Bir daha islah haqda

Elmir Mirzoyev

O gün haradansa yenidən “Milli dəyərlərimizi Avropa mədəniyyəti adı altında bizə sırınan mədəni surroqat­lara dəyişirik” – kimi ifadə-ittiham səsləndi. Doğrusu bu yeni fikir deyildir, artıq uzun müddətdir ki, həm “yuxarılarda”, həm də “aşağılarda” “Avropanın pisini atıb, yaxşısını götürmək” istəyi kimi çox böyük bir savadsızlıq və istehlakçı təbiətindən doğan “ictimai fikir” forması mövcuddur.

Baxın, məhz bu kimi ideyanın ətrafında az qala bütün cəmiyyətimiz birləşə bilib, diqqət etmisinizsə bu fikri deyəsən hamı bölüşür: professor və bazarda alver edən vətəndaşımız, pop-show kahini (və ya kahinəsi – əgər belə demək olarsa) və ilahiyyatçılar, polis və şairlərimiz, yırtıcı məmur və onların qurbanları, rusdilli və “çuşka”larımız, və hətta iqtidar və müxalifətimiz. Bu fikir ətrafında təbəqə və sosial fərqlər belə yoxa çıxır. Amma zarafat da bir yana qalsın, sadəcə ayıbdır bu kimi şeyləri söyləmək.

Gülməlidir, demək bu fikirdən belə çıxır ki, biz, Rəhman Bədəlovun dediyi kimi “artıq Qitə yox, dəyərlər məcmusu olan” Avropanı islah edərək oradan nələrisə özümüz üçün götürəcəyk, başqa məsələlərə isə veto qoycağıq?

Əgər hətta nəhəng antik mirası belə bir kənara qoysaq, İntibah dövründən sonra, XVI-XVIII əsrlərdə İngiltərədə sənaye, Fransada siyasi, Almaniyada isə fəlsəfi-estetik bir inqilab baş verdi və bu üç kateqoriyanın bütün Qitədə qarışılıqlı təsiri sonradan Avropanın sözsüz planetar dominasiyası və bəşəriyyətdə aparıcı rolunu şərtləndirdi. Və bu istiqamət yalnız Avropa üçün deyildi – bunu gələcəkdə mövcud olmaq üçün bütün ölkə və cəmiyyətlər keçməli idilər.

Bizim rəsmi təbliğatın isə cəmiyyətdə mümkün qədər arxaiazmi kultivasiya edən həmin bu “milli dəyərlər” konsepsiyası da orijinal bir şey olmayıb, hazırkı rus ideoloqları  Dugin və Surkovun Trubestkoi və Qumilyov ideyaları əsasında yaratdığı alternativ və ya paralel mədəniyyət konsepsiyasından copy-paste edilmişdir. Rusiyanın qərbyönümlü, yoxsa “özünəməxsus” yolu haqda mübahisələr üzərində qurulmuş bu ideologiyadan az qala bütün ictimai inkişafı geridə qalmış, feodal quruluşlu qapalı tipli kiçik diktaturalar geninə-boluna istifadə edir.

Bu tipli təbliğatın hipnotik təsiri qarşısında çox effektiv bir silah kimi gənc yazarlar – Əli Əkbər, Seymur və s. tərəfindən epatage janrı secildi. İş orasındadır ki, istənilən məsələnin müqaisəsi kəskin kontrastlar üzərində qurulmasa, problemin bu qədər acınacaqlı durumu insanlara bəyan olmayacaq. Şok terapiyasız gənc beyinlərdə bərqərar olmuş bu hipnotik təsirin dağılması əsla mümkün deyil, insanlara ilk növbədə cəmiyyətin durumunun real diaqnozu verilməli,  cəmiyyətdə bu problemlər üzərində olsun ki, olduqca kəskin bir polemika, hətta mübahisələr başlamalı idi. Saray incəsənəti və yaltaq ziyalı problemi, folklorun əsla incəsənət olmaması, cəmiyyətin arxaik durumunun qəbuledilməzliyi fikri, nəhayətdə Azərbaycanın sivil Avropa dövləti qumasında kültürün çox vacib rolu haqda cəmiyyətimizdə düşüncə inqilabı baş verməli idi. Düşünürəm ki, gənc yazarlarımız bu çətin vəzifəni qismən də olsa yerinə yetirə bilib.

İndi ortada açıq-aşkar yeni bir faktor formalaşmaqdadır – indi səhnəyə tamam yeni gənclik gəlməkdədir. İnanmaq istərdim ki, bu gənclik özünü yaxin tariximizdə tam başqa cür mövqeləndirəcək və bunda da bizim zəhmətimizin azacıq da olsa rolu olmuşdur.

“Xural” qəzeti,

il 9, sayı: 046 (454), 29 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button