Borçalı Vətəndir, Vətənlə oynamaq olmaz!

Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü

Sovetlərin dağılması bir millət olaraq bizim iç durumumuzu üzə çıxardı. Nə qədər ki, imperiya “ailəsi”nə daxil idik, nizamımızı o müəyyən edirdi, idarəçiliyimizi onun diktəsi ilə həyata keçirirdik. Guya bu buxovdan açıldıq və öz işimizi bilməyə başladıq. Bu vaxta qədər işimiz də içimizin göstəricisi kimi ortada. İşimiz də göstərir ki, içimiz mənəvi-siyasi buxovlardan tam açılmayıb. Köhnə ənənələrlə “yeni quruluş” tələblərinə doğru yüyürürük. Köhnə ənənələrin əsas cəhətlərindən biri Tayfaçılıqdır. Dövlətimizdə, millətimizin həyatında atılan addımlar, görülən işlər tayfaçılıq əməllərinin təsir və tələblərindən qırağa çıxmır. Tayfaçılıq – ağalığın işlənmə mexanizmidir. Qlobal Qərb demokratizmi – böyük ağalığın yaşama mühitidir. Bizim yurdumuzda Tayfaçılıq Qərb demokratizminin təbliği ilə gizlənir, ərəbçilik, farsçılıq məzhəkələri ilə bəzənir, rusçuluq ədası ilə qorunur. Yəni Tayfa xalqın içində mühit yaradan hər bir gücün tələbini icra edir, hər bir təsirin qabağına yüyürür, hər bir ideolojinin rənginə boyanır. Milli yönün bütövlüyünü dağıdan və anarxiya yaradan müxtəlifliyin, başqa sözlə, özbaşınalığın yanında durmaqla hakimiyyəti əldə saxlayıb qorumağa çalışır Tayfa.
Sovetlər dağılan ərəfədə Azərbaycanda ən güclü Tayfa Qərbi Azərbaycanlıların adından irəli çıxanlar hesab olunurdu. Bunlarla naxçıvanlıların adından irəli çıxanların Tayfası rəqabət aparırdı. O dövrdə mərhum H. Əliyev özünü həm o, həm bu Tayfadan hesab eləyərək, rəqabət aparan bu iki Tayfanı bir araya gətirdi. Hakimiyyəti birgə mənimsədilər və oturuşdular. Ancaq sadə naxçıvanlılar və sadə Qərbi Azərbaycanlılar bu gün də öz çətin durumlarını yaşayır, ümumazərbaycan problemlərinin ağrılarını öz həyatlarında hər an hiss edirlər. Ancaq təəssüf ki, insanların ruhuna yeriyən, yeridilən yerliçilik psixologiyası onları həmişə hakim qüvvələrin alətinə çevirir. Özləri üçün karyera qurmaq istəyən “Tayfa Əhli” məhz bu psixologiyadan yararlanırlar. İdraksız kütləni daim aldada bilirlər. Cazibəli sözlər, şirin vədlər guya milli və sosial problemlərin həlli üçün göstərilən çabalardır. Kütlə “it olsun, qurd olsun, özümüzünkü olsun” ölçüsü ilə yanaşaraq, bütöv bir millətin fəlakətini sabaha daşıyır. Məhz kütlənin bu durumundan istifadə edərək, ayrı-ayrı qüvvələr yeni Tayfalar formalaşdırıb hakimiyyət uğrunda mübarizə aparırlar. Hakim Tayfa isə yaranmaqda olan yeni Tayfaları sıradan çıxarmaq haqqında düşünür və hər cür oyunlara gedir. Hakim mövqeni əldən verməmək üçün elə oyunlar quraşdırırlar ki, ara yerdə zərbə yenə xalqa – onun mənliyinə, gələcəyinə dəyir.
Bu yazıda oyuna sürünən Tayfalardan birinin adını hallandırmaqla bəzi məqamlara aydınlıq gətirmək istəyərdik. Dediyimiz kimi, Azərbaycanda Tayfaçılığın inkişafı yeni Tayfaların yaranmasına aparıb çıxarır, – Milli Birliyin inkişafı əvəzinə Tayfaçılığın inkişafı.
Fəlakət ondadır ki, bir vaxtlar Azərbaycandan qopardılmış ərzilərimizdə yaşayanlar zaman-zaman deportasiya olunub indiki sınırlarımızın içərisinə axışır. Yəni Ermənistan sayılan, Gürcüstan ərazisi sayılan qədim Azərbaycan torpaqlarından soydaşlarımız qovulduqca, Azərbaycana, onun baş şəhərinə toplaşırlar və tarixi yurdlarımızın taleyini düşünmək əvəzinə, hakimiyyət, karyera haqqında düşünürlər. Beləliklə də, hakimiyyət uğrunda mübarizə aparan Tayfalara çevrilirlər. Bu Tayfalar coğrafi cəhətdən Azərbaycanın özündə olan Tayfalardan daha aktiv və mütəşəkkil olurlar. Çünki bölünmüş vətəndən qıraqda yaşayanlarda vətən hissi güclü olur. Ancaq bu hisslər vətən üçün böyük mübarizə tələbi yaratmayanda “yerliçilik, regionçuluq” səviyyəsinə enir və məhdudlaşır. Belə bir hal borçalılarda da özünü göstərdi. Ayrı-ayrı vaxtlarda sıxışdırılmış, deportasiya olunmuş borçalıları təşkilatlandırmağa başladılar. Dediyimiz kimi, Borçalı adına olan həsrət yerliçilik üzərində oturuşdu. Hakimiyyət də borçalıların aktiv Tayfaya çevrilməsindən qorxub onların birliyini ələ almağa girişdi. Bu vaxta qədər heç bir təsiri, işi olmayan “Eyvaz Borçalı Cəmiyyəti” yenidən qurulmağa, təşkil olunmağa götürüldü. Onu da deyək ki, aktivləşən Borçalı Tayfasının zərərsizləşdirilməsinə xeyli əvvəl başlanmışdı. H.Həsənovun hakimiyyətdən uzaqlaşdırılması başqa səbəblərlə izah olunsa da, düşünürük ki, kökündə məhz bu məsələ də dayanırdı. Bir sözlə, Borçalının dərdi heç kimi düşündürmür, maraqlı qüvvələri borçalıların idarə olunması düşündürür. Biz deyirik, Borçalı dərdi heç kimi düşündürmür. Bununla bizim ayrı-ayrı saf, ziyalı borçalıların sevgilərinə kölgə salmaq fikrimiz yoxdur. Hesab edirik ki, Borçalını ayrıca subyekt kimi götürmək kökündən səhvdir. Borçalı ümumazərbaycan hadisəsi kimi dərk olunmasa, onun heç bir problemi həllini tapmayacaq. Hər dövrdə Gürcüstanda hakimiyyət dəyişiklikləri olanda borçalıların taleyində də dəyişikliklər başlayar. Bu gün zahirən borçalıların problemi ümumgürcüstan probleminin tərkib hissəsi kimi görünür. Çünki sosial problemlər hər yerdə eynidir. Ancaq Azərbaycan üçün Borçalının problemi sosial deyil, milli problemdir. İstər Azərbaycanda, istər Borçalıda qabağa çıxan borçalılar sosial problemləri sadaladıqları halda, Gürcüstan hökuməti toponimlərimizi və ərazilərimizi gürcüləşdirməklə məşğuldur. Gələcək tarix üçün borçalıların “gəlmə” olduqlarını sübut eləyən süni dəlillər hazırlanır. Bizimkilər isə deyirlər ki, biz Gürcüstanla qardaşıq, münasibətlərimizə ziyan gətirən siyasi səhvlər eləmək olmaz. Beləcə, biz itirə-itirə “gələcəyə” gedirik. Orada Gürcüstan hakimiyyəti qabağa duranlarımızı öz qəlibinə alır, burada da Azərbaycan hakimiyyəti Bakıda aktiv görünən borçalıları. Guya Azərbaycanda, idarə olunan Borçalı təşkilatları nəsə həll edəcəklər. Qərbi Azərbaycanlıların Tayfası daha güclü, mütəşəkkil idilər. Özləri də Azərbaycan hakimiyyətini ələ keçirdilər. Qərbi Azərbaycan üçün nə eləyə bildilər ki?! Ümumiyyətlə, müəyyən problemlərin adı ətrafında ayrı-ayrı qüvvələri təşkilatlandırırlar ki, özlərinə mane olmasın, idarə etsinlər, istifadə etsinlər. Hətta təşkilat zaman-zaman nəzarətdən çıxmasın deyə, onu da öz içində yenidən qruplara bölüb rəqabət mühiti yaradırlar. Və bir təşkilatın içində, yaxud ətrafında insanlar bir-biriylə rəqabət aparmaqla məşğul olurlar. Bizə görə bu yaxınlarda Bakıda keçirilən “Borçalı forumu” da bu qəbildən olan hadisədir. Məqsəd odur ki, qüvvələr bir araya gəlməsin, güclənməsin və dediyimiz kimi, maraqlı qüvvələrə təhlükə yaratmasın.
Biz Borçalını ümumazərbaycan hadisəsi hesab edirik, onun bütün problemlərini də Azərbaycanın daxili problemlərindən biri kimi, yəni ümummilli problem kimi dərk edirik. Borçalı Vətəndir, Vətənlə oynamaq olmaz. Canın ağrısını əzalara bölmək olmaz.
Ey milli yöndən ağrı çəkən insanlarımız! Qəlblərimizin ağrısını ovundurmaa yox, milli şüurun inkişafına çalışmaq lazımdır.

Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
Atamız var olsun!

18 İşıq Ayı, 33-il.
(may, 2011)

Əlaqəli məqalələr

4 şərh

  1. YAZINI COX BOYUK DIQQETLE OXUDUM.MUELLIFIN FIKIRLERI COX DEYERLIDIR . HETDA MEN DEYERDIM KI, BU GUNE QEDER YARANMAMIS VE YARANMASI LABUD OLAN MILLI IDEOLOGIYAMIZ UCUN YAZI COX FAYDALIDIR.MUELLIFIN FIKIRLERI ILE TAM RAZIYAM.SOVET DOVRUNDEN BU GUNDE DAVAM EDEN ,,TAYFACILIQ”, SIYASETI IFRAT DERECEDE SAXTALASDIRILMIS VE HAKIMIYYETE XIDMET DE ISTIFADE OLUNMUSDUR.MILLETIMIZIN SUURUNDA OQUZLARIN 24 BOYU CILIZ TAYFACILIK MEVHUMU ILE DEYISDIRILMISDIR.BU KIMI DUSUNULMUS SAXTAKAR SIYASETI MILLETIMIZI PARCALAYARAQ BASKALARINA XARICI QUVVELERIN YARDIMI ILE HOKMRANLIK ETMEK SERAITI YARATMISDIR…BUNLARI TARIXI BIR FAKT KIMI NEZERE ALARAQ ,MILLI BIRLIYIMIZI TEMIN ETMEK UZUN MILLI IDEOLOGIYAMIZIN YARANMA ZERURETI MEYDANA CIXIR.BU ISDE MUELLIFE VE QEZETE BOYUK MUVEFFEQIYYQTLER ARZU EDIREM!!!

  2. Sizdən xahiş edirəm, “Soylu Atalı” imzalı saxta, avantürist adamların dediklərinə inanmayın. Ona görə ki, o, öz amaldaşlarına, amalına xəyanət edib. Onun iç üzü kimə bəlli deyil ki?
    Bu adamın Mütləqə İnam Ocağına qəti dəxli yoxdur. Axı o, söz vermişdi ki, mənəviyyatsızlığına görə Ocaqdan, Türk xalqından üzr istəyəcək. Sitat: “Mən Ocağı çağırıram, Ocağın qarşısında mən filan şeyi deyirəm, üzr istəyirəm, bütün türk xalqından üzr istəyirəm. Lap mətbuatda üzr istəyirəm.” Bu sitat onunla 8 oktyabr 2009-cu ildə mənimlə olan söhbətdəndir. Saat yarımlıq söhbətin səsi məndədir.
    Öz dili ilə Ocaqdan getdiyini isə belə deyib: “Sizə deyirəm, İşıqlı, deyirəm, yaşadın Ocağı! Təki Ocaq yaşasın! Ölürəm, gedib intihar da eləyərəm! Gedin yaşadın.”
    O, mənəviyyatsızlığına görə intihar edə bilmədi.

    Mütləqə İnamın doğru ünvanı: http://www.asifata.com

  3. Ürəyinizdə Günəş olsun!
    Özünü İşıqlı Atalı kimi təqdim edən Elçin Qaliboğlunun və Yolruh Atalı kimi təqdim edən Soltan İmaməliyevin Ocağa aidliyi yoxdur. Hələ Asif Atanın sağlığında Atayla və Ocaqla bizə bəlli səbəblərdən əlaqəni kəsdikləri üçün Asif Ata tərəfindən Ocaqdan çıxarılmışlar. Bu haqda Asif Atanın ruhani sənədi və görüntü kasetində mərasimdə dediyi söz də arxivimizdədir.
    Çox təəssüf ki, Asif Atanın ideyaları bir tərəfdə qalıb, bunlar Soylu Atalı ile döyüşürlər. Soylu Atalının imzası harda görünürsə, harda çap olunursa ora gedib onun haqqında hədyan danışmağı Ocaqçılıq sayırlar. Azərbaycanın qayğıları, dərdləri bitib qurtarıb sanki. Başqasını özündən üstün görəndə ayağından çəkmək, onu qaralamaq, ləkələmək xislətindən qurtula bilmirlər. Ocağı yaşatmaq bu deyil.

    Asif Ata Ocağının doğru ünvanı: http://www.asifataocagi.com/

    Saygilarla Nurtəkin Atalı

  4. “Yolruh Atalı” ilə yazan adamın başqa saytlarda şərhlərini oxdum. Münasibət yazmışam. Burda da yazıram. Bu gün qarşıda böyük məsələlər olduğu halda belə dartışmağı məqsədəuyğun saymıram. Ancaq mübarizə adamlarını ləkələməyə çalışanların ədalətsizliyinə də dözə bilmirəm.
    Mən Asif Atanın pərəstişkarı olduğuma görə Ocağa gedib-gələnlərin çoxunu tanıyıram. Onların bir çoxu sonradan əqidələrini dəyişdi, hətta Asif Atanın özünə qarşı fikirlər səsləndirdilər, yazılar yazdılar, bunları da izləmişəm. Şəxsi arxivimdə bunları saxlayıram. Mən Asif Ataya evlad olmadım çünki dünyəvi adamam. Yolruh Atalıya gəlincə onun adı İmaməliyev Soltandır, atasının adıənı bilmirəm. Qardaşı İşıqlı “Xalq Cəbhəsi” qəzetinin müxbiridir. Orada Elçin Qaliboğlu imzasıyla yazılar yazır. Onu bilirəm ki, 90-cı illərin əvvəllərində bu iki qardaş Ocağa üzv kimi qəbul olmuşdular. O dövrdə Qarabağda müharibə gedirdi. Asif Atanın yaxşı vaxtları idi. İctimai proseslərə ciddi təsiri vardı. Bu iki qardaş da Vətən qarşısında borclarını yerinə yetirməyiblər, hərbi çağırışdan nə yollasa yayınıb fərarilik eləyiblər. Asif Atanın yanında görünməkdən əsgərliyə cagrılacaqlarından ehtiyat eliyib Atayla, Ocaqla əlaqələrini kəsmişdilər. Ata da onların hər ikisini Ocaqdan çıxartmışdı. Onlar hətta Asif Atanın yasında və dəfnində də iştirak eləməyiblər. Mən ondan Rusiyadaydım. Azərbaycana gələndə dəfn kasetini Soylu Atalıdan alıb özüm üçün köcürmüşdüm, baxmışdım. Bu qardaşların heç biri 35 yaşına qədər Ocaq adları ilə heç yerdə çıxış eləməyib. Ne oldu indi birdən-birə bu adla meydana çıxıblar? Açığı düşündüm bəlkə hansısa qüvvələr tərəfindən öyrədiliblər. Sonradan öyrəndim ki, Soylu Atalı onları Asif Atanın qaydalarına zidd olaraq bərpa edibdi. Mən Soylu Atalıya sayğı duyuram. Bu adam əvvəldən bu vaxta qədər ardıcıl Asif Atanın yolunda mübarizə aparıb. Onun din haqqında çox kəskin yazisini oxumuşdum. Başqa yazıları da millətçiliklə bağlı, ya başqa mövzularda- bu yazılarıyla onu hər zaman meydanda görmüşəm. Məndən inciməsin, mənə elə gəlir ki bu iki qardaşı bərpa eləməklə öz ətrafında qələbəlik yaratmaq istəyib. İndi də onların belə çirkin əməllərindən yaxa qurtara bilmir. Asif Ata haqqında da çox şeylər danışırdılar vaxtilə. Adamın ürəyi ağrıyır. Sağlığında Asif Ataya qarşı başlamış hürüşlər indi onun davamçısı Soylu Atalıya qarşı da yönəlir. Bu, çox düşündürücüdür…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button