Azərbaycan Ermənistanı təxribatda günahlandırır

Azərbaycan Ermənistanı təxribata cəhddə günahlandırır. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.

Məlumata görə, sentyabrın 22-si gecə saat 2 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yenidən təxribat törətməyə cəhd edib. “Qarşı tərəf Kəlbəcər istiqamətində yerləşən bölmələrimizi iriçaplı silahlardan, qumbaraatan və minaatanlardan atəşə tutub. Ermənistan silahlı qüvvələrinin diversiya qrupu qeyd olunan ərazilərdə dərə boşluqlarını minalamaqla bölmələrimizə basqın etməyə cəhd göstərib”, -məlumatda bildirilir.

Açıqlamaya görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəf geri çəkilməyə məcbur edilib.

Bu məlumata, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil.

Ötən həftə Azərbaycan və Ermənistan sərhədində vəziyyət yenidən gərginləşmişdi. Hər iki tərəfdən hərbçilərin həlak olduğu açıqlanıb.

Ermənistan rəsmiləri bəyan ediblər ki, Azərbaycan silahlı qüvvələri onların ərazisinə daxil olub. Azərbaycan isə Ermənistanı təxribatda günahlandırıb.

Sentyabrın 14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button