ANS-in kollektivi dağılır

Elçin Şıxlı: “ Çox təəssüf ki, böyük jurnalist ordusu işsiz-gücsüz qalıb”

ANS TV-nin bağlanılmasından artıq bir aydan çox vaxt ötür. İlk günlər telekanalın fəaliyyətinin yalnız 1 aylıq dayandırıldığı deyilsə də, sonradan məhkəmə qərarı ilə lisenziyası tamamilə ləğv edildi. 
Buna baxmayaraq, ANS-çilər ümidlərini itirmir, son olaraq 29 avqustda hansısa qərarın qəbul ediləcəyini gözləyirdilər. Bu tarixin seçilməsi heç də təsadüfi deyildi. Həmin gün Milli Qəhrəman, jurnalist Çingiz Mustafayevin doğum günü idi. Məhz bu gündə ANS-in əməkdaşlarına sevincli xəbər veriləcəyinə ümid edənlər az deyildi. Lakin göründüyü kimi, bu ümid də özünü doğrultmadı.
ANS-in hansı səbəbdən bağlanılmasından asılı olmayaraq, əməkdaşları sosial problemlərlə üz-üzə və işsiz qalıb. Bəzi əməkdaşlar artıq başqa kanalda fəaliyyətə başlayıblar. Onların əksəriyyətini “Region TV” qəbul edib. Məsələn, “Şəbəkə “ verilişinin aparıcısı Rahil Sayadoğlu, “Xəbərçi” verilişinin aparıcısı Natiq Nailoğlu yeni mövsümdə artıq adı çəkilən kanalda fəaliyyət göstərəcək.
Analıq məzuniyyətindən qayıdan  Xoşqədəm Hidayətqızı da “Xəzər” televiziyasında fəaliyyət göstərəcək. Onun qeyd olunan kanaldakı layihəsi “Səni axtarıram araşdırmaçı-jurnalist Xoşqədəmlə” adlanır.
ANS TV-nin daha bir aparıcısı, hələ mart ayından bu kanalda fəaliyyətinə son qoyan Xanım Yadigarlı da “Xəzər” televiziyasında çalışacağını açıqlayıb.
ANS-in digər məşhur simaları-ABŞ üzrə xüsusi müxbiri, Fətullah Güləndən müsahibə aldığı üçün televiziyanın bağlanılmasında adı hallanan Qənirə Ataşova, Elgiz Əkbər, əsasən vətənpərvərlik mövzusu üzrə layihələrin müəllifi kimi məşhurlaşan Rahib Qərib, Rövşanə Bektaşı və digər onlarla  əməkdaşın hansı televiziya kanalında fəaliyyət göstərəcəyi ilə bağlı məlumat yoxdur. Onların əksəriyyəti bu günə qədər ANS-in bağlanmasını qəbul etmədiklərini, bu səbəbdən də başqa televiziyalarda iş axtarmadıqlarını bildiriblər.
Bəs görəsən, Azərbaycanın media rəhbərliyi   ANS-in çoxlu sayda əməkdaşının işsiz qalması məsələsinə niyə susqunluq nümayiş etdirir?  Mətbuat Şurası bu cür hallarda hansısa addımlar atmalı, işsiz qalan əməkdaşların başqa media orqanlarında yerləşdirilməsinin qayğısına qalmalıdırmı?
Azərbaycan Jurnalistlər Birliyinin sədri, son illərdə fəaliyyətini dayandırmağa məcbur olan “Ayna”- “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı suallarımızla bağlı bunları dedi: “Mətbuat Şurası ancaq çap mediasına aid bir qurumdur. Məlumdur ki, televiziyaların  bu quruma heç bir aidiyyəti yoxdur. Eyni zamanda, bu qurumda fərdi jurnalist üzvlüyü də yoxdur. Yəni hər hansı bir jurnalist fərd olaraq Mətbuat Şurasına üzvü ola bilmir, nizamnamədə bu nəzərdə tutulmayıb. Ona görə də Mətbuat Şurası bu məsələlərə hüquqi cəhətdən müdaxilə edə bilməz, yalnız hansısa hadisə ilə bağlı fikir söyləyə bilər.
ANS TV bağlanmamış görürdüm ki, Mətbuat Şurasını üzvləri telekanala qarşı olan fikirlər söyləyirdi. Ona görə də hansısa media icması və ya toplusunun hərəkətə gələcəyindən  danışmaq olmaz.  Media icması, toplumu deyə artıq bir şey qalmayıb. ANS TV bütün əyri-əskikləri, mövcud vəziyyəti nəzərə alaraq özünün ən azından müstəqil, peşəkar fəaliyyətini davam etdirmək əzmində idi və onun da altını çəkir. Çünki ANS-dən başqa heç bir televiziya 15 iyul hadisələrini anba-an izləməyib və oradan reportajlar verməmişdi.
ANS TV həmin vaxt işlədi və səhvlər yalnız iş görülən məqamda baş verə bilər. Çox təəssüf ki, böyük jurnalist ordusu işsiz-gücsüz qalıb. Eyni ilə mən qəzet redaktoru kimi eyni aqibəti yaşamışam. Lakin səbəblər tamam başqa idi. Mənim də 155 işçim çöldə qaldı. Şükür ki, onların böyük əksəriyyəti artıq özünə iş tapıb, bir qismi isə hələ də iş tapa bilməyib. Mən təəssüf edirəm ki, peşəkar fəaliyyətə siyasət müdaxilə edir və siyasət jurnalistikanı məhv edir. Ən böyük təəssüf hissi də odur ki, qardaş ölkədə baş verən hadisələr bizim daxili işlərimizə də sirayət edir”.
Xalidə Gəray

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button