150 milyard dollarlıq varidata malik olan, saraylarının sayını belə itirən hökmdar…

Şeyx Xəlifə Əl Nəhyan dünyanın ən varlı hökmdarı sayılır, ailə üzvlərinə məxsus varidat 150 milyard dollar dəyərində qiymətləndirilir. O, ağlasığmaz dərəcədə dəbdəbəli həyat yaşayır, malikanəsinin həyətindəki hovuz və fontanlar “Evian” mineral suyu ilə doldurulur, baxmayaraq ki, onlardan heç kim istifadə etmir. Şeyxin dünyada yüzlərlə saray və qəsrləri olsa da, bunların çoxunun varlığını belə xatırlamır.

Virtualaz.org xəbər verir ki, Birləşmiş Ərəb Əmirliyi prezidentinin lüks həyat tərzi haqqında lenta.ru saytı geniş məqalə hazırlayıb.

 

Elə malikanələri var ki, heç vaxt qalmayıb…

 

“Birləşmiş Ərəb Əmirliklərinin prezidenti o qədər zəngindir ki, dünyanın hansı ölkəsində hansı malikanələrə sahib olduğunu belə xatırlamır. Məsələn, İspaniyada bir mülkü var. Ancaq nəinki bu iqamətgaha gəlməyib, harada olduğunu belə bilmir, bəlkə də Madridin yaxınlığındadır? ” – “The Observer” nəşrinin müxbiri zarafatla qeyd edir.

Medianın araşdırmasına görə, Şeyx Xəlifə Əl Nəhyana məxsus dəbdəbəli malikanə İspaniya paytaxtından 60 kilometr məsafədə yerləşir. 17 il əvvəl alınan malikanəyə 15 nəfər qulluq edir. Lakin nə ərəb hökmdarının özü, nə də ailə üzvləri buraya heç vaxt gəlməyiblər.

Məqalədə qeyd olunur ki, mətbəxdən heç vaxt istifadə olunmayıb – qabyuyan maşın, qaz sobası, soyuducu hələ də selofana bükülüb. Həftədə bir dəfə 11 yataq otağında üzərində Birləşmiş Ərəb Əmirlikləri prezidentinin loqotipi olan yataq dəsti və dəsmallar yenisi ilə dəyişdirir. Bu villanın saxlanması şeyxə ildə 565 min dollara başa gəlir.

Bu ispan iqamətgahından əlavə, şeyx Avropada yüzlərlə villa, saray və qəsrlərə sahibdir. Yalnız Londonda Meyfeyr, Merlbon, Naytsbric, Kensinqton kimi ərazilərdə 140-dan çox mülkü var.

 

Fontan və mineral su hovuzu

 

Ən dəbdəbəli əmlak, Londonun yaxınlığındakı Böyük Vindzor Parkının yaxınlığında, 400 hektar ərazidə 18-ci əsrdə salınmış “Ascot Place” malikanəsidir. Xəlifə bunu 1989-cu ildə Mersedes Benz imperiyasının varisi Mik Flikerdən 22,6 milyon dollara alıb. Ərazidə böyük bir göl və mağara var. Bu Kraliça II Yelizavetanın Vindzordakı sarayı ilə qonşuluqda yerləşir.

Lakin malikanənin görünüşü ərəb hökmdarının xoşuna gəlməyib və onu dəyişdirmək qərarına gəlib. O, ərazini iri hasara almaq və hər biri 2,5 milyon dollar dəyərində olan 150 beş otaqlı kottec tikmək istəyib. Lakin yerli hakimiyyət orqanları bu plana qarşı çıxıblar və şeyxə tikintiyə icazə verilməyib.

Sonra şeyx diqqəti malikanənin özünün təmirinə yönəldib: əvvəlcə Fransanın Alp dağlarından “Evian” mineral suyunun birbaşa saraya çatdırılması üçün arx çəkilib və çənlər quraşdırıb. Bulaqlardan axan su hovuz üçün istifadə olunur. Hesab olunur ki, ərəb şeyxi yerli suyun dadını sevmədiyinə görə ora bulaqdan su çəkdirib.

Lakin bütün bunlara baxmayaraq bu malikanə Birləşmiş Ərəb Əmirlikləri prezidentinin London iqamətgahına çevrilməyib. Çünki iqamətgah şeyxə çox kiçik görünüb.

Şeyx xaricə səfər edəndə onun saqqalını qırxan şəxsi bərbər də daxil olmaqla ən azı yüz qulluqçunu da özü ilə aparır.

Beləliklə, şeyx “Ascot Place”də yalnız bir dəfə – yarım gün qalıb. Lakin Fransız Alp dağlarından su bu iqamətgaha davamlı olaraq verilməkdə davam edir.

Şeyxin Londondakı başqa bir malikanəsi “Ham Gate” ərazisində yerləşən 1980-ci ildə 6.3 milyon dollara aldığı malikanədir. 2013-cü ildə orada şeyxin Britaniyaya gəlişini qeyd etmək üçün qonaqlıq verilib. Dörd ay ərzində bağbanlar britaniyalıların narazılığına səbəb olan mənzərəni səliqəyə salıblar: köhnə ağaclar kökündən kəsilib, əvəzinə cavan ağaclar əkilib. Malikanəyə bitişik evlər də qonaqları bir gecəlik qarşılamaq üçün alınıb.

 

Gecələmək üçün imarət

 

Yalnız bir gecə orada qalmaq üçün bütün evləri satın almaq otellərə nifrət edən əl-Nəhyan üçün adi haldır. Şeyx bir dəfə ABŞ-a rəsmi səfər ərəfəsində köməkçisinə Vaşinqtonun ətrafındakı ərazidə özünə bir malikanə seçməsini tapşırıb. Satınalma üçün 25 milyon dollar ayrılıb. Şeyxin yalnız bir tələbi vardı: binada yeraltı dayanacaq olmalıdır ki, o, gülləkeçirməz avtomobildən çıxıb evə daxil ola bilsin.

Hökmdar ən çox Kot d’Azurda istirahət etməyi sevir. Fransanın cənubunda Kanna baxan və dəyəri 38 milyon dollar olan lüks imarəti var. O, öz funikulyoru vasitəsilə çimərliyə enir. Fransız Antibesində bir iqamətgah və Maksiyi-sur-Lemanda, Cenevrə gölünün sahilində başqa böyük bir malikanəyə sahibdir.

Şeyx harada olursa olsun, həmişə Birləşmiş Ərəb Əmirliklərindən ərzaq və hazır yeməklər sifariş edir. Bəzən onları şəxsi təyyarə ilə Seyşel adalarına – şeyxin 66 hektarlıq ərazidə yerləşən yeddi mərtəbəli sarayına aparırlar. Doğrudur, bu malikanə ilə bağlı qalmaqal da qalxıb; iqamətgahın kanalizasiya sistemi daşaraq kanalizasiya axıntıları ətraf su obyektlərinə tökülüb. Öz günahlarını yumaq üçün şeyxin ailəsi yerli hakimiyyət orqanlarına 130 milyon dollardan çox vəsait ayırıblar.

Əmirliklərin lideri təkcə kurortlarda deyil, Fars körfəzindəki yaxtalarında da istirahət etməyi sevir. Onlardan biri – “Azzam”ın uzunluğu 180 metrdir və dəyəri 615 milyon dollardır. Dünyada ən böyük olan bu şəxsi yaxtada 500 nəfər şəxs xidmət göstərir.

Yaxtada bir helikopter meydançası, sualtı qayıq və limana girmədən dünyanı gəzməyə yetəcək qədər yanacaq tutan nəhəng yanacaq çəni var. Bundan əlavə, gəmi rahat şəkildə 36 qonaq qəbul edə bilər. Bu yaxtanın saxlanması hökmdara ildə 60 milyon dollara başa gəlir.

Xəlifə Əmirlikləri turistlər üçün daha cəlbedici etməyə çalışır. O, həmişə çalışır ki, hökumət binası və digər şəxsi malikanələr heç ziyarət etmədiyi halda belə fərqli görkəmi ilə seçilsin. Bunun üçün o, Luvrdan və Huqqenhaymdan ən yaxşı memarları işə götürüb və 25 milyard dollar xərcləyib. Şeyx bu fikrə Qərb mediasının BƏƏ-nin ilk prezidenti olan atası Şeyx Zayedi zövqsüzlükdə ittiham etməsindən sonra gəlib.

Şeyx 1988-ci ildə əvvəlcə Con Lennona məxsus “Tittinghurst Park” malikanəsini alıb. Buradakı Berkşir qraflığında əfsanəvi “Imagine” mahnısının yazdığı ehtimal olunur. Sonra “The Beatles”dən olan dostu Rinqo Stara satılıb. Ərəb şeyxi Britaniya malikanəsini tamamilə yenidən qurub. Şahidlərin sözlərinə görə, ev qızılla bəzədilmiş mərmər saraya çevrilib.

 

“Şahzadə özünə qəhvə süzür….”

 

Şeyx son altı ildə – 2014-cü ildə insult keçirməsindən sonra demək olar ki, ictimaiyyət arasına çıxmır. Həmin vaxtdan bəri onun qardaşı vəliəhd Məhəmməd ibn Zayed Əl Nəhyan Birləşmiş Ərəb Əmirliklərinin de-fakto hökmdarıdır. 59 yaşlı milyarder artıq “The New York Times” tərəfindən ən populyar ərəb hökmdarı adını alıb.

Nəşr qeyd edir ki, şahzadə “çox nəzakətlidir, sağlam qidalanır, idman edir və özünə qəhvə süzür”. Onun eyni zamanda, ov həvəskarı olduğu bildirilir. O, 1981-ci ildə Şahzadə Salama ilə evlənib. Onların toyu 44,5 milyon dollara başa gəlib. Bir həftə davam edən mərasimə 20 min qonaq gəlib.

Bütün qonaqları qəbul etmək üçün şeyxin ailəsi 22 milyon dollara stadion inşa etdirib. Lakin yeni evlənənlər hər kəsi şəxsən salamlaya bilməyiblər, lakin hər kəsə bahalı hədiyyələr, həmçinin içki və delikates göndərilib. Hətta Abu Dabinin adi sakinlərinə də hədiyyələr paylanıb.

Qonaqları ərəb və Afrika ölkələrindən olan 50 ansambl əyləndirib. İfaçılardan biri məclis üçün mahnı yazmaqla fərqlənib. Buna görə ona parlaq qırmızı rəngdə “Mercedes” markalı avtomobil hədiyyə ediblər. Şəxsi hava limanına şeyxləri, əmirləri, kral və şahzadələri daşıyan onlarla şəxsi təyyarə çətinliklə yerləşib. Qonaqlara elit yeməklər və içkilər təklif olunub. Gəlin üçün alınan hədiyyələr hər biri qiymətli daşlarla bəzədilmiş 20 nadir cinsdən olan dəvəyə yüklənib. Cütlüyün sonradan doqquz övladı: beş qızı və dörd oğlu doğulub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button