Avropa Parlamenti Aİ-ni Ermənistana üzvlük statusu verməyə çağırır

Yayımlandı: 14 Mart 2024 12:23

Qətnamədə Bakının Yerevana təhdidləri də pislənilir

Martın 13-də Avropa Parlamentində “Avropa İttifaqı (Aİ) və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı qətnamə qəbul olunub.

Qətnamədə Ermənistanın Aİ ilə münasibətlərini gücləndirmək istəyi alqışlanır.

Həmçinin Avropa İttifaqının icra orqanlarını, Avropa Komissiyasını və Avropa Şurasını bu arzuya müsbət cavab verməyə çağırırlar.

Qətnamənin lehinə 504, əleyinə 4 nəfər səs verib, 32 deputat bitərəf qalıb.

Bildirilir ki, Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlamağın vaxtı çatıb.

Bundan əlavə, Avropa Parlamentinin üzvləri Ermənistana Aİ üzvlüyünə namizəd statusunun verilməsi imkanlarına baxmağa çağırırlar.

Avropa Parlamentinin deputatları əmindirlər ki, əgər Ermənistan namizəd statusu almaqda maraqlı olsa və demokratiyanı gücləndirən davamlı islahatlar yolunda davam etsə, bu, Aİ-Ermənistan münasibətlərində transformasiya mərhələsi üçün əsas ola bilər.

Qətnamədə Azərbaycan silahlı qüvvələrinin Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə soxulması və onun bəzi hissələrinin davam edən işğalı pislənir:

Azərbaycan qoşunlarını Ermənistanın bütün suveren ərazisindən çıxarmalıdır. Azərbaycanın Prezidenti və digər rəsmi şəxsləri Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təhdidlərdən, o cümlədən Azərbaycanı Naxçıvanla birləşdirən xarici dəhlizin yaradılması tələblərini ehtiva edən bəyanatlarından çəkinməlidirlər”.

Qətnamədə vurğulanır ki, Aİ Ermənistanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü təhdid edən şəxslərə və təşkilatlara qarşı sanksiya rejimi yaratmağa hazır olmalıdır.

Sənəddə Dağlıq Qarabağın erməni mədəni, dini və tarixi irsinin qorunub saxlanmasının vacibliyindən bəhs edilir, onun dağıdılması, vandalizm və təhqir olunmasından ciddi narahatlıq ifadə edilir:

Azərbaycan bu mədəni sərvəti qoruyub saxlamağa, YUNESKO-dan isə Dağlıq Qarabağda nəsli kəsilməkdə olan erməni mədəni irsinin qorunub saxlanılması və qorunması üçün təcili tədbirlər görməyə çağırırıq. Eyni zamanda, Azərbaycanı Dağlıq Qarabağ ermənilərinin hüquqlarına hörmət etməli, onların təhlükəsizliyini, beynəlxalq müstəvidə ləyaqətli və təhlükəsiz şəkildə öz evlərinə qayıtmasını təmin etməlidir”,- deyə qətnamədə bildirilir.

Avropa Parlamentinin üzvləri Azərbaycanı Dağlıq Qarabağ və Ermənistanın Azərbaycanda hələ də həbsdə olan bütün sakinlərini azad etməyə çağırır:

Bakı Beynəlxalq Ədalət Məhkəməsinin bütün qərarlarının dərhal və effektiv icra etməlidir”.

Qətnamədə sülh sazişinin imzalanması məqsədilə Ermənistan və Azərbaycan arasında bütün həll edilməmiş məsələlər üzrə danışıqların bərpasına dəstək ifadə edilir və hər iki tərəf problemin dialoq və danışıqlar yolu ilə davamlı və sülh yolu ilə həllinə nail olmaq üçün tam öhdəlik götürməyə çağırılır.

XİN. Foto: Wikipedia

Azərbaycan Xarici İşlər Nazirliyi qətnaməni əsassız və qərəzli olmaqla yanaşı, ikili standartların bariz nümunəsi adlandırıb.

Nazirliyin martın 14-də yaydığı açıqlamada qeyd olunub ki, Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən qəbul olunan qətnamə, “sülhün təşviq edilməsi” kimi təqdim olunmasına və guya Avropa İttifaqı-Ermənistan münasibətlərinə həsr olunmasına baxmayaraq, Azərbaycana qarşı bütün faktların saxtalaşdırıldığı qarayaxma kampaniyasının tərkib hissəsidir.

 “Qətnamədə beynəlxalq əlaqələrin mahiyyətinə zidd olaraq siyasi etik normalardan kənara çıxan cəfəng və təhqiramiz ifadələrin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı açıq pozuntu dolu fikirlərin əks olunması qətnaməni irəli sürmüş Avropa Parlamenti üzvlərinin əsl mahiyyətini izah edir”, – deyə XİN qeyd edib.

Xarici İşlər Nazirliyi  hesab edir ki, Avropa Parlamenti Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə müdaxilə əvəzinə Avropanı bürüyən daha ciddi problemlər, o cümlədən irqi ayrıseçkilik, islamofobiya, ksenofobiya, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış kimi məsələlərlə məşğul olsa, daha faydalı quruma çevrilər:

“Avropa Parlamenti üzvlərinin diqqətinə bir daha çatdırırıq ki, bəyan etdiyi dəyərlərlə heç bir əlaqəsi olmayan bu kimi qətnamələr Avropa Parlamentinin bir qurum kimi rolunu tamamilə heçə endirir”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button