“Mehdizadə və Mərdanov” haqqında düşüncələrim…

Xüsusi olaraq “Xural” üçün

Bilal Hüseynov

Təqaüdçü müəllim

(Birinci yazı)

Bu gün təhsil naziri Misir Mərdanovun 65 yaşı tamam olur

Təhsil sistemində uzun illər çiyin-çiyinə çalışdığım, qonşum, dostum, peşəkar təhsil mütəxəssisi Nadir İsrafilov bir neçə gün öncə “Mehdizadə və Mərdanov” adlı kitabını mənə bağışladı. Üstəlik də zarafatyana dedi: “Təqaüdçü babasan, boş vaxtın çoxdur, oxu, fikrini bildirərsən”. Mən də ona hədiyyəyə görə təşəkkür elədim və ayrıldıq…

Etiraf edim ki, kitabın adını görəndə, necə deyərlər, ətim ürpəşdi. Çünki mən istənilən halda, hansı məqsədlə olur-olsun, bu adların yanaşı işlədilməsini qəbul edə bilmərəm. Belə ki, Mehdizadə və Mərdanov milli dəyər anlayışları yüz səksən dərəcə fərqli olan insanlardır. Sağ olsun kitabın rəssamını, heç olmasa, üz qabığında onların şəkillərini söylədiyim anlamda təqdim edib: Hərəsi bir tərəfə baxır. Bu təqdimatla razılaşmamaq mümkün deyil. Qəti qənaətim belədir ki, Mərdanov ömründə bircə dəfə də olsa, özündən əvvəl nazir işləmiş akademik Mehdizadənin baxdığı tərəfə baxmayıb. Axı Mehdizadənin baxdığı tərəfdə əsl təhsillə yanaşı, həm də təmizlik, halallıq, müəllimə və şagirdə hörmət olub. Mərdanovun baxdığı tərəfdə isə nələrin olduğunu bu il məktəbli geyimi üstündə bir-birini al qana boyayan valideynlər və onların körpə övladları daha yaxşı bilirlər. Görün, geyim məsələsi nə dərəcədə eybəcərləşib ki, Milli Məclisin payız sessiyasının açılışında da bu, qızğın mübahisəyə səbəb olub…

Burada söhbət yalnız məktəbli geyimindən yox, elə nazirin özünün geyimindən də gedir. Ölkənin hüquq-mühafizə orqanları Mərdanovun vəzifəyə təyin etdiyi adi bir kənd rayonunun təhsil şöbə müdirinin seyfindən 2 milyon manat pul çıxardılar. Amma Mehdizadənin nazir olduğu müddətdə təyinatına imza atdığı saysız-hesabsız insanların topasının heç bu qədər pulu olmayıb. Belə olan halda, təhsil şöbə müdirinin “mən Mərdanova Putinin əynindəki kostyumdan geydirirəm” deməsində təəccüblü nə var?! Yaxından tanıdığıma görə səmimi şəkildə deyirəm: Əlimi Qurana basaram ki, Mehdizadəyə nəinki Putin kimi zatların geydiyi kostyumu, heç adi qalstuku belə hədiyyə edən olmayıb! Çünki onun dövründə təhsil və rüşvət sözlərinin bir yerdə işlənməsi ağıla gəlməzdi. Axı onun dövründə tikilən məktəblər Mərdanovun tikdirdiyi 85 və 123 saylı məktəblər kimi, iki ildən sonra uçub dağılmırdı. Dağılmırdısa, deməli, Mehdizadəyə “kostyum” vermişəm deyənlər də yox idi…

Kostyum demişkən, indi də mətbuat səhifələrində Mərdanovun müəllimlərə xüsusi geyim (kostyum) tikdirəcəyi barədə yazırlar. Mən bu “çalışmanın” nəticəsinin necə olacağını deyə bilmərəm, amma bunun yeni pul tələsi və təhsilin başına keçiriləcək torba olacağına heç bir şübhəm yoxdur…

Hörmətli xalq yazıçımız Çingiz Abdullayev bir müsahibəsində “təhsil Azərbaycanın üzqaralığıdır” – demişdi. Görəsən, bu sözlərin daşıdığı məna yükünü saf-çürük edən varmı: “təhsil” və “üzqaralığı”. Bəs tanınmış ziyalımızı bu sözləri bir yerdə işlətməyə sövq edən kimdir? Cavabı tapmaq o qədər də çətin iş deyil. Mətbuat, elə Nadir müəllim kimi mütəxəssislər az qala hər gün bağçadan tutmuş ali məktəblərədək təhsil sistemindəki rüşvət sxemini xırda detallarına qədər açıb tökürlər. Bəziləri deyir, göstərməsələr nə olacaqdı ki, guya bunu bilmirik. Faktları hamımız bilirik, təəssüflər olsun ki, yazmırıq. Əlahəzrət faktın nə olduğunu isə Mərdanov çoxlarından yaxşı bilir. Nadir müəllim demişkən, kişi indi də özünə yalançı tarix düzəltməyə girişib. Amma deyəsən, o, bilmir ki, əks kitabların sayı bundan qat-qat çoxdur və get-gedə də artmaqda davam edir…

Bu gün təqaüdçü zabit Əmənulla Məmmədov başda olmaqla, çoxsaylı mütəxəssis ordusu Mərdanovun əlaqədar qurumlarla razılaşdırmadan “İbtidai hərbi hazırlıq” fənnini ləğv etməsindən (2001-ci il), onun əvəzinə isə heç kimin ağlına gəlməyən “Həyat fəaliyyəti təhlükəsizliyinin əsasları” adlı “yeni” fənn icad etməsindən danışırlar. Hətta onlar  bu “icadı” müharibə şəraitində olan ölkəmizə arxadan vurulan zərbə kimi də qiymətləndirirlər. Çünki söhbət həm də illər boyu məktəblərdə yaradılan və hərbi vətənpərvərlik tərbiyəsində istifadə olunan tədris resurslarının dağıdılmasından gedir. Amma nə fayda, Mərdanov indi də onun adını dəyişərək “Gənclərin çağırışaqədərki hazırlığı” qoyub. Biz isə ekspertlərin “Mərdanov təhsilin məzmununu dağıdır!” harayını qəribçiliyə salırıq. Axı Mərdanovun “icad” etdiyi fənnin şagird kontingentinin yarısına – qızlara heç bir aidiyyəti yoxdur. Çünki qızlar çağırışçı deyillər…

Bu yay Qusarda yaşayan bir dostum bizə gəlmişdi. Kişi elə hey sual verirdi: “Bilal müəllim, Siz inanırsınız ki, Təhsil Nazirliyində ibtidai təhsilə baxanların ağlı yerindədır?!” Soruşdum: Necə bəyəm? Dostumun dərdi açıldı: “Keçən il birinci sinfə gedən nəvəmə eyni zamanda dörd dil öyrədirdilər: Azərbaycan, rus, ləzgi və ingilis dilləri. Siz haradasa buna bənzər bir şey eşitmisinizmi? Yazıq birinci sinif şagirdinə bir dili öyrədincə müəllimlər nələr çəkirlər, o ki qala dörd dil öyrədəsən. Görəsən, bəzi məmurlar bunun fərqindədirlərmi?!”

Əlbəttə, mən də ona öz dərdlərimi danışdım. Bildirdim ki, Mərdanov riyaziyyat və informatika dərslikləri yazmağa başlayandan ölkədə bu fənlərin fatihəsi oxunub. Gedin, ibtidai siniflərin riyaziyyatına baxın, görün dərsliklərimiz nə gündədir. Oradakı mətnləri şagirdlər bir yana qalsın, heç biz müəllimlər də anlamırıq. Mehdizadənin dövründə orta məktəbi qurtaran məzunların az qala hamısı təhsillərini ali məktəblərdə, texnikumlarda, peşə məktəblərində davam etdirirdilər. Bəs indi? – İndi onların ən yaxşı halda 25-30 faizi təhsilini davam etdirə bilirlər, özləri də hansı ballarla. Səbəb nədir? – Təhsil sisteminin dağılması.

Dostum Nadir İsrafilovun “Mehdizadə və Mərdanov” adlı kitabındakı bütün fikirlərlə yüzdə yüz razıyam. Hər birinin altından gözüyumulu qol çəkərəm. Başa düşürəm, o, Mərdanovu Oxucusuna Mehdizadə ilə müqayisədə təqdim edib ki, düşüncələrini daha anlaşıqlı şəkildə ifadə edə bilsin. Buna nail də olub. Amma yenə də sözümün əvvəlinə qayıdıram: Mehdizadə və Mərdanov milli dəyər anlayışları yüz səksən dərəcə fərqli olan insanlardır, onların adlarının bir yerdə getməsini heç zaman qəbul edə bilmərəm…

“Xural” qəzeti,

il 9, sayı: 050 (458), 03 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button