Bəxtiyar Hacıyev: “Mən 44 günlük müharibə dövründə qaçaqmalçılıq eləmişəm…”

Yayımlandı: 15 Mart 2024 21:35

Hikmət Hacıyev müxtəlif qurumlara göstəriş verdi ki, bu məsələ həll olunsun”

1 il 3 aydan çoxdur ki, həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəmə prosesində hələ ki, ictimai fəalın özünün dindirilməsi mərhələsidir.

Martın 15-də keçirilən məhkəmə prosesində hakim Əli Məmmədov bildirib ki, Bəxtiyar Hacıyevin anasının prezidentə ünvanladığı müraciət məhkəməyə yönləndirilib. Hakim həmin məktubun cinayət işinin materiallarına əlavə olunduğunu bildirib.

Əvvəlki məhkəmə iclaslarından başlayan ifadəsini davam etdirən Bəxtiyar Hacıyev bildirib ki, ona vergidən yayınma, xuliqanlıq, qanunsuz sahibkarlıq və s. əsassız ittihamlar verilib. Bu ittihamların heç birini də qəbul eləmir:

Bizim ofisdə heç kimdən ödəniş alınmadan tədbirlərin keçirilməsini qanunsuz sahibkarlıq kimi qiymətləndiriblər. Yaxud da məhkəmədə Ülviyyə Muradova ilə aramızdakı mübahisənin səs yazısı var. Orada mənim onu mədəni olmağa dəvət etməyim təhqir, xuliqanlıq kimi qiymətləndirilib, amma onun küçə söyüşlərinə hüquqi qiymət verilməyib”.

Bəxtiyar Hacıyev ifadəsinin davamında bildirib ki, ittihamlardan yalnız qaçaqmalçılığı qəbul eləyir. Lakin onun elədiyi qaçaqmalçılığın ittihamda yazılanlarla heç bir əlaqəsi yoxdur.

Bəxtiyar Hacıyevə qarşı qaçaqmalçılıq ittihamında iddia edilir ki, o, beynəlxalq qrant təşkilatlarından qrant alıb, həmin vəsaitləri Gürcüstandan qaçaqmalçılıq yoluyla Azərbaycana gətirib. İctimai fəal isə bu barədə ittihamda yazılanların yalan olduğunu bildirib:

Qaçaqmalçılıq ittihamı son vaxtlar dəbə düşüb. Bakı şəhər Baş Polis İdarəsi jurnalistlərə, vətəndaş cəmiyyəti fəallarına qarşı bu ittihamdan istifadə eləyir. İstintaqdakılara sual verdim ki, mən qaçaqmalçılığı nə vaxt eləmişəm? Hansı üsulla gətirmişəm? Ortada heç nə yoxdur, amma qaçaqmalçılıqda ittiham eləyirlər. Mən qaçaqmalçılıq eləmişəm, amma bunların dediyini eləməmişəm. Öz elədiyim barədə məlumat vermək istəyirəm. 2020-ci ildə 44 günlük müharibə dövründə qaçaqmal yoluyla Azərbaycana pullar gətirmişik. Amma Gürcüstandan yox, Almaniya və Türkiyə üzərindən. “Western Union” yoluyla müxtəlif adamların adına köçürmələr olurdu. O pullardan da orduya yardım məqsədilə istifadə olunub. Müharibə dövründə gömrüyə bəyan etmədən ölkəyə hərbçilərimiz üçün minlərlə termal paltarlar, corablar gətirmişik. Müxtəlif qurumlar da bizə kömək edib. Sonradan gömrük buraxmaq istəmədi, paltarlar qalmışdı. Prezident Administrasiyasından Hikmət Hacıyevə müraciət elədik. O da müxtəlif qurumlara göstəriş verdi ki, bu məsələ həll olunsun. Bu qaçaqmalçılığı eləmişəm bir qrup şəxslə birlikdə. Anonim məktubla mənə qarşı ittiham irəli sürülüb. Onun əvəzinə mənə bu ittihamı verə bilərlər”.

Bəxtiyar Hacıyevin fikrincə, onu həm ictimai fəaliyyətinə, həm də müharibə dövründəki fəaliyyətinə görə cəzalandırırlar. Onun sözlərinə görə, bir çoxu, hətta müharibə dövründə arxa cəbhədə gördüyü işlərə görə prezidentin onu mükafatlandıracağını gözləyirdi:

Amma son nəticədə o oldu ki, ən çox iş görənlərdən ikisi şərlənib həbs olundu – mən və dostum Rail Abbasov. İstintaqda mənə deyirdilər ki, guya Soros göndərib o pulları, mən də ordu barədə məlumat toplayıb xarici dövlətlərə göndərmək istəyirdim, çevriliş eləmək niyyətim vardı…”.

İctimai fəal onun işi üzrə məhkəmə prosesinin ləng getməsindən də şikayətlənib. Onun sözlərinə görə, saat 14.00-a məhkəmə iclası təyin olunduğu halda, həmin vaxt onu hələ Kürdəxanıdakı istintaq təcridxanasından çıxarıblar:

 “Bu da mənim hüquqlarımın pozulmasıdır. Xahiş edirəm, məhkəməm həftədə iki dəfə keçirilsin”.

Bəxtiyar Hacıyev ev dustaqlığına buraxılması barədə də vəsatət qaldırıb. O bildirib ki, istintaqda ifadə vermiş şahidlərin dediklərini qəbul eləyir. Bu üzdən onlara təsir göstərməyə ehtiyac və belə bir niyyəti yoxdur.

Prokuror Eldar Həmzə bildirib ki, Bəxtiyar Hacıyev haqqında həbs qətimkan tədbirinin seçilməsi üçün göstərilmiş əsaslar aradan qalxmayıb.

Məhkəmə vəsatəti təmin etməyib. Hakim Əli Məmmədov bildirib ki, şahidlər və zərərçəkmişlər dindirilməyib, Bəxtiyar Hacıyev həbsdən buraxılarsa, onlara təsir göstərə bilər.

Bəxtiyar Hacıyevin məhkəməsi aprelin 5-də davam edəcək.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü. Onunla bloger Ülviyyə Alovlu arasında Yasamal rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də güc tətbiq edib.

İyunun 16-da ictimai fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Noyabrda isə ona daha bir ittiham verilib. İctimai fəala qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul eləmir. İctimai fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, Daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button