Xədicə İsmayılova da polisə çağırılıb

Yayımlandı: 14 Mart 2024 11:56

Baş redaktor “Toplum TV işi” ilə əlaqədar ifadə verəcək

“Toplum TV”-nin baş redaktoru Xədicə İsmayılova martın 14-də Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib. Bu barədə jurnalist özü məlumat verib.

“Bu gün saat 15:00-da məni gözləyirlər” – deyə, o “Facebook” hesabında yazıb.

Martın 6-da polis “Toplum TV”-nin ofisinə basqın edib, ofislə yanaşı saytın bir neçə əməkdaşının evində, o cümlədən III Respublika Platformasının ofisində axtarış aparılıb. Ofisdən 30 min avro, əməkdaşların evlərindən isə 2700, 3100, 20000 avro pul vəsaiti tapıldığı bildirilib.

Saxlanılanlardan Akif Qurbanova, Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əmrahova 206.3.2 (qaçaqmalçılıq) ittihamı ilə cinayət işi açılıb.

Martın 8-də isə hüquqşünas, “Toplum TV”-nin təsisçilərindən olan Ələsgər Məmmədli mülki geyimlilər tərəfindən “İstanbul” Klinikasının önündə saxlanılıb. Həmin gün polis III Respublika Platformasının Qurucu Heyətinin üzvü Ruslan İzzətlini də saxlayıb. Hər ikisinin evində axtarış aparılıb. Ələsgər Məmmədlinin evindən 7300 dollar tapıldığı iddia edilib.

Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflı onların evindən də “pul tapıldığını” qeyd edib. Bu işlə bağlı saxlanılanlardan Ələsgər Məmmədli (“Toplum TV”-nin təsisçisi), Müşfiq Cabbar (“Toplum TV”), Akif Qurbanov (III Respublika Platforması), Ruslan İzzətli (III Respublika Platforması), Ramil Babayev (Demokratik Təşəbbüslər İnstitutu), İlkin Əmrahov (Demokratik Təşəbbüslər İnstitutu), Əli Zeynala (Demokratik Təşəbbüslər İnstitutu) Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Özləri ittihamı qurama sayırlar.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button