Boks çempionunu vurub öldürən Babək Həsənov tərcüməçini də ölümlə təhdid edir

Məşhur boksçu Serqey Laşenkonun qətlində ittiham olunan Babək Həsənovun cinayət işi üzrə məhkəmə prosesi növbəti dəfə təxirə salınıb. Məhkum noyabrın 16-na kimi istintaq təcridxanasında saxlanılacaq. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Zərərçəkmişin qanuni nümayəndəsi Marina Laşenko məhkəməyə bildirib ki, B.Həsənov tərəfindən tərcüməçiyə və ailəsinə təzyiqlər olunduğundan yenə prosesə gəlməyib: “Həsənov tərcüməçini hədələyir. Tərcüməçi də öz həyatı və ailəsinin həyatı üçün ehtiyat edir. Amma bunu açıq şəkildə bildirmək istəmir”.

Təqsirləndirilən B.Həsənov isə zərərçəkmişin dediklərini iftira adlandırıb və faktı sübut etməsini tələb edib. Üzünü proses iştirakçılarına tutan B.Həsənov heç vaxt belə bir şey olmadığını bildirib.

Zərərçəkmişin vəkili Yuliya Qavrilyuk da məhkəmə iclasına qatılmayıb. M.Laşenko Həsənov tərəfindən hədələnən vəkilinin vəsatətini məhkəmənin diqqətinə çatdırıb. Vəkil vəsatətində Həsənovun onu və ailəsini hədələdiyini, Ukrayna dilini tərcüməçidən yaxşı bilməsini dediyini, ona qarşı çıxanların üstünə “kislota” atacağı haqda audio yazıların cinayət işinə əlavə olunmasını xahiş edib.

Vəkil vəsatətində anket məlumatlarında B.Həsənovun Beynəlxalq humanitar universitetdə oxuduğu göstərilsə də, özü heç yerdə, hətta Azərbaycanda da oxumadığını bildirib.

Zərərçəkmişin vəkili məhkəmədə iştirak etmədiyinə görə, proses sentyabrın 21-nə kimi təxirə salınıb. Y.Qavrilyukun qaldırdığı vəsatət növbəti məhkəmə iclasında müzakirə olunacaq.

Xatırladaq ki, məşhur boksçu S.Laşenko 8 aprel 2015-ci ildə gecə saatlarında qətlə yetirilib. Cinayəti törətməkdə şübhəli bilinən 24 yaşlı Babək Həsənov istintaqdan qaçıb gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. Rusiya ərazisində saxlanılan B.Həsənov Odessaya ekstradisiya olunub. Ötən ilin fevralında Primorski rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Artıq 9 aydır ki, cinayət işi üzrə məhkəmə baxışı təxirə salınır. Məhkəmə faktiki olaraq işə baxa bilmir. Buna səbəb isə təqsirləndirilən şəxsin daimi tərcüməçisinin olmamasıdır. Yalnız apreldə ittiham tərəfinin şahidləri prosesdə dindirilib. Tərcüməçiyə gəlincə isə, o, sonuncu prosesdə də məhkəmə iclasına qatılmayıb.

Qeyd edək ki, 27 yaşlı S.Laşenko aprelin 8-də Odessanın mərkəzindəki Yəhudi xəstəxanasında güllələnib. Gecə saatlarında xəstəxananın qəbul məntəqəsinə güllə yarası almış üç yaralı gətirilib. Onlara tibbi xidmət göstərilən zaman “razborka”nı xəstəxanada çürütmək istəyən şəxs hamının gözü qarşısında travmatik tapançadan yaralılardan birinə – boksçuya səkkiz dəfə atəş açıb. Laşenko güllə yarasından ölüb. Ona hücum çəkənlər isə qaçıblar.

 

Virtualaz.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button