APA-nın işinin bərpası ilə bağlı proqnozlar özünü doğrultmur

APA agentliyinin işinin tezliklə bərpası ilə bağlı sosial şəbəkələrə sızan məlumatlar özünü doğrultmur.

Bu KİV-in rəhbərliyi dərin sükutdan sonra bu gün müəmmalı bəyanatla çıxış edib ki, bu da vəziyyətin mürəkkəb olduğunu göstərir. Agentliyin rəhbəri Vüsalə Abışova Facebook-da yazıb ki, APA-nın saytları müəyyən səbəblərdən agentliyin özü tərəfindən bağlanıb. Araşdırma aparılır, nəticələrlə bağlı informasiya veriləcək”.

Prezident Administrasiyasının ideoloji şöbəsinin rəhbəri, KİV sahəsinə məsul olan Əli Həsənov susur. Uzun illərdir ki, APA ilk növbədə onun himayəsi altında olub.

Bir neçə gün öncə çox mühüm olmayan bir nəşrin müdafisinə qalxan bu şəxsin indi belə susmasının səbəbi nədir?

Junalistlərin “əbədi dostu”, Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov və onun gecə-gündüz AzərTAC-ın səhifələrində geosiyasi və beynəlxalq məsələlərlə bağlı anlamsız şərhlər yazan çevrəsi də susur.

Vüsalə Abışovanın da daxil olduğu Mətbuat Şurasının üzvləri də susurlar. Sanki indiki vəziyyətdə necə danışmağın lazım gəlməsi, ümumiyyətlə danışmağın lazım olub-olmaması ilə bağlı komanda gözləyirlər.

Bütün bunlar belə düşünməyə əsas verir ki, agentliyin bloklanması, sadəcə, dövlət başçısının sitatının düzgün olmaması ilə bağlı deyil. Bu səhv bəhanə olub. Gerçək səbəb sonralar məlum olacaq, gərçi indi də müəyyən qədər mülahizə yürütmək olar.

Məlumdur ki, hakimiyyət illərlə ona xidmət edən qurumu xilas etmək istəmir. Sirr deyil ki, agentliyə rəhbərlik edən xanım çoxdandır ki, yuxarıları qıcıqlandırır. Ona görə də tamamilə loyal və hökumətyönlü KİV-in statusu hələ biznesin və mövqenin saxlanmasına zəmanət deyil. Üstəlik yazılı və qeyri-yazılı oyun və davranış qaydaları var ki, bunlar bəzən siyasi loyallıqdan da vacibdir.

Ölkənin media sahəsində bir ilə yaxındır ki, bazarın bölünməsi prosesi gedir. Səhnəyə yeni iri oyunçu daxil olur, öz qaydalarını diqtə edir və mane olanları kənarlaşdırır.

Sonuncular sırasına dövlətin boynunda oturan, zərərdən başqa faydası olmayan mənasız qəzet və saytların kuratorları da daxildir.

Bu gün onlarla sayt oliqarxların və dövlət strukturlarının dotasiyasındadır. Onların ilk təyinatı adamların diqqətini sosial şəbəkələrdən yayındırmaqdır. Hakimiyyətin bu planlarından vaxtında duyuq düşən redaktorlar yaxşı zənginləşdilər. Müxalifət cəbhəsindən tez hakimiyyətə tərəf yan alaraq hökumətin fəal təbliğatçılarına çevrildilər. Ancaq bu rolu oynamağa razı olanlar unutdular ki, elə şeylər var ki, yalnız birdəfəlik olur. Doğrudur, bəzən ondan təkrar istifadə edirlər.

Uzun illərdir ki, rəsmi statistika məhz əhalini real problemlərdən çəkindirməkdən ibarət olub. İstənilən diskussiya, bu və ya digər qərarın düzgünlüyü ilə bağlı şübhələr xarici dairələrin maraqlarının ifadəsi və ya erməni işi kimi qələmə verilib.

KİV-lərin hökumətdəki indiki kuratorları öz rollarını məhz bunda görüblər. Odur ki, istənilən ciddi problem – istər Mingəçevirdə baş vermiş qəza, istərsə də Gəncə iğtişaşları səhvlərin və ya qeyri-peşəkarlığın obyektiv yekunu kimi yox, düşmən əməli kimi qəbul edilir.

Ölkədə normal KİV, ciddi analitik mərkəzlər, sosial araşdırmalar və açıq diskussiyalar olsaydı körpülər uçmazdı, ölkə boyunca elektrik enerjisi kəsliməzdi, merin əlaltıları küçələrdə söyüş söyməzdilər.

Bu gün ölkənin ideoloji məkanında, yenidən islahatlar (informasiya məkanında yeni oyunçuların meydana gəlməsi də daxil olmaqla) aparmaq istəyənlər bütün bunları nəzərə almalı və bu sahədə baş rola iddia edən əyalət düşüncəli təsadüfü adamları bu sahədən uzaqlaşdırmalıdır.

Korrupsiyaya qarşı mübarizəni əyalətli dələduz yüz milyonlarla dolları Xəzərin dibində batırdıqdan, bank rəhbəri milyardları mənimsədikdən sonra aparmaq lazım deyil.

Yoxsa, bütün bunlar təkrarlanacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button