Avropa Məhkəməsi Əvəz Zeynallının işi üzrəkommunikasiya başlatdı

Avropa İnsan Hüquqları Məhkəməsi 2011-ci ildə həbs olunan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının ərizəsi üzrə kommunikasiyaya başlayıb. Bu haqda Əvəz Zeynallının vəkili, Media Hüquqları İnstitutunun ozamankı rəhbəri Rəşid Hacılı məlumat verib. Strateq.az saytı Rəşid Hacılının facebook səhifəsində yazdığı statusu təqdim edir:

“O zaman deputat olan Gülər Əhmədovanın şikayəti ilə cinayət işi başlayıb tələsik Əvəz bəyi həbs etdilər, sonra başqa ağır ittihamlar qoşdular və uzunmüddətli həbs cəzasına məhkum etdilər.
Avropa Məhkəməsi Əvəz Zeynallının həbsinin, evində, ofisində axtarış aparılmasının qanunsuzluğundan, ədalət mühakiməsinin hüququnun pozulmasından (Konvensiyanın 5, 6, 8 və 10-cu maddələrinin pozuntusu) hökumətə suallar yollayıb.”

Xatırladaq ki, Əvəz Zeynallı 2011-ci ildə rəhbərlik etdiyi “Xural” qəzetini gündəlik nəşrə keçirəndən sonra hökumətdaxili qruplaşmaların hədəfinə gəlmiş, bir ay boyu həftədə 7 dəfə çıxan “Xural” qəzetinin əmlakı 19 oktyabr 2011-ci ildə müsadirə olunaraq aparılmış (hələ də qəzetin əmlakı qaytarılmayıb), bir gün sonra isə “Xural” qəzeti “Ekspress” mətbəəsinin imtina etməsindən sonra çapını dayandırmağa məcbur olmuşdu. 2011-ci il oktyabrın 28-də Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs olunan Əvəz Zeynallıya ozamankı deputat Gülər Əhmədovanın şikayət ərizəsi əsasında ilk olaraq 3 ay həbs qətimkan seçilmiş, sonra müxtəlif maddələrlə cinayət işi başladılmışdı. Əvəz Zeynallı 2012-ci ilin mart ayının 12-də CM-nin 213.1 (vergidən yayınma), 306.2 (qanuni qüvvəyə minmiş qərarları qərəzli olaraq icra etməmək), 311.3.2, 311.3.3, 311.3.4-cü (hədə-qorxu tətbiq edərək rüşvət tələb etmək) maddələri ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilmiş, 3 il 2 ay 2 gün sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2014-cü ildə imzaladığı fərmanla 30 dekabr 2014-cü ildə azadlığa çıxmışdır. Həbsdə olduğu müddətdə beynəlxalq təşkilatlar Əvəz Zeynallını siyasi məhbus hesab etmiş, eyni zamanda “Amnesty İnternational” təşkilatının siyahısında Əvəz Zeynallı vicdan məhbusu kimi tanınmışdır. Həbsdə olduğu müddətdə ABŞ Dövlət Departamenti Əvəz Zeynallının həbsdən azad olunmasını tələb etmişdi.

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button