Ailəni belə qorumurlar, Gülər xanım!

 Əvəz Zeynallını həbs etdirməklə tarixə keçən millət vəkili Gülər Əhmədova uzunmüddətli susqunluqdan sonra danışdı və nəsə deməyə çalışdı. Amma ondan gözlənilən bunlar idimi?
Gülər xanım etiraf edir ki, Əvəz Zeynallı onun telefon zənglərinə cavab vermədiyinə görə “hər iki tərəfə doğru söz deyə biləcək” şəxs – “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğludan vasitəçilik üçün xahiş edib. R.Arifoğludan iltimas eyləyəndə artıq Gülər xanımda Əvəzin həbsinə səbəb olan “lent yazısı” varmış. Və millət vəkili “qarşılıqlı razılaşma” ilə Əvəz Zeynallıya “sakit oturmağı” tapşırıbmış. Ancaq qarşı tərəf sakit oturmadığından, Gülər xanım Rauf Arifoğluya vasitəçilik təvəqqesində bulunub. Niyə? Əvəz Zeynallı “qarşılıqlı razılaşmanı” pozurdusa, ona ON DÖRD ƏDƏD xahiş dolu mesaj göndərərlərmi? Rauf Arifoğlunun vasitəçiliyindən sonra “Xural” qəzetinə gəlib “maşın-ofis-sırğa-üzük” təklif edərlərmi? Niyə dərhal əlindəki şantaj materialını ortaya qoyub Əvəz Zeynallını susdurmurdu ki?!
Deyəsən, Rauf bəyin adı da bu məsələdə gərəkdiyindən daha artıq hallanır, axı! Gülər xanım təkcə Rauf Arifoğludanmı xahiş etmişdi? Əvəz Zeynallının onu qəbul etməsi üçün daha kimlərə ağız açmışdı bu xanım? Niyə onların adını demir? Azərbaycanın çox nüfuzlu adlarının cəmləşdiyi “vasitəçilər siyahısına” Rauf bəydən başqa kimlər daxildir? Bu ünlü insanların həftələrlə davam edən təşəbbüslərinə cavab verməyən Əvəz Zeynallını elə o zaman cəzalandırmaq, əlindəki lent yazısını Korrupsiyaya qarşı Mübarizə Idarəsinə təhvil vermək daha məntiqli olmazdımı? Gülər Əhmədova niyə avqust ayında, aralarındakı son danışıq vaxtı yox, məhz oktyabrın 19-da – “Xural” qəzetinin əmlakının müsadirə olunduğu, Əvəzin qardaşı Raufun, dayısı oğlu Rəşadın işdən qovulduğu, Ədliyyə Nazirliyinin CM-nin 306.2-ci maddəsilə cinayət işi açdığını elan etdiyi həmin o məşum gündə – hüquq-mühafizə orqanlarına ərizə yazmalıydı?
Gülər xanım “bütün təşəbbüslərdən sonra” polisə müraciət etdiyini deyir. Əvəz Zeynallı əlində olan “şantaj” materialını çap etdirdimi ki, “bütün təşəbbüslər” sona yetmiş sayılsın? Axı, vasitəçilərin müdaxiləsindən sonra Əvəz Zeynallı ilə Gülər Əhmədova görüşmüşdülər. Millət vəkili iddia edir ki, Əvəz Zeynallının “ilkin razılaşmanı” pozduğunu xatırlatmaq üçün onunla görüşməyə vasitəçilər axtarırmış.
Gülər xanım, siz “şantajçı” və “reket” Əvəz Zeynallı ilə hansı “ilkin razılaşmalar” əldə etmişdiniz? Əvəz Zeynallının əlində hansı şantaj materialı vardı? Siz cinayətkar olduğunu sübuta yetirmək üçün dəridən-qabıqdan çıxdığınız bir insanla necə razılaşmaya getmisiniz? Bilmirsinizmi ki, cinayətkarla razılaşmaya getməyin özü də cinayətdir? Sizin “razılaşmanıza görə”, Əvəzin səsi olan şantaj yazısı müqabilində baş redaktor hansı materialı verməməliydi?
Yenə də gəldik əsas suala. Gülər xanım “ailəmi qorumaq üçün bu addımı atdım” deyir, yəni Əvəzin səsini yazdığını və Korrupsiyaya qarşı Mübarizə Idarəsinə verərək onu həbs etdirdiyini açıqlayır. Əvəz Zeynallının əlində hansı fakt vardı ki, o açıqlansaydı, baş redaktor “zərərçəkən” olacaqdı? Millət vəkili elə beləcə də deyir: “Mənim ailəmdən kimsə cinayətkar ola bilərdi”. Nə imiş Əvəzin əlindəki “şantaj” materialı ki, ona görə ortaya qan düşmə təhlükəsi xanımı belə narahat edib?
Azərbaycan reallığında ailəni qan tökməyə, cinayətkar olmağa vadar edən yalnız bir səbəb var və millət vəkili də üstüörtülü şəkildə ona eyham vurur. Deyir, “saçma-sapan, fantaziyalı bir şeylərə” görə… Gülər xanım, “saçma-sapan, fantaziyalı şeylərə” görə də ailə üzvlərinizdən kimsə cinayətkar ola bilərdimi?
Yenə və yenə gəlirik eyni sualın üstünə: axı, bu “saçma-sapan” nədir, Gülər xanım? Sizin təbirinizcə, Əvəz Zeynallı bu “saçma-sapanları” çap etməməklə razılaşmaya əməl edib. Bəs, siz niyə polisə müraciət etdiniz? Fikirləşmirsiniz ki, “saçma-sapanları” yalnız bundan sonra Əvəz Zeynallı mətbuata çıxara və sizin ailənizdən kimisə cinayətkar edə bilər?
Üstəlik, hətta Əvəz Zeynallı həbs ediləndən sonra da ortalığa neç bir şantaj materialı çıxmırsa aydın deyilmi ki, onun əlində kimisə, o cümlədən Gülər Əhmədovanı şantaj edəsək hər hansı yazı-filan olmayıb və bütün bunlar boş söhbətlərdir.
Bunları dərk etmək çoxmu çətindir?

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button