilməsi məsələsi idi. Bolşeviklərin qarşısında qoyulmuş bu tələbin yerinə yetrilməsi o qədər də asan məsələ deyildi. Vətəndaş müharibəsi gedən Rusiyada bolşeviklərin Bakıya nəzarət etməyə gücləri çatmırdı. Daşnakların “Antanta” qoşunlarını Bakıya dəvət etməsi bolşeviklərə və almanlara məlum idi. Rusların ingilislərin Bakıya gəlməsinin qarşısını alacaq gücləri yox idi. Bolşeviklərin Bakıdakı lideri Şaumyanın son vaxtlar Leninə göndərdiyi pessimist ovqatlı xəbərlər ingilislərin tezliklə Bakını tutub, Denikinin ordusuyla birləşə biləcəklərini göstərirdi. Belə bir vəziyyətin yaranması isə tək Bakının itirilməsi ilə yox, həm də bolşeviklərin sonunun çatması demək olardı.
Ruslar, almanların müttəfiqləri Türkiyənin Bakını tutub ingilis qoşunlarını ora buraxmamaq təklifini qəbul etməyə məcbur oldular.
Aclıq və səfalət içərisində yaşayan xalqın dəstəyini itirmiş türk höküməti, Azərbaycana qoşun göndərməyi Allahın onlara yetirdiyi bəxşiş kimi qəbul etdi. Onların hesablamalarına görə, birincisi, can və din qardaşlarının xilası naminə, türk xalqı birləşməli və panturanizm, pantürkizm və panislamizm şüarları xalqın hökümətə qarşı yönəlmiş nifrətini birə-yüz aşağı salmalı idi. İkincisi, müttəfiqləri Almaniya müharibəni uduzduğu təqdirdə, Bakı neftinin kimin əlində olması barədə “Antanta” ölkələri ilə Türkiyənin xeyrinə alver etmək olardı. Üçüncüsü, almanlar onları hərbi sursat, mütəxəssis və kreditlə təmin etməliydilər.
Türkiyə hökuməti hərbçilərə bir neçə ay ərzində Bakı və ətraf rayonları daşnak və bolşeviklərdən təmizləmək tapşırığı verdi. Cəmi 10-15 minlik, hərbi sursatla zəif təmin olunmuş türk ordusunun ancaq Bakı ətrafında müharibə aparmaq imkanı var idi. Böyük torpaqlardansa söhbət gedə bilməzdi…
Həmişə olduğu kimi, Osmanlı paşaları siyasətçilərin əsl məqsədlərini araşdırmaqdan uzaq idilər. Hərbçilərdə vətənpərvərlik, millətçilik hissləri həmişə güclü və səmimi olduğundan, bir çox hallarda bu hiss soyuq ağılı üstələyir…
Nuru Paşanın Gəncədə verdiyi ilk “Özlərini inqilabçı adlandıran bir qrup bandit, bizim yüz minlərlə azəri qardaşlarımızın Bakıda və başqa yerlərdə başlarına açdıqları oyunlara görə cəzalarını alacaqlar!’’ – bəyanatı türk əsgərinin gücünü görmüş ermənilərin kürklərinə birə saldı. Nuru Paşa, 1917-ci ilin dekabrından general Şıxlinskinin başçılığı ilə Müsəlman Korpusunun yaradılmasına (əvvəllər bu cəhd heç bir nəticə verməmişdi) başladı. 2-3 ay müddətində Nuru Paşanın rəhbərliyi altında müstəqil Azərbaycanın ilk 15 minlik nizami ordusu yaradıldı. Ordunun yaradılmasında Azərbaycan dövlət institutlarının hamısının səlahiyyətlərini həyata keçirən Hökumətin (Azərbaycan müstəqilliyini elan edəndən bir neçə gün sonra Milli Şura müvəqqəti bütün səlahiyyətlərini, yəni qanunvericilik və ali icraedicilik funksiyalarının hər ikisini Azərbaycanda fövqəladə vəziyyət elan etmiş Fətəli xan hökumətinə verib, öz fəaliyyətini dondurmuşdu), xüsusilə də onun başçısı Fətəli xan Xoyskinin müstəsna rolu var idi.
Sözsüz ki, 50 ilə yaxın bir zamanda əsgərliyə çağırılmayan, azsaylı azərbaycanlı zabiti olan bir ölkədə qısa müddətdə nəinki güclü, heç orta səviyyəli ordu da yaratmaq mümkün deyildi. Ancaq türk nizami ordusunun içərisində Azərbaycan dəstələri kifayət qədər cəsarətlə vuruşurdular…

 

***

1905-ci ildə “Hümmət” partiyasını (Rusiya Sosial-Demokrat Partiyasının filialını) yaradanların 1907-ci ildən sonrakı taleləri Rusiyada repressiya dövründə yaşamış bütün inqilabçıların taleləri kimi ağır oldu. Bəziləri Nəriman Nərimanov kimi həbs olunub, Rusiyanın şimal vilayətlərinə sürgün edilmişdi, bəziləri isə Məhəmməd Əmin Rəsulzadə kimi əvvəl İrana, rus qoşunları İrana daxil olduqdan sonra isə Türkiyəyə getməli olmuşdular. Yalnız Romanovlar imperiyasının 300 illik yubileyi ilə əlaqədar çarın əfv fərmanı bir sıra azərbaycanlı inqilabçılara da şamil olduğundan, onlar bağışlandılar və yenidən Bakıya qayıda bildilər. Ancaq əfv fərmanından keçən beş il müddətində heç bir siyasi və ya ictimai lider azərbaycanlıların maraqlarını, qismən olsa belə, müdafiə etmək imkanına malik təşkilat yarada bilmədi.
1918-ci ilin iyun ayında Azərbaycanın bir neçə gün öncə elan etdiyi müstəqil dövlətin də, azərbaycanlıların da gələcək taleyi Nuru Paşanın yaratdığı Türk-İslam ordusundan asılı idi. Nuru Paşanın Gəncəyə gəlməsi, ilk növbədə, Azərbaycan hökumətinin Tiflisdən Gəncəyə köçməsinə imkan verdi.
Azərbaycanın bu iki aylıq – iyul-avqust tarixi, faktiki, Bakının və onun ətrafının şimalda Qubaya, cənubda Salyana, qərbdə Şamaxı və Göycaya qədər Azərbaycanın tərkibində olub-olmaması məsələsini həll etdi. Əgər Nuru Paşanın ordusu məğlub olsaydı, Bakı yuxarıda göstərilən sərhədlər çərçivəsindəcə müstəqil dövlət elan ediləcəkdi. Sonradan bolşeviklər yenidən Azərbaycanı işğal edəndə, həmin Bakı hökuməti muxtariyyət şəkilində Rusiya Federasiyasının tərkibinə daxil ediləcəkdi. Bu plan imperiya xəstəliyinə tutulmuş beyinlərdə mövcud idi və bu torpaqların Azərbaycanın tərkibində qalmasını tələb edəcək qüvvə nə Azərbaycanda, nə də onun havadarı Türkiyədə var idi. İlk dəfə idi ki, Azərbaycanın müstəqil dövlət kimi, hansı sərhədlər çərçivəsində olacağı variantı reallaşmaqdaydı. “Azərbaycanlılar yaşayan torpaqlar Azərbaycanındır”- prinsipi ilə məsələyə baxılsaydı, sözsüz ki, heç Ermənistan müstəqil dövlət kimi yaradıla da bilməzdi. Gürcüstanın 40 faizə, Dağıstanın isə 20 faizə yaxın torpaqları Azərbaycanın tərkibində olmalı idi.
Əlbəttə, belə bir utopik arzu kimdəsə ola bilərdi, ancaq onu həyata keçirəcək güc, xarici dəstək yox idi. İndi, az qala, 100 ildən sonra, Ermənistanla müqayisədə Azərbaycanın (iqtisadi analizə görə) gücü 10 dəfədən artıqdır, BMT-nin üzvüdür. Özünün halal, BMT-nın təsdiqlədiyi ərazilərinin 20 faizini heç hələ də azad edə bilmir…
O dövrdə Zaqafqaziya hüquqi baxımdan Rusiya imperiyasının torpaqları sayılırdı. Bilərəkdən bu torpaqlarda yaşayanların hansı millətdən olması prinsipi ilə heç vaxt inzibatı idarəçilik orqanları yaradılmamışdı. Gürcü və ermənilərin kifayət qədər güclü silahlı dəstələri, dövlət yaratmaq uğrunda apardıqları mübarizəni vahid mərkəzdən idarə edəcək siyasi təşkilatları varıydı. Azərbaycanda isə hər iki amil acınacaqlı dərəcədə zəif idi. Ona görə də Türkiyə hərbçilərinin və yeni yaranmış Azərbaycan Demokratik Respublikası hökumətinin qısa bir vaxtda daşnak və bolşeviklərə müqavimət göstərən ciddi qüvvə ortaya qoyması, Azərbaycan tarixində analoqu olmayan qəhrəmanlıq nümunəsi sayıla bilər. Cəmi iki ay müddətində Azərbaycanın və azərbaycanlıların gələcək taleyini həll edən bu prosesin iştirakçılarının hər birinin adı qızıl hərflərlə tarixə yazılmalıdır.

***

17 sentyabr 1918-ci ildə Azərbaycan hökumətinin Gəncədən Bakıya köçməsi respublikanın tarixində ən əlamətdar hadisələrdən biridir. Ancaq türk ordusu Azərbaycanda uzun müddət qala bilmədi. I Dünya müharibəsində ağır məğlubiyyətə uğramış Osmanlı imperiyası 30 oktyabrda imzalanmış “Mudros müqaviləsi”nin şərtlərinə uyğun olaraq, 17 noyabrda Bakını tərk etdi və ingilis qoşunları yenidən Bakıya daxil oldular. Cəmi iki ay öncə daşnakların aktiv iştirakı ilə Bakıya gəlmiş və məcburən oranı tərk etmiş ingilislər bu dəfə Bakıda tamam başqa ab-hava ilə rastlaşdılar. Britaniya qoşunları Bakını tərk edən vaxtda Ermənistana və Rusiyaya qaçmış daşnak və bolşeviklərsiz Azərbaycanın yeni paytaxtı onları çox isti qarşıladı. Daşnakların yaratdıqları “vəhşi tatar” obrazının əvəzinə, ingilis generalları Avropa mədəniyyəti və təhsili görmüş Azərbaycan hökumətinin üzvləriylə rastlaşdılar. Türklərdən sonra ingilislər Azərbaycanı müstəqil bir dövlət kimi tanıdılar. 1919-cu ilin avqustunda ingilis generalları Bakını tərk etmək əmrini alanda, məyus olduqlarını gizlətmədilər. Bir həftədən çox siyasətçiləri bu addımı atmamağa təhrik etdilər. Ancaq Baş nazirin “Müqavilə əsasında Azərbaycana nəzarət italyanlara keçir, Bakını tərk etməlisiniz”- qərarını onlara rəsmi elan etdikdən sonra əmri yerinə yetirməkdən başqa yol qalmadı.
General Azərbaycan hökumətinin naziri ilə görüşüb vəziyyəti izah etdi. İtalyanların Bakıya gələcəklərinə ümidinin olmadığını da dedi: “Çox ehtimal ki, siz tezliklə rus bolşevikləri ilə üz-üzə dayanacaqsınız. Müstəqilliyinizi qorumaq probleminiz olacaq. Daha doğrusu, müstəqilliyinizi itirmək təhlükəsi realdır. Çalışın, ABŞ və Avropa siyasətçiləri ilə dil tapasınız. Türkiyənin sizi müdafiə etmək şansı sıfıra bərabərdir. Onun özünün bir müstəqil dövlət kimi qalması böyük şübhə altındadır…”.

***

I Dünya müharibəsinin final akkordları altında hələ “Versal müqaviləsi”nə 5 ay qalmış, dünya İngiltərə və Fransa tərəfindən təsir zonalarına bölüşdürülürdü. Hər iki dövlət ABŞ-ın Avropa, Asiya və Afrika qitələrində torpaq bölgüsündə onlara mane olmayacaqlarına əmin idilər. Xəritədə Afrika, Asiya və Avropada olan Osmanlı imperiyasının müxtəlif millətli, rəngli və dini əqidəli böyük əraziləri, Rusiya imperiyasından qopmuş və ya qopmaq istəyən ölkələr, Almaniya-Avstriya alyansının torpaqları dayanmışdı. Sözsüz, İngiltərə ittifaqda olduqları İtaliyanın da ağzına nə isə atmaq barədə düşünürdü. İngilislər “Millətlər Liqası” yaratmaq ideyasını dəstəkləyəcək, bu ideyanın həyata keçrilməsini I Dünya müharibəsinin əsas nailiyyəti elan edəcəkdilər. ABŞ prezidenti, ideyanın müəllifi şöhrətpərəst Vudro Vilsonun necə məmnun olub, ancaq tövsiyə xarakterli məsləhətlər verəcəyini də əvvəlcədən təxmin edirdilər. O, Millətlər Liqasının yaranmasını dünyada indiyə qədər olan problemlərin həllinin yeganə açarı olduğunu da qeyd edəcək, “ABŞ-ın bu müharibədə yeganə bir məqsədi var – dağılmış imperiyalardan azad olmuş insanların özləri bildiyi kimi, demokratik seçki yoluyla müstəqil dövlətlər yaratmalarına kömək etmək! Avropa bu regionlara yaxındır və onların mentalitetini daha yaxşı bilir. Yeni, müstəqil, tiranıyadan azad ölkələrin yaradılmasında bu yazıq xalqlara kömək etmək kimi şərəfli missiyanı siz öz üzərinizə götürün”, – tövsiyəsini verəcəkdi Prezident Vilson.
“Versal” sülh müqaviləsi prosesi, həqiqətən də bu ssenari üzrə getdi. Ancaq ingilis və fransızlar, ABŞ prezidentinin imperiyaların dağılmasından yaranacaq yeni dövlətlərin nə sərhədlərinin müəyyənləşdirilməsində, nə də xalqın iradəsi ilə hökumətin formalaşdırılmasında ABŞ-ın iştirak etməyəcəyini elan edəndə, qulaqlarına inanmadılar. Necə ola bilər ki, qələbədə əsas rolu olan ən böyük dövlət “qənimətin” bölünməsində iştirak etmək istəmir?! Prezident Vilson “Amerika ancaq nəzarət funksiyası ilə məşğul olacaqdır. O, Millətlər Liqasının işini təftiş, həmçinin iclaslarını təşkil edəcək ki, bütün məsələlər orada müzakirə edilib, qərar çıxarılsın”, – dedi. Onun utopik ideyalarının real siyasətdən nə qədər uzaq olduğunu bilən avropalılara ABŞ prezidentinin oyun qaydaları ilə oynamaq çox sərfəli və göydəndüşmə nemət idi. Bu neməti, sadəcə, ehtiyatla yemək lazım idi ki, boğulmayasan. Çünki amerikalıların hədiyyəsi, həqiqətən, həm çox böyük, həm də gözlənilməz idi.
Millətlər Liqasının qərarlarını həyata keçirmək mexanizminin olmaması bu qərarların əhəmiyyətsizliyini çox tez üzə çıxardı. Prezident Vilson öz ölkəsində dəhşətli tənqidlərə məruz qaldı. 1921-ci ildə isə Konqres heç bir əhəmiyyəti olmayan Millətlər Liqasından çıxmaq barədə qərar qəbul etdi.

Tarixi arayışın davamı

1918-ci ilin 6 iyununda Bakı Sovetinin hərbi komissarı Korqanov Gəncəyə hücum etmək əmri verdi. “Qırmızı ordu”nun əsasını daşnaklar və onların təcrübəli zabitləri təşkil edirdi. Bolşeviklərin komandirlərindən daşnak Amazaps, ümumiyyətlə, müsəlmanlara qarşı vəhşilikdə xüsusi ad çıxartmışdı. “Hərbi əsir” məfhumu bu vəhşi üçün yad idi, heç kimi sağ buraxmırdı. Belə vəhşiliklər daşnakların rəhbərlik etdikləri əsgərlərin arasında da narazılığa səbəb olurdu.
Nuru Paşanın topladığı qoşunun təcrübəsizliyi və azsaylı olması daşnakları daha da ruhlandırırdı, qələbə çalacaqlarına onlarda heç bir şübhə yeri qoymurdu. Uzağı, bir-iki aya ingilis qoşunlarının da Bakıda olacaqlarına əmin olan daşnaklar Hacıqabuldan başlayaraq, bütün kəndlərdə azərbaycanlılara divan tuta-tuta irəliləyirdilər.

musavat.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button