“Breksit” Böyük Britaniyanın dövlət kimi varlığına son qoya bilər

“Breksit” Böyük Britaniyanın dövlət kimi varlığını təhdid edə bilər. Bununla bağlı “Atlantic Council” jurnalının analitiki Con Roberts ingilislər üçün xoşagəlməz ehtimallar irəli sürüb.

Yazıda hökumətdəki qaynaqlara istinadən bir neçə nazirin baş nazir Tereza Meyə “Breksit”in İrlandiyanın birləşməsinə gətirib, çıxaracağı barədə xəbərdarlıq etdiyi bildirilib.

İrlandiyanın “Şinn Feyn” partiyası artıq İrlandiya adasının Böyük Britaniyanın tərkibindəki şimal hissəsinin İrlandiya Respublikasına qoşulmasının vaxtının gəlib çatdığını deyib.

Xatırladaq ki, “Breksit”lə bağlı 2016-cı ilin iyununda keçirilən referendumda Şimali İrlandiyanın 55,8%-i Avropa Birliyinin tərkibində qalmağa səs verib.

Problem həm də ondan ibarətdir ki, “Breksit” Böyük Britaniyadakı irland probleminə və terrorçu “İrlandiya Respublika Ordusu”nun (İRA) fəaliyyətinə son verən və 1998-ci ildə imzalanan Belfast və ya başqa adı ilə “Xeyirli Cümə sazişi”ni poza bilər. Çünki həm Böyük Britaniya, həm də İrlandiya Respublikası Avropa Birliyinin tərkibində olduqlarına görə əvvəllər heç bir problem yaranmırdı. İndi isə vəziyyət dəyişib.

Şimali İrlandiyadakı demoqrafik situasiya yerli millətçilərin xeyrinə inkişaf edir. 2011-ci ildəki sonuncu siyahıya alma zamanı separatçılığa meylli katoliklərin 45%-ə yaxınlaşdığı görünüb.

Özü də “Xeyirli Cümə” anlaşmasına görə, Böyük Britaniya Şimali İrlandiya əhalisinin əksəriyyətinin tələbi ilə onların İrlandiya Respublikasına birləşmək istəyib-istəməməsi ilə bağlı referendum keçirməlidir.

Elə Şotlandiyanın özündə də bölücülük səsləri yüksəlməyə başlayıb. Şotlandiyanın birinci naziri Nikola Stercen referendumda şotlandların 62%-nin Avropa Birliyinin lehinə səs verdiyini bildirərək, bu il martın 29-dan sonra müstəqilliklə bağlı ikinci referendumu gündəmə gətirəcəklərini ifadə edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button