Həbsdəki jurnalistə qarşı ittiham ağırlaşdırıldı

Yayımlandı: 15 Mart 2024 21:40

Teymur Kərimova daha bir ittiham verilib

“Kanal 11” internet televiziyasının rəhbəri, həbsdə olan jurnalist Teymur Kərimovun işi üzrə istintaq yekunlaşır. Vəkili Nemət Kərimlinin verdiyi məlumata görə, istintaqın sonunda müvəkkilinə əlavə ittiham verilib.

3 aydan çoxdur həbsdə olan Teymur Kərimov indiyədək Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsilə ittiham olunurdu. Ona eyni maddənin daha bir bəndi ilə əlavə ittiham verilib. O, həm də Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham edilir. Bu maddələrin sanksiyasında 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.

Vəkil hesab edir ki, yaxın günlərdə istintaqın yekunlaşması barədə qərar qəbul ediləcək, ardınca cinayət işinin materiallarıyla tanış olma mərhələsi başlayacaq. Bundan sonra isə Teymur Kərimovun işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Teymur Kərimov özünü təqsirli bilmir. O bildirib ki, ona qarşı irəli sürülən hədə-qorxu ilə tələbetmə ittihamı əsassızdır. Teymur Kərimov jurnalist fəaliyyətinə – qanunsuzluqları çəkib göstərdiyinə görə cəzalandırıldığını deyir.

Dekabrın 11-də saxlanılan Teymur Kərimov haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ona qarşı ittihamda iddia edilir ki, video-reportajları silmək üçün iki nəfərdən pul tələb eləyib.

Lakin jurnalist bu iddianın yalan olduğunu, heç kimdən hədə-qorxu ilə pul tələb etmədiyini bildirib. Teymur Kərimovun yaxınlarına bildirdiyinə görə, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (“bandotdel”) əvvəl onu narkotiklə şərləmək istəyiblər. Hətta narkotiki üzərinə götürməsi üçün döyüblər. Lakin bunu qəbul eləmədiyini görəndə şantaj ittihamı ortaya çıxıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button