5 uşağı QMKİ DK-nə qoyub, “uşaqlara baxa bilmirəm, götürün, uşaq evinə verin!”,- dedi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri  Eldar Zeynalov Ağdam sakini, Bakı şəhərinin Suraxanı rayonunda müvəqqəti qeydiyyatda olan Əliyeva Mahirə Firidun qızını onlayn qaydada qəbul edib.

Mahirə Əliyevanın  müraciəti Xətai rayonundakı göz xəstəxanasının inzibati binasında – yarımçıq tikilidə müvəqqəti məskunlaşan oğlu Quliyev İlkin Mətləb oğlunun ailəsinin mənzillə təmin edilməsi barəsində olub. Sitat: “Müraciətə cavab olaraq, Quliyev İlkinin ailəsinin Ağdam rayonunun Quzanlı qəsəbəsində inşa edilmiş 50 mənzilli yeni binada üçotaqlı mənzilə köçürülməsi təklif olunub. Lakin ailə Dövlət Komitəsinin təklifini qəbul etməyib.

Onlayn qəbuldan sonra, saat 13-14 radələrində gənc bir qadın beş azyaşlı uşaqla Dövlət Komitəsinin inzibati binasındakı “Qəbul otağı”na gələrək, özü haqqında məlumat vermədən “bu uşaqlara baxa bilmirəm, götürün, uşaq evinə verin” deyərək, komitə əməkdaşlarının çağırışlarına məhəl qoymadan binanı tərk edib. Dərhal hadisə barədə rəhbərliyə məlumat verilib. Uşaqlarla söhbət zamanı ailənin faktiki yaşayış ünvanı müəyyənləşdirilib və yalnız bu zaman aydın olub ki, onlar vətəndaş Mahirə Əliyevanın oğlu İlkinin övladlarıdır. Valideynləri müəyyənləşdirildikdən sonra, uşaqlar öz ailəsinə təhvil verilib.

Uşaqları komitənin binasında qoyub gedən Quliyeva Səbinə Arif qızı özü Ağdam rayonunun işğal altına düşməyən Paşabəyli kəndində, valideynlərinə məxsus evdə daimi qeydiyyatdadır və məcburi köçkün deyil. O, Quliyev İlkin Mətləb oğlu ilə 2013-cü ildə ailə qurub və bu nikahdan 5 övladı olub.

Dövlət Komitəsi bildirir ki, Bakı şəhərinin Xətai rayonundakı göz xəstəxanasının inzibati binasında – yarımçıq tikilidə 191 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb və onların işğaldan azad edilmiş ərazilərdə yeni yaşayış sahəsi – ev və ya mənzillə təmin olunması nəzərdə tutulub. Bununla yanaşı, Dövlət Komitəsi  İlkin və Səbinə Quliyevlərin ailə vəziyyətini, yaşayış şəraitini nəzərə alır və onlara öz doğma rayonlarında üçotaqlı, tam təmirli mənzilə köçməyi təklif edir.

Dövlət Komitəsi bir daha məcburi köçkünlərin nəzərinə çatdırır ki, onlar üçün yeni yaşayış sahələri yalnız işğaldan azad edilmiş ərazilərdə inşa olunacaq. Mərhələli qaydada həyata keçiriləcək qayıdış zamanı ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlər yeni yaşayış sahələri ilə ilk növbədə təmin olunacaqlar”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button