Poroşenko yenidən namizədliyini verəcək

Ukraynanın beşinci prezidenti Petro Poroşenko deyib ki, yenidən dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürməyi planlaşdırır.

O bu barədə Əl-Cəzairə telekanalına müsahibəsində deyib. Siyasətçi əlavə edib ki, bunun üçün müharibənin başa çatmasını gözləmək lazım gələcək:

“Bəli mən növbəti prezident seçkisində iştirak etmək niyyətindəyəm. Amma bu seçkilər üçün bizə əvvəlcə qələbə lazımdır”.

Keçmiş prezident bunu da deyib ki, əgər Ukrayna Avropa İttifaqına üzv olsa, o da Avropa Parlamenti üzvlüyünə namizədliyini verəcək.

Bundan əvvəl ABŞ-ın Fox News telekanalına müsahibəsində indiki prezident Volodimir Zelenski demişdi ki, o növbəti seçkinin nəzərdə tutulduğu vaxtda, yəni 2024-cü ilin martında keçirilməsini istərdi.

Lakin onun sözlərinə görə müharibə şəraitində hamının səsvermə hüququnu təmin etmək son dərəcə çətin olardı. Buna görə də seçki müharibə başa çatanda keçiriləcək.

Petro Poroşenko prezident vəzifəsini 2014-2019-ci illərdə icra edib.

2019-cu ildə keçirilən son seçkidə Poroşenko Zelenski ilə rəqib idi. Onların hər ikisi ikinci tura keçmişdi. Lakin seçkidə səslərin 75 faizini toplayan Zelenski qalib oldu. Poroşenkoya seçicilərin 24 faizi səs vermişdi.

Ukrayna prezident seçkisində iştirak etmək niyyətini Zelenski administrasiyasında müşavir olmuş Aleksey Arestoviç də bildirmişdi.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button