2023-cü il 'Heydər Əliyev İli' elan edilib

Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib.

Bu barədə bu gün, sentyabrın 23-də Prezident İlham Əliyev sərəncam imzalayıb.

H.Əliyev hazırkı Prezident İlham Əliyevin atasıdır. O, 1993-cü ildən 2003-cü il, ölümünə qədər Azərbaycan Respublikasına rəhbərlik edib.

H.Əliyevin Azərbaycana ilk rəhbərlik dönəmi isə SSRİ dövrünə təsadüf edir. O, 1969-1982-cü illər arası Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi postunu tutub. Daha sonra Kremlə, Sovet İttifaqı Kommunist Partiyasinin (Sov.İKP) Siyasi Bürosuna aparılıb. Eyni zamanda, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini postunu tutub.

1987-ci ildə həmin postlardan kənarlaşıb. 1990-ci ildə Azərbaycana gələn H.Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəhbəri seçilib.

1993-cü ildə Gəncədə hakimiyyətə polkovnik Sürət Hüseynovun başçılığı ilə silahlı itaətsizlikdən sonra ovaxtkı Prezident Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gəlib. Əvvəlcə Azərbaycan Milli Məclisinin sədri seçilib, sonra isə elə həmin il keçirilən prezident seçkisindən qalib çıxıb.

Gələn il H.Əliyevin doğulmasının 100 ili tamam olacaq.

Ondan sonra Azərbaycana 19 ildir onun oğlu, hazırkı Prezident İlham Əliyev rəhbərlik edir. Heydər Əliyev ölümündən az öncə o vaxt Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti postunu tutan İ.Əliyevi baş nazir təyin etmişdi. Azərbaycanda baş nazir postu həmin vaxt prezidentdən sonra hakimiyyətdə, konstitusiyaya görə, ikinci mühüm vəzifə sayılırdı. İndi isə, konstitusiyaya görə, ölkədə ikinci post birinci vitse-prezident vəzifəsi sayılır. Həmin vəzifəni isə Prezident İ.Əliyevin xanımı Mehriban Əliyeva tutur.

2022-ci il Azərbaycanda Şuşa, 2021-ci il isə “Nizami Gəncəvi ili” elan edilmişdi.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button