Azərbaycan zənginləşir, çox böyük sürətlə zənginləşir.

Qənimət Zahid

«Azadlıq» qəzetinin baş redaktoru

«Bir millət» deyiləndə hansı millətdən danışırsınız?

 Türkiyə mətbuatı Azərbaycan haqqında danışmağı sevməz. Türkiyə mətbuatı Azərbaycan haqqında danışanda yalnız Azərbaycanda əhalinin 10 faizinin maraqlarını güdən bir toplum ilə bağlı xəbər paylaşmağı sevər. Geridə qalan 90 faizin problemləri isə türk mətbuatına girə bilmir.

Eynilə rus mətbuatı kimi. 2006-cı ilin fevral ayının 12-də (ad günümdən iki gün sonra) Rusiyanın nüfuzlu qəzetlərindən olan «İzvestiya»nın bir müxbiri etiraf etdi: «Biz Azərbaycan iqtidarının bəyənmədiyi problemlərlə bağlı yazmamağa çalışırıq. Azərbaycanın nüfuzlu nazirlərindən biri bizim qəzetə hər ay 50 min dollar pul ödəyir».

Amma başqa rus qəzetləri də Azərbaycan haqda iki növ yazılar paylaşır:

  1. Azərbaycan iqtidarının «uğurlu daxili siyasəti» haqqında yazılar.
  2. Erməni lobbisinin Azərbaycana qarşı hərbi-siyasi vəziyyətini aydınlaşdıran yazılar.

Türk mətbuatında ikinci variant yoxdur, birinci variant isə işlək vəziyyətdədir. Amma Azərbaycan yalnız əhalinin 10 faizinin maraqlarını güdən toplumdan ibarət deyil. Sadəcə, Azərbaycanın bütün sərvətləri və iqtisadi sərvətləri bu 10 faizin içindədir.

2009-cu ilin sonunda «Vaşinqton Post» qəzeti İlham Əliyevin 10 yaşlı oğlunun adına olan 45 milyon dollarlıq villa haqda yazdığı zaman Azərbaycan əhalisinin tam 30 faizinin yaşamaq üçün bir evə ehtiyacı var idi. 1993-cü ilin iyun ayından – Heydər Əliyevin iqtidara gəldiyi vaxtdan indiyə qədər Azərbaycanda hər il ən azı 50 siyasi məhbus oldu. Bəzən onların sayı 1000 nəfərə qədər yüksəldi. Balaca Azərbaycan üçün bu, az göstərici deyil. İndi, bugünlərdə də onların sayı 50-dən çoxdur və bu insanlar hər hansı bir cinayətdə günahkar deyillər. Onlar mitinqə çıxmaq, «Facebook» və başqa sosial şəbəkələrdə fəal olmaqda günahkar bilinirlər. Onlardan 12-nin məhkəməsi indi də davam edir. Azərbaycanda insanlar bu elementar haqlardan məhrumdurlar.

Azərbaycan nəzarətsizliyin səviyyəsinə görə dünyada ilk yerlərdən birini tutur. Dövləti idarə etdiyini iddia edən bir neçə nəfər ölkənin sərvətlərinin 90 faizini əlində cəmləşdirib. 1996-cı ildən başlayan və 2005-ci ilə qədər davam edən özəlləşdirmə kampaniyası zamanı dövlət büdcəsinə cəmi 400 milyon dollar daxil oldu. Ancaq bu kampaniya zamanı toplanan rüşvətin həcmi 4 milyard dollardan çoxdur. Rəsmən özəlləşdirilən və Azərbaycan xalqının son 100 il içində qazandığı maddi sərvətlərin tam 90 faizi də dövləti idarə etdiyini iddia edən toplumun əlinə keçdi.

Azərbaycanda rəsmi milyonçular yoxdur. Amma hökumətin nazirləri və Əliyevlər sülaləsi qeyri-rəsmi milyarderlər statusuna malikdirlər. Rəsmən və ya qeyri-rəsmi olaraq milyonçu kimi qəbul edilən, dövlət vəzifəsi daşımayan tək bir nəfər də yoxdur. Ancaq bununla bərabər, prezident və ona bağlı olan nazirlərin əmlaklarının dəyəri uyğun olaraq 60 milyard və 2-3 milyard təşkil edir.

Türk mətbuatı «bir millət» adlandırdığı əhalinin hansı zəlil gündə yaşadıldığını görmək istəmir. Demək ki, Azərbaycandakı 10 faiz varlı və heç bir hüquq çərçivəsinə sığmayan, məsuliyyətsizcəsinə hüdudsuz və qanundankənar sahiblik haqqına sahib olan bir zümrəyə «qardaş», «eyni millət» demək daha asandır.

Türk mətbuatı «Türkiyənin strateji ortağı» adlanan Azərbaycanın rusbaşlı iqtidarını bütün strateji problemlərin müzakirə olunması və həlli zamanı Rusiyanın yanında olan dövlət qurumunu «bir millət» görürsə, tamam, burda bir problem yoxdur. Amma bu vaxt Azərbaycanla Türkiyəni «bir millət – iki dövlət» adlandırmağa heç kimin haqqı yoxdur. Azərbaycanda sadəcə 5 ən iri bankın ümumilikdə 2 milyard dollarlıq həcmi olan fond yalnız İlham Əliyevin lideri olduğu Əliyevlər ailəsinə məxsusdur: (Kapitalbank, Paşabank, Xalqbank, Ekspressbank, Silk Vaybank).

Ölkənin ən böyük şirkət və holdinqləri bu ailəyə aiddir. Onlar eyni zamanda bütün vergi və maliyyə nəzarətindən kənardadırlar. Sadə Azərbaycan insanının bizneslə məşğul olmaq hüququ yoxdur: bütün biznes və ticari işlər yalnız o zaman «qanuni» olur ki, dövlət adamlarının birinə rüşvət verir və ya onlardan biri ilə şərik olur. Yaxud öz biznesini qurub sonra onlara təslim etməyə, onlardan maaş almağa məcbur ediləcəksən, ya da səni türməyə atıb əlində olan hər şeyi alacaqlar. Sadə azərbaycanlı biznes qurub, bir kibrit çöpü belə istehsal edə bilməz, bir kibrit çöpünü belə ölkəyə idxal edə bilməz. Hər yerdə, bütün əməliyyatlar üzərində mafiyanın ciddi bir nəzarəti var.

Amma nədən Türkiyə mətbuatı Azərbaycan həqiqətlərinə diqqət ayırmaq istəmir? Neft siyasətinə bu mətbuat nəzər yetirmir. Bu mətbuat Əliyevlərlə şərik deyil. Bu mətbuat Azərbaycanı həqiqətən də «bir millət» kimi görürsə, orada zəlil və səfil edilən bir millətin, demək ki, öz millətinin acınacaqlı halı haqqında xəbər paylaşmağı niyə bu qədər qorxulu və ya bu qədər uzaq sayır?

Siz Azərbaycandakı milləti türkiyə ilə eyni millət kimi görürsünüz? Və ya sadəcə nə zamansa elan edilən bu şüarı saxta qəbul edib, onun siyasi təsiri altından çıxa bilmirsiniz?

Orada bir Azərbaycan var və orada ən dəhşətli, ən kobud şərtlər altında yaşayanlar Türkiyədə yaşayan milləti öz milləti kimi görürlər, bunu unutmayın. Neftin Azərbaycanı varlı etdiyinimi düşünürsünüz? Buna bənzər bir vəziyyət var. Məsələn, 1993-cü ildə rəhmətlik prezident Heydər Əliyev heç pulunun olmadığını deyirdi. 2003-cü ildə isə Əliyevlər ailəsinin toplam əmlakının və nəğd sərvətinin həcmi 24 milyard olaraq dəyərləndirildi (Rusiya, «Nezavisimaya qazeta», 23.10.2003). İndi bu sərvətin həcmi 55-60 milyard dollarla ölçülür.

“Xural” qəzeti,

il 9, sayı: 038 (446), 21 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button