Blinken və Əliyev təkcə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etməyiblər

Aprelin 3-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, A.Blinken deyib ki, aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycanda narahatlıq doğurduğuna dair xəbərlər alıb, bu xüsusda İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib sayıb.

Bildirildiyinə görə, dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.

“Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək, birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub”, – mətbuat xidmət bildirir.

Məlumatda habelə qeyd olunduğuna görə, telefon danışığı zamanı A.Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb.

Söhbət əsnasında Ermənistan ilə Azərbaycan arasında sülh danışıqlarına dair müzakirə aparıldığı da bildirilir.

Açıqlamaya görə, İ.Əliyev deyib ki, Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamlar tamamilə əsassızdır.

ABŞ dövlət katibi A.Blinken ilə Azərbaycan prezidenti İ.Əliyevin telefon danışığı barədə rəsmi Vaşinqton da məlumat yayıb.

Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin bəyanatında bildirilir ki, dövlət katibi ikitərəfli münasibətlərinin əhəmiyyətini vurğulayaraq enerji və iqlim prioritetləri də daxil olmaqla, artan tərəfdaşlıq təşəbbüslərini barədə danışıb.

Onun sözlərinə görə, dövlət katibi Blinken və prezident Əliyev bütün bölgənin iqtisadi faydalanmasına zəmin yaradan Azərbaycanla Ermənistan arasında sülh prosesinin irəliləməsinin vacibliyini müzakirə ediblər.

“Sərhəddə gərginliyin artmasına heç bir əsasın olmadığını vurğulayan dövlət katibi Blinken istənilən tərəfin nümayiş etdirdiyi aqressiv fəaliyyətlərin və ritorikanın sülh perspektivlərinə xələl gətirdiyini qeyd edib. Dövlət katibi həmçinin Azərbaycanı üzərinə götürdüyü insan hüquqları və əsas azadlıqlara dair beynəlxalq öhdəliklərə əməl etməyə, haqsız yerə həbs edilən şəxsləri azad etməyə çağırıb”, – bəyanatda vurğulanır.

Son günlər Azərbaycan Ermənistan sərhədində atəşkəsin pozulmasına aid məlumatlar yayılıb.

Tərəflər buna görə bir-birlərini qınayırlar.

Son aylar Azərbaycanda 20-ə yaxın jurnalist, ictimai fəal həbs edilib. Onlara qarşı, əsasən, qaçaqmalçılıq ittihamı verilib. Amma onlar bu ittihamı qəbul etmir, onu siyasi sayırlar.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi həbslər barədə deyilənləri qəbul etmir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button