Aqil Ələsgəri “Bandotdel” həbs edib-AMAŞOV AÇIQLADI

“Yeni Çağ” Media Qrupunun rəhbəri, jurnalist Fərəcov Aqil Ələsgər oğlunun yoxa çıxdığı haqqında bir neçə saat əvvəl xəbər yayılmışdı. Ailəsi iddia edirdi ki, onu naməlum şəxslər oğurlayıb.

Aradan keçən zaman içində məlum olub ki, Aqil Ələsgəri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşkları saxlayıb. Xural.com xəbər verir ki, bu haqda Mətbuat Şurasının sədri Əflatun Amaşov özünün facebook səhifəsində status paylaşıb. Əflatun Amaşov yazır: “İş gününün sonuna doğru “Yeni Çağ” saytının baş redaktoru Aqil Ələsgərin yaxınları tərəfindən zəng gəldi. Jurnalistlə əlaqə saxlamağın mümkünsüzlüyü bildirildi. Bütün əlaqədar qurumlarla təmaslar qurduq. Aldığımız ilkin məlumat bu oldu ki, Aqil Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İş günü başa çatdığı üçün məsul şəxslərlə əlaqə saxlamaq mümkün olmadı. Ancaq sabah işimizi davam etdirəcəyik. İlk addım kimi Azərbaycan Mətbuat Şurası adından Daxili İşlər Nazirliyinə müraciət ünvanlayacağıq. Jurnalistin saxlanma səbəbini aydınlaşdırmaq lazımdır. Əlbəttə, Aqil Ələsgərlə bağlı məsələnin ədalətli, qanunlarımız çərçivəsində həlli vacibdir və buna çalışacağıq. Ümumən, məsələ diqqətimizdədir.”

Xural.com xüsusi qeyd edir ki, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgərin artıq bir neçə saatdır ki, həbs olunmasına baxmayaraq, onun daxil olduğu media qruplaşmasının xəbərə laqeyd yanaşması və Aqili müdafiə etməməsi müşahidə olunur. Bu da maraqlı nüanslar yaradır. Şəbəkə mediası öz mənsubunu sanki görməzlikdən gəlir və susur. Görünür, onlar da “yuxarı”dan razılıq gözləyirlər. Axı hətta öz silahdaşlarının qorunması üçün də onlara xüsusi “icazə” lazımdır. Deməli, işlər o qədər də rahat deyil.

Biz isə Aqil Ələsgərin işini diqqətdə saxlayacağıq. Tezliklə onun azadlığa çıxmasını gözləyirik.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button