Bizim ancaq özümüzü öldürməyə gücümüz çatır

Hələ bir neçə ay öncə müşahidə apardım ki, hər gün ən azı 4 intihar hadisəsi ilə bağlı xəbər yayılır. Diqqətimi çəkən isə o idi ki, intiharların ən azı üçünün «izahında» polis «psixi pozğunluğu» əsas gətirir. Guya özünü öldürənlər dəlidirlər.

Bir ölkənin nə qədər dəlisi olar? Dünyanın harasında görünüb ki, «psixi narahatlıq» keçirən insanlar yalnız özünə qəsd etsinlər? Adətən, dəlilər ətrafındakılara xəsarət yetirirlər, axı!

Mütəxəsislərə müraciət etdim və doğrusu, qənaətbəxş cavab ala bilmədim. Sosioloqlar təbii kataklizmlərdən tutmuş coğrafi məskunlaşmaya qədər müxtəlif amillərin intiharda rol oynadığını əsas gətirdilər. Ancaq məntiqli və elmi cavab üçün geniş və uzunmüddətli araşdırmaya ehtiyac olduğunu da söylədilər. Bu araşdırmaya Azərbaycan hakimiyyəti vəsaitmi ayırar? Bunların neft pullarını dağıtmaqdan başları açılırmı ki, sosiaoloji araşdırmaya da şərait yaratsınlar?

Beləcə, mənə yalnız «özünə qəsd edənlər dəlilər deyil» yazmaqdan ayrı əlac qalmadı.

Son vaxtlar isə intihar xəbərlərinə polis açıqlamalarında bu eybəcər izahdan nisbi imtina görünür – buna da şükür, deyəsən, anlayıblar ki, hər özünü öldürənə dəli deməzlər. Ancaq əvəzində intihar faktlarının mətbuata çıxmasını xeyli əngəlləyiblər. Bununla intihar faktlarını gizlətmək mümkündürmü?

Əslində, Azərbaycan bir müsəlman ölkəsi kimi, intiharlara meylli olmamalıdır. Çünki «Qurani-Kərim» özünə qəsdi birmənalı şəkildə pisləyir və intihar edənə cəhənnəmi vəd edir. Bu baxımdan azərbaycanlıların intihara daha az meyilli olmasıyla bağlı statistikanı ilk baxışdan normal qəbul etmək mümkündür. Ancaq biz allahlı və imanlı yaşayırıqmı ki, bu fakt da «intihar statistikasının azlığında» əsas kimi götürülsün? Allahın buyurduqlarını yerinə yetirəniksə, bu boyda haqsızlığın qarşısında niyə səsimizi çıxarmırıq? Məgər, Allah «ədalətsizliyə qarşı çıxın» demirmi?

Bu baxımdan intiharın statistik azlığını «dini xüsusiyyət»lə izah etmək mənasızdır. Ancaq «mental xüsusiyyətlər» doğrudan da intiharda rol oynayır.

Məsələn, bir neçə gün əvvəl xəbər yayıldı ki, gizir rütbəsi daşıyan gənc bir hərbçimiz ailəsi ilə Şəkiyə gedərkən Yevlax polisi onu saxlayıb. Arada söz-sov yaranıb və polislər giziri təhqir eləyiblər, sonra polis bölməsinə aparıblar və orada da onu aşağılayıblar. Azad olunduqdan sonra Şəkiyə gedən hərbçimiz xanımının qarşısında təhqir olunmasına dözməyib, qüruruna yenilib və özünü həyətdə asıb.

Bu, bizim hərbçimizdir, Allah qoymasa, bunun ictimai-siyasi reallığa reaksiyasına baxın: təhqir olunmağına özünü öldürməklə cavab verir!

Başqa fakta diqqət edin: dostlardan biri danışır ki, Qarabağ müharibəsi əlili olan tanışı qanıqara redaksiyaya gəlir. Həmkar soruşur ki, nə baş verib? Deyir, getmişdim İcra Hakimiyyətinə, şöbə müdiri məni təhqir etdi, itin sözünü dedi və otağından qovdu… Sonra da bu Qarabağ əlili qayıdır ki, «özümü öldürmək istəyirəm; gedib Qarabağda vuruşasan, əlil olasan, səni bir şöbə mübiri otağından qova? Tüpürüm belə yaşamağa».

Təsəvvür edirsinizmi? Bu da bizim Qarabağ uğrunda vuruşan, kantuziya alan sənədli-sübutlu «zırramamızdır». Deməli, haram pullarla boynunu yoğnudan hansısa harnımış bir şöbə müdiri bunu təhqir eləyir, söyür, otağından qovur, bu da qolunu sallaya-sallaya durub üstümüzə gəlir. Nə deyib səni söydü? Bilmirdimi ki, sən kontuziya almış başdanxarabsan? Bəs, ay «zırrama», sən ki dəlisən, niyə stulu götürüb səni söyənin, təhqir edənin, otağından qovanın başına geydirmirsən? Niyə demirsən ki, düdük, sənin rahat yaşamağın üçün əlil olmuşam, məni otaqdan qova bilməzsən!

Demir, deməməyi cəhənnəm, gəlir ki, mətbuat buna kömək etsin.

Bunun sənədli-sübutlu dəlisi, erməni ilə üz-üzə duran hərbçisi məndən ağıllıdır, a kişilər! Belə hərbçiylə işğal olunmuş torpaqmı alınar? Belə Qarabağ müharibəsi əlili olan vətəndaşın hüquqlarımı qorunar? Bunlar haqlarını tələb etməyi nə vaxt bacaracaqlar?

Ona görə beləcə əzilə-əzilə, tapdana-tapdana gedirik – nə hakimiyyət bu millətə hörmət qoyur, nə də ermənilər bizdən çəkinir. Çünki qorxmurlar, ehtiyat etmirlər, qabımızdakına bələdirlər.

Bizim gücümüz ən pis halda mənim kimi beləcə gəvəzə-gəvəzə danışmağa, ən yaxşı halda özümüzü öldürməyə çatır. Biz ləyaqətimizə görə öldürmürük ki! Ləyaqətimizə görə intihar edirik!

İntiharlar da ona görə artır – etiraz görmədikcə, təhqirlər, saymamazlıqlar, vətəndaşı adam yerinə qoymamaq halları çoxalır, ləyaqəti tapdanan adamlar da əl qatırlar özlərinə…

“Xural” qəzeti,

il 9, sayı: 061 (471), 16 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button