Bakını başımıza uçuranlar

 Bakıda keçirilən boks üzrə dünya çempionatında Alayan adlı erməni əsilli idmançının çempion edilməsi olayına dünənki köşə yazısında Əvəz Zeynallı münasibət bildirib. «Xural» bu faktı hələ bir neçə gün əvvəl yazmışdı. Hadisənin şahidi olanlar danışırdılar ki, idmançımız, 52 kq çəki dərəcəsində yarışan Elvin Məmişzadə Alayanı məğlub etsə də, qələbə erməniyə verildi.

Bu ədalətsizliyə etiraz edən Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılova «başını kəsib əzizlərinə göndərərik» deyilmişdi; Azərbaycan idmançılarının rəhbərini də hədələmişdilər, «Alayan çempion olmasa, Bakını bir gecədə başınıza uçurarıq» – deyə.

Alayan çempion oldu!

Xəbərin doğrulduğunu eşidən Əvəz Zeynallı «Kimdir Bakını başımıza yıxan o alçaq güc?» deyə öz yazısında üsyan püskürür.

Doğrusu, Əvəz bəyin heyrətlənməsinə təəccüb etdim. Məgər o bilmirmi ki, Bakını başımıza uçuran güc kimdir?

Oğuz-Qəbələ-Bakı su kəmərini çəkənlər kimlərdir? Bu lənətə gəlmiş kəmərin sayəsində Bakı darmadağın vəziyyətdədir: həftədə bir dəfə asfaltı qazıb tökürlər, durbanı çəkirlər, yolu «beynəlxalq standartlara uyğun» hamarlayırlar, amma öz zavodlarında istehsal etdikləri «yüksək keyfiyyətli» boru üstünə torpaq örtülən kimi havasızlıqdan partlayır; təzədən qazırlar, borunu dəyişirlər, yenidən yol çəkirlər, borunun ürəyi bir daha havasızlığa dözmür, yenə partlayır, yenə qazırlar… və bu proses artıq 2 ilə yaxındır ki, zərcirvari reaksiyada gedir.

Bakını başımıza uçurmağın bundan yaxşı yolunu o «gizli güclər» bilirmi?

Hələ onu demirəm ki, 1772 kilometrlik Bakı-Ceyhan neft kəmərinə 4 milyard pul xərcləndiyi halda, 252 kilometrlik Oğuz-Bakı su borusuna 1 milyard sərmayə yatırılıb; Bakı-Ceyhan 4 ilə başa gəldi, amma Oğuz-Bakıdan 4 ildir ki, su gəlmir…

Xəzər dənizinin sürətlə qalxması və Abşerondakı bir çox yaşayış məskənlərinin 2020-ci ilə qədər su altında qalacağını bilə-bilə və bunu xalqa bəyan edə-edə, dəniz kənarında, «Azadlıq» meydanında 3 mərtəbəli yeraltı avtomobil dayanacağı, üstəlik, Dəniz Limanının önündə metro stansiyası ucaldırlar. Bakının altını boşaldırlar ki, Xəzər rahatlıqla Yasamala qədər gələ bilsin!

Paytaxtın harasındasa satılmamış bir qarış torpaq qalıbmı? Parkları, binaların önündəki kiçik meydançaları tikinti şirkətlərinə satıb, yerində göydələn ucaldandan və mərkəzi küçələrdə basırıq yaradandan sonra başlayıblar əhalini onillərlə məskunlaşdığı yerlərdən qovmağa. «Qış bulvarı» adıyla camaatın evlərini başına uçuranlar kimlərdir? İnsanları şəxsi evlərindən qarşılığı ödənmədən bayıra tullayıb yerində turp əkənlər hansı güclərdir?

Rövnəq Abdullayevi eşitdinmi? Deyir, Neft Şirkətinin ərazilərində tikilən elə qanunsuz evlər var ki, onların altında milyonlarla ton neft yatır. Yəni hazırlaşın, evinizi uçurub, altını qazacağıq!

Bakıda inşa edilən neçə körpü, bina, «yeni layihə» adlı yeyinti yeri varsa, bir zəhmət, oralara göz at: hər tərəf qazıq, dağılmış vəziyyətdə, «müvəqqəti narahatlıq»larla bəzənmiş halda! Elə bilirsən, müvəqqətidirmi «narahatlıq»? Dünya təcrübəsindən «bəhrələnərək» tikdikləri körpü, «yol ötürücüsü» artıq dağılır, sökülür, başımıza uçur…

Hələ büdcədən danışmıram: layihə dünən açıqlandı və bəlli oldu ki, 13 milyardlıq vəsaitin 7,5 milyardı «təmir-tikinti» işlərinə gedəcək. Rüşvətlə, inhisarçılıqla yığdıqları vəsaitlər bir yana, faktiki olaraq «dövlət büdcəsi» adıyla millətə göstərdikləri xalq malının yarıdan çoxunu Bakının dağılması əməliyyatı ilə mənimsəmək niyyətində olduqlarını belə gizlətmək istəmirlər…

İnanıram ki, «Bakını başınıza uçurarıq» deyən düdüklərə İlham Əliyev başda olmaqla Ramil Usubov, Zakir Qaralov, Eldar Mahmudov, Bəylər Əyyubov, Kəmaləddin Heydərov, Ziya Məmmədov, Səfər Əbiyev, Rövnəq Abdullayev… şaqqanaq çəkib güldülər. Hacıbala Abutalıbovun isə uğunduğuna qəti şübhə etmirəm. Ki, Alayanı çempion etmək istəyənlər haranı başımıza uçurmaq istəyir? Bakını?

Bakını haçandı söküb qoymuşuq böyrü üstə, haçanda millət Bakının dağıntıları altında can verməklə məşğuldur! Bu yaramaz ermənigüdən güclər nəyi uçurdasıdı başımıza?

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button