Azərbaycan Qarabağdakı saxta yer adlarının dəyişdirilməsi üçün Google Maps-ə müraciət etdi

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli bildirib ki, hazırda bu məqsədlə danışıqlar davam etdirilir.
Azərbaycan “Google Maps”-də (“Google-Xəritələr”) qeyri-korrekt şəkildə təsvir olunan Qarabağla bağlı toponimlərin dəyişdirilməsi üçün “Google” şirkətinə müraciət edib. Bu barədə Sputnik Azərbaycan-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli məlumat verib.
Azərbaycanın öz torpaqlarını bir il bundan əvvəl işğaldan azad etməsinə baxmayaraq, “Qlobal Google Maps” kartoqrafiya xidmətində Qarabağda yerləşən yaşayış məntəqələrini və tarixi abidələri müəyyən etmək üçün tez-tez erməni adlarından istifadə olunur.
“Dünyada məşhur “Google Maps” tətbiqində bütün adların Azərbaycan dilində verilməsinə vaxt lazımdır. Biz qısa müddət ərzində Qarabağdakı bütün yer adlarının və tarixi abidələrin adlarının öz dilimizə çevrilməsi üçün əlimizdən gələni edirik. Bütün dünya bilməlidir ki, bu ərazilər Azərbaycana məxsusdur. Təəssüf ki, bu, bir o qədər də asan iş deyil. Biz indi “Google Maps” xidmətini işləyib-hazırlayanlarla danışıqlar aparırıq. Bunun nə qədər vaxt alacağı hələlik məlum deyil”, – deyə Cəfərli qeyd edib.
Xatırladaq ki, “Google Maps” – “Google” tərəfindən təqdim edilən pulsuz kartoqrafiya xidməti və texnologiyalar əsasında qurulmuş bir sıra tətbiqlərdən ibarətdir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button