Adil Əliyev Kəmaləddin Heydərovun müdafiəsinə qalxdı

Kəmaləddin Heydərova qarşı arxadan zərbə vurmağa cəhd etdilər. Bu xəbərlər çıxmasaydı daha çox medal qazana bilərdik”

Məlum olduğu kimi Azərbaycan boksu və Azərbaycan Boks Federasiyası, federasiyanın prezidenti Kəmaləddin Heydərovun ünvanına ağır ittihamlar irəli sürülüb. BBC-nin Newsnight televerilişi Azərbaycandan Beynəlxalq Boks Təşkilatına (World Series Boxing (WSB)) milyonlarla dollar məxfi ödəmələrə dair dəlillərin olduğunu iddia edib. WSB rəhbəri iddia edirdi ki, pullar Azərbaycan boksçularının Londonda 2012-ci il Olimpiya oyunlarında iki qızıl medal qazanacaqlarına zəmanət verilməsi müqabilində alınıb. Azərbaycanda əlaqədar təşkilatlar isə bunu təkzib edib. Amma məsələ yenə gündəmi zəbt etməkdədir. Bununla bağlı millət vəkili Adil Əliyev “Qafqazinfo”ya açıqlama verib. Adil Əliyev məsələyə yanaşmada bir neçə ştrixə xüsusi önəm verməyin vacibliyini bildirdi: “Son bir neçə ay ərzində Azərbaycana və Аzərbaycanın bir sıra rəsmilərinə qarşı açıq böhtan dolu materiallar dərc olundu. Hər bir materialın böhtan olduğunu sübutlayan əsas amil isə bu idi ki, mənbələr ya göstərilmir, ya da bunun qeyri-rəsmi olduğu bildirilir. Konkret bu məsələyə gəldikdə BBC-nin “Newsnight” proqramının jurnalisti Anna Adams mənbə göstərə bilməyib. Bu isə sübt edir ki, məsələ daha çox siyasi xarakter daşıyır”.
Millət vəkili daha sonra bildirir ki, son illər Azərbaycanda idmanın bir sıra sahələrində olduğu kimi boks sahəsində də ciddi uğurlar əldə edilib. Boks Federasiyasına məhz Kəmaləddin Heydərovun seçilməsindən sonra inkişaf daha açıq şəkildə görünməyə başlayıb və bu bəzi camiələri narahat edib: “Bu xəbərlər o zaman yayıldı ki, Azərbaycanda boks üzrə dünya çempionatına start verilmişdi. Əslində, belə addım atmaqla Azərbaycan idmançılarında bir kompleks, gərginlik yaratmağa çalışdılar. Amma buna baxmayaraq, Azərbaycan yığması ümumi komanda hesabında üçüncü yeri tutdu. Bu isə sübut edir ki, deyilənlər cəfəngdir. Mənim üçün ağrılı olan budur ki, Azərbaycan mediasında bu cür böhtanlara yer ayrıldığı zaman İngiltərənin ən məhşur qəzetləri çempionatda qızıl medal alan Maqomedrəsul Məcidovun peşəkarlığından yazır, Azərbaycanda boksun ciddi inkişafını xüsusi vurğulayırdılar. Bu paradoksdur və bir daha sübut edir ki, məsələyə yanaşmada qaranlıq məqamlar var. Hətta mən deyərdim ki, çempionat öncəsi bu cür böhtanlar olmasaydı, Azərbaycan idmançıları daha inamlı olar və daha ciddi uğurlar qazana bilərdik. Bu, mənim fikrimcə Azərbaycan boksuna ən böyük xəyanət oldu. Bunu da nəzərinizə çatdırmaq istərdim ki, hörmətli Kəmaləddin Heydərovun son aylar federasiya prezidenti kimi atdığı addımlar sübut edir ki, bu sahədə işlər xüsusi plan şəklində həyata keçirilir və Azərbaycan boksu daha ciddi uğur qazana biləcək. Bunu da nəzərinizə çatdırım ki, possovet məkanında yalnız Azərbaycanda boks üzrə dünya çempionatını təşkil etmək mümkün olub ki, bu da Azərbaycanın növbəti uğurudur”.
Millət vəkili bunu da xüsusi olaraq bildirdi ki, istər dünyada, istərsədə Azərbaycanın özündə idmanımızın inkişafı bəzi qüvvələri ciddi narahat edir. Çünki idman yeganə sahədir ki, burada bir millətin qüruru olduğu kimi ortaya çıxır və qalib toplu hər zaman həm də xalqına psixoloji üstünlük gətirir. Onun sözlərinə görə, idmanda qalib gələn azərbaycanlı idmançının qaldırdığı bayraq əslində millətin həm də qalibbiyət hislərinə ciddi təsir göstərir. Buna görə də millət vəkili Adil Əliyev hesab edir ki, bu kampaniyada kimlərsə Azərbaycan boksuna və qısa müddətlərdə uğurlara imza atan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərova qarşı arxadan zərbə vurmağa cəhd etdilər. Amma bunun qarşısı zamanında alındı .

“Xural” qəzeti,

il 9, sayı: 060 (469), 14 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button