“Mənim özəl həyat sirrim nədir, məmur hardan biləcək?

Qadağan olunmuş informasiyanı nazirlik yox, məhkəmə müəyyən edə bilər

Hüquqşünas Ələsgər Məmmədli: ““Yayılması qadağan edilmiş informasiya” anlayışı qanunvericiliyə qeyri legitim düşüb”

Bu ilin mart ayında ölkə parlamenti “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna dəyişikliklər edib. Dəyişikliklər bəzi informasiyaların yayılmasına qadağa qoyur. Qanunvericiliyə edilən dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanı (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq etməlidir.

Saytlar hansı hallarda bloklana bilər?

Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin orqanı yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə internet informasiya ehtiyatına saytın məhdudlaşdırılması barədə müraciət edir.

Dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və ya insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu təxirəsalınmaz hallarda internet informasiya ehtiyatına müraciət müvafiq icra hakimiyyəti orqanın əsasında müvəqqəti olaraq məhdudlaşdırılır.

Müvafiq icra hakimiyyəti orqanı nəzərdə tutulmuş qərarı qəbul etdikdə eyni zamanda internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə məhkəməyə müraciət edir. İnformasiya ehtiyatına müraciətin müvəqqəti məhdudlaşdırılması barədə qərar məhkəmə tərəfindən internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə baxılanadək və ya həmin qərar ləğv edilənədək qüvvədə qalır.
Məhkəmə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə 5 günədək müddətdə baxır və qərar qəbul edir. Qərar qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qərardan şikayətin verilməsi onun icrasını dayandırmır.
Qanunvericiliyin tələblərinə əməl etməyənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Həmçinin bununla bağlı İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik edilib və belə hal baş verdikdə fiziki, vəzifəli və hüquqi şəxslərin müxtəlif məbləğlərdə cərimələnəcək.

Yayılması qadağan edilən informasiya hansılardır?

Yayılması qadağan edilən informasiya dedikdə aşağıdakılar nəzərdə tutulur:
– Terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar;
– Zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar;
– Dövlət sirri təşkil edən məlumatlar;
– Odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanma qaydası və üsulları barədə məlumatlar;
– Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və üsulları barədə məlumatlar;
– Pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar;
– Qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar;
– İntiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədilə yayılan məlumatlar;
– Təhqir və böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar;
– Əqli mülkiyyət hüquqlarını pozan məlumatlar;
– Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiya.

Media eksperti, hüquqşünas Ələsgər Məmmədli Bizimyol.info saytına bildirib ki, ümumiyyətlə “qadağan edilmiş informasiya” ifadəsi çox qeyri-müəyyəndir. “Qanunda açıq və yayılması məhdudlaşdırılan informasiyalar var. Yayılması məhdualaşdırılan informasiyalar – şəxsi, hərbi, kommersiya, istintaq, peşə, dövlət sirləri və s. məlumatlardır. Yəni “yayılması qadağan edilmiş informasiya” anlayışı qanunvericiliyə qeyri-legitim düşüb. Çünki qadağan edilmiş informasiya ifadəsi ancaq məhdudiyyətləri ifadə edə bilər. Həmin informasiyalar isə qanunda açıq göstərilib. Yəni dövlət sirridirsə, xidməti istifadə ilə bağlıdırsa, bunların yayılması məhdudlaşdırılır. Sözügedən qanunda isə qeyd olunur ki, guya qadağan edilmiş informasiyalar var və bunu da müvafiq icra hakimiyyəti orqanı, yəni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində oturan məmur müəyyən edir”.

“Nəyin qanunsuz olub-olmamasını ancaq məhkəmə müəyyən edə bilər”

Ekspert vurğulayır ki, informasiyanın qadağan olunmuş olmasını hansısa məmurun müəyyən etməsi normal hal deyil. “Çünki nəyin qanunsuz olb-olmamasını ancaq məhkəmə müəyyən edə bilər. Yəni məhkəmə qərar verə bilər ki, biz tutaq ki, dövlət sirrini yaymışıq ya yox. Nazirlikdəki məmur hardan bilə bilər ki, hansı məlumat dövlət sirridir, yaxud da mənim özəl həyat sirrim nədir, məmur hardan biləcək? Qanunda yazılmış “dövlət maraqlarına zidd” informasiyanın da müəyyənləşdimə mexanizmi məlum deyil. Dövlət marağına toxunma hansısa dövlər sirrini, xüsusi istifadə olunan informasiyanı yaymaq sayıla bilər ki, bu da bilavasitə hüquqi məsuliyyət yaradır. Buna nəzarət edən qurumlar var, prokurorluq orqanı var, araşdırma aparılmalıdır, istintaq getməlidir. İstintaq o qənətə gələrsə ki, bu dövlət marağına ziyan vurub, o halda həmin şəxs məsuliyyətə cəlb edilməlidir. NRYTN-də oturan şəxs nə bilir ki, dövlət maraqları deyəndə onu necə tətbiq edəcəklər, həmin informasiya doğrudan da xüsusi mühafizə olunan informasiyadırmı, məxfi qriflidirmi, xüsusi əhəmiyyətlidirmi və s. Axı onun özünün məxfi informasiyalara çıxışı yoxdur ki, məxfi informasiyanı da müəyyən etsin”.

“Məhkəmə qərar verdikdən sonra saytın üzərinə vəzifə qoymaq olar”

Ələsgər Məmmədli vurğulayır ki, təhqir və böhtan əməlinin də qadağan edilmiş kateqoriyaya aid edilməsi absurddur. “Əgər kimsə bu əmələ yol verilibsə, bununla bağlı qanunvericilkdə hətta cinayət məsuliyyəti nəzərdə tutulub. Təhqirə və böhtana məruz qalmış şəxsin xüsusi ittiham qaydasında məhkəməyə müraciət edərək, bu əmələ yol vermiş şəxsi cinayət məsuliyətinə cəlb etdirmək hüququ var. Məhkəmə yazılanın təhqir və ya böhtan olmasına qərar verməyibsə, nazirliyin hansısa əməkdaşı necə müəyyən edəcək ki, şəxs barəsində həqiqətən təhqir-böhtan yazılıb? Deməli, nazirlik əməkdaşı hesab etsə ki, burada təhqir-böhtan var, mediaya xəbərdalıq edə, sonra da həmin saytı bloklaya bilər. Bu prosedur tamamilə qanunaziddir. Yəni qadağan olunmuş informasiyanın nə olduğu bir məmurun verəcəyi qərar deyil ki, onun da çıxarılmasını tələb etsin. Sadəcə, ehtimal oluna bilər, bunu da mübahisələndirməyin hüquqi yolu var. Yəni fərd olaraq hesab etsəm ki, şəxsi həyat sirrim yayılıb, o zaman məhkəməyə müraciət edərək mübahisələndirə bilərəm ki, mənim şəxsi həyatıma müdaxilə edilib. Bununla bağlı məhkəmə qərar verdikdən sonra mən həmin saytın üzərinə vəzifə qoydura bilərəm ki, onu saytdan çıxartsın. İndiki halda isə bu hünquqi prosedurların işləməsinə ehtiyac yoxdur. Yəni bir nəfər məhkəmə qərarı olmadan informasiyanı çıxartdıra bilir. Çıxartmayanda da dərhal blok qoyulur və bunula da həmin sayta Azərbaycan ərzisindən giriş məhdudlaşır. İnformasiya mühitində bu tip yanaşma ifadə azadlığına bilavasitə kobud müdaxilədir”.

“Hansısa quruma səlahiyyət vermək olmaz ki, jurnalist etikası pozulduğuna görə saytı bloklasın”

Qadağan edilmiş informasiyaların siyahısındakı daha bir sual yaradan məqam intiharla bağlı informasiyalara aiddir. Belə ki, “İntiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədilə yayılan məlumatlar” qadağan edilmiş informasiyalara aiddir. Belə olan halda, hansısa vətəndaşın özünü asması ilə bağlı xəbər , “intiharın törədilməsi üsullarını izah edən” məlumat sayıla bilərmi?

Hüquqşünas Ələsgər Məmmədli bildirir ki, bu məqam nazirlikdə əyləşən və qərar verən məmurun savad və dünyagörüşündən asılıdır. “Əgər o hesab etsə ki, bu informasiya deyil, hansısa metodun izahıdır, deməli, sizin sayt bağlandı. Jurnalist etikası anlayışı var və intiharla bağlı xəbərlər verilərkən, bu xəbərə spesifik yanaşılmalıdır. Orada nəyisə təbliğ etməyi deyil, onun yaratdığı neqativ effektləri – tutaq ki, uşaqlarının daha hansı iztirablar çəkəcəyini təqdim etmək və s. təqdim edilməlidir. Amma bu, heç bir halda informasiyanın gizlədilməsinə əsas vermir. Ölkədə son iki həftədə 20 intihar hadisəsi baş veribsə, bu ciddi gündəm hadisəsidir və bunu işıqlandırmaq zəruridir. Bu, aktual və obyektiv informasiyadır, cəmiyyətin də bu informasiyanı almaq hüququ var. Amma xəbər təqdim olunan zaman jurnalistlər etik çərçivəyə uyğun olaraq məsələyə yanaşmalıdır. Etik məsuliyyətlə bağlı isə hansısa quruma səlahiyyət vermək olmaz ki, jurnalist etikası pozulduğuna görə sayt bloklansın”.

Ə.Məmmədli qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlarla bağlı qadağaya da münasibət bildirib: “Dövlət rəsmi qumar oynadırsa və buna görə rəsmi şəkildə qadağa yoxdursa, reklam qanunverciliyində qadağa yoxdursa, o zaman bu, qadağan olunmuş informasiya kateqoriyasına necə düşəcək? Yəni hüquqi baxımdan hər şey qanuni edirisiniz, dövlətə vergi verilrsiniz, o biri tərədfə isə bu qadağan edilmiş informasiya hesab edilir. Bunun özü də məsələyə yanaşmanın nə qədər subyektiv olduğunu göstərir” – deyə ekspert bildirib.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button