AXCP-nin Daşkəsən şöbəsinin sədri saxlanılıb

Yayımlandı: 19 Mart 2024 12:44

Partiya sədri Sahib Məmmədzadənin zorakılıqla saxlanıldığını, bacısının vurulduğunu deyir

Martın 18-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Sahib Məmmədzadənin saxlanıldığı bildirilir.

Bu barədə AXCP sədri Əli Kərimli məlumat yayıb.

Partiya sədri bildirib ki, Sahib Məmmədzadə AXCP Daşkəsən şöbəsinin sədridir və o, martın 18-i axşam saatlarında 4 nəfər mülki və maskalı şəxs tərəfindən Daşkəsən postunda zorakılıqla saxlanılıb, naməlum istiqamətə aparıb. Hazırda onun harada olması barədə məlumat yoxdur.

Sahib bəy oğurlanan zaman bacısı da onunla birlikdə maşında olub. Bacısı Sahib bəyin zorakılıqla oğurlanması səhnəsini telefonu ilə çəkmək istəyərkən mülki geyimlilər onu vurub. Dara düşəndə milli mentalitet arxasında gizlənənlər, utanmadan qadına da əl qaldırıblar”, – Əli Kərimli bildirib.

Əli Kərimli bu işdən Azərbaycan hakimiyyətini məsul tutur. Bildirir ki, Sahib Məmmədzadəni zorakılıqla saxlayıb naməlum istiqamətə aparanlar dövlətin güc və ya repressiya qurumlarıdır:

“Elə bu gün hüquq müdafiəçiləri siyasi məhbusların yenilənmiş siyahısını yayıb. Azərbaycanda siyasi məhbusların sayı 288 nəfərə çatıb. Ölkəmiz dünyanın ən qeyri-demokratik, repressiv ölkələrindən birinə çevrilib. Cənubi Qafqazdakı qonşularımızın Avropa İttifaqı üzvlüyü yolunda olduğu bir zamanda bizim ölkəmizdə qeyri-sivil, orta əsrlərə yaraşan sərt repressiv rejim quranlar bu xalqın inkişafına və özünə qənim kəsilənlərdir. Tarix, indiki və gələcək nəsillər onları unutmayacaq. Onlar xalq qarşısında da, tarix qarşısında da məsuliyyətlərini daşıyacaqlar. Bizim bugünkü cari vəzifəmiz isə Sahib Məmmmədzadəyə, Tofiq Yaqublu başda olmaqla bütün siyasi məhbuslara hamılıqla azadlıq tələb etməkdir”, – Kərimli bildirib.

Məsələyə Daşkəsən rayon Polis Şöbəsindən və Daxili İşlər Nazirliyindən (DİN) münasibət öyrənmək mümkün olmayıb.

Hazırda həbsdə AXCP-nin ən azı beş fəalı var. Onlar müxtəlif ittihamlarla uzunmüddətli həbs cəzasına məhkum edilib.

Özləri və təmsil olunduqları partiya hər birinin siyasi sifarişlə cəzalandırıldığını bildirsələr də, hakimiyyət rəsmiləri bunu inkar edir, ölkədə siyasi baxışlarına görə həbslərin olmadığını deyirlər.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button