Bu poeziyanın min illərdir atası var!

«Xural» «Nə yatmısan qoca vulkan, Səninləyəm!» diskinin təqdimat mərasimini keçirdi!..

Oxucular «Xural»ın «Nə yatmısan qoca vulkan, Səninləyəm»!» adlı təbliğat diskinin istehsal olunduğunu artıq bilirlər. Daha çox vətənpərvərlər üçün vəsait rolunu oynayacaq bu disk əmədar artist Ağalar Bayramovun təqdimatında hazırlanıb.Tanınmış şairlərin vətənpərvərlik hurunda yazılmış şeirlərinin toplandığı disk, tədavülə buraxıldığı gündən bəri böyük təqdirlə qarşılanıb. O səbəblə də ötən həftə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat zalında diskin təqdimat mərasimini düzənlədik. Tədbirdə iştirak edən ziyalılar və şairlər bu haqda ətraflı fikir mübadiləsi apardılar və bu tip vəsaitlərin sayının çox olmasını arzuladılar.

Toplantını Əvəz Zeynallı idarə edir və tədbiri Azərbaycan böyüklərinin və şəhidlərinin xatirələrinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayır. Daşıdığı önəmi diqqətə alaraq tədbiri Oxucuların diqqətinə çatdırırıq…

Əvəz Zeynallı:
– Hər kəsi xoş gördük. «Nə yatmısan qoca vulkan, Səninləyəm!» diskinin isltehsalı vətənpərvərlər üçün böyük hadisəyə çevrilib. Bu haqda bir neçə dəfə məlumat versək də, təqdimat mərasimi keçirməyi planlaşdırmışdıq. Bir az başqa ovqat və məkanda düşünsək də, imkanlarımız imkan vermədi və diskdə şeirlərini səsləndirdiyimiz bəzi şairlərin iştirakını da çox arzuladıq. Zəlimxan Yaquba, Rüstəm Behrudiyə və digərlərinə şəxsən telefon açsam da, təəssüf ki, bizim onlara göstərdiyimiz diqqəti onlar bizə göstərmədi. Olsun, hər halda biz millətimiz və onun gəncləri üçün xeyirli bir iş gördüyümüzün fərqindəyik və hesab edirik ki, mətbuatın əsl vəzifələrindən biri də bu tip fəaliyyətlərdir. Ağalar Bayramovla bu haqda bir müddət əvvəl söhbət etdim və sağ olsun ki, təklifimi qəbul etdi. Bununla da Azərbaycan şairlərinin bir çoxunun vətənpərvərlik hissi yaradan şeirlərini bir diskə topladıq. Şeirlərin bəzilərini Ağalar Bayramov təklif etsə də, bir çoxunu biz seçdik və hamısının üzərində fikir birliyinə gələrək, bu işə başlamağa qərar verdik. Xahiş edirəm, bu haqda düşüncələrinizi bizimlə bölüşün və irəlidə nə kimi işlər görə biləcəyimiz haqda fikirlərinizi bildirin. İştirak edənlərin hamısını – xüsusilə Böyük Məmməd Arazın xanımı Gülxanım Ananı və Böyük Xəlil Rza Ulutürkün xanımı Firəngiz Xanımı salamlayır və tədbiri açıq elan edirəm…

Ağalar Bayramov
Əməkdar artist:
– ANS-də «Biri vardı, biri yox» adlı veriliş var idi. Bu veriliş sənətindən mayalandığım, ilham aldığım sənət dostum Mikayıl Mirzə ilə mənə həsr olunmuşdu. Mikayıl Mirzənin ifasında rəhmətlik Adil Babayevin yazdığı «Yaşamağı bacarmıram» şeiri mənə o dərəcə təsir göstərdi, o dərəcə həyəcanlandırdı ki, səhəri gün televiziyaya gedib verilişin surətini götürdüm. Məmməd Arazın kitabının təqdimat mərasimində Etibar Babayevlə görüşdük. Dedim, qardaş, Adil müəllimin 30-40 il bundan əvvəl yazdığı «Yaşamağı bacarmıram» şeiri böyük bir dünya olduğu üçün artıq nəzərimdədir. Bu şeiri diskə sevərək saldım. Ürəyimə yaxın olmayan şeiri heç bir zaman ürəklə oxumadım. Açıq danışmaq istəyirəm, demirəm ki, hər zaman özümü qorumuşam, istəmədiyim şeiri oxumamışam. Oxumuşam. Nəyinsə hesabına, ağız açıblar ki, «oxu», özümü zorlamışam, oxumuşam. Radioda, televiziyada oxuduğum bir çox şeirlər var ki, yalnız maddiyyat baxımından onları oxumuşam. Amma onların heç birindən ilham almamışam. Təkrar edirəm, özümü zorlayaraq oxumuşam. İkiüzlülük eləyə bilmərəm, belə vaxtlarım olub. Amma ürəyimə yaxın şeirlərlə hər zaman yaşamışam. Məsələn, Sabir Sarvanın «Çaldıran ağrısı» şeiri var – Çaldıran döyüşünə yazıb bu şeiri. 3-4 bənddən ibarət bir şeirdir, amma böyük bir poemanın lövhəsini özündə əks etdirir. Rəhmətlik Böyükxan Pərviz var idi, çox dəyərli və sakit ömür sürən bir şair idi, onun «Xoş gəldin dünyaya, oğlan uşağı» adlı möhtəşəm bir şeiri var. Ölümündən sonra o şeiri oxudum və heyrətləndim. Bu şeiri də diskə saldım. Bu diskdə Mehmet Akif Ərsoyun «İstiqlal» şeiri var. Xocalı faciəsindən sonra iki ədəbi əsər mənə çox təsir etdi, çünki onlar özünü doğrultdu. Biri hörmətli Paşa Qəlbinurun «Cahad» essesidir. Onu dəfələrlə Almaniyada, İsveçdə, Brüsseldə, Stokholmda, Dərbənddə oxumuşam. Amma ürəyimdə qalmışdı ki, onu diskə köçürək ki, gələcək nəsil də bu şeirdən faydalansın. Tələbələrimdən neçəsi mənə bildirir ki, Ağalar müəllim, 1993-cü ildə anadan olmuşam və bu günə kimi Xocalı faciəsi ilə bağlı nə qədər mühazirələr dinləmişəmsə, bu şeir qədər mənə təsir edəni olmayıb. Orada nələr yoxdur… Mənim fikrim, məramım, məqsədim odur ki, gələcək nəsil bütün bu faciələri bədii şəkildə qəlbində hiss etsin. Uzun-uzadı yazıları oxuyan azdır, hamı dinləmək istəyir. Rəhmətlik Qabilin Xocalı faciəsindən iki gün sonra yazdığı «Çalma qoboy» şeiri Kamil Cəlilova ünvanlansa da, böyük bir məsələni ortaya qoymuşdu. Məmməd Arazın «Nə yatmısan qoca vulkan, Səninləyəm!» adlı misrasının adı altında çıxan bu diskdə 28 vətənpərvər şeir öz əksini tapıb.
Mən fəxr edirəm ki, bu işlə məşğulam. Başa düşürəm ki, zəmanə o zəmanə deyil. İndi «iki badam bir qoz»un zəmanəsidir. Bütün bunlara baxmayaraq, sanki qəlbləri yara-yara gedirəm. Əgər bu gün üç nəfərin qəlbində vətənpərvərlik məşəlini yandıra bilirəmsə, özümü xoşbəxt hiss edirəm. Növbəti layihəmiz isə 30 İyun Sevgililər Gününə həsr olunacaq. Əvvəldən sonadək məhəbbət və sevgi ünvanı olan şairlərimizin şeirlərindən ibarət disk buraxacağıq.

Aqil Abbas

Millət vəkili:

– Məndə çox sayda kaset var və mən onları Türkiyədən gətirmişəm. Orada böyük şairlərin şeirlərindən ibarət disklər buraxırlar. Həzrəti Ömərdən tutmuş üzü bəriyə qədər türklər şeirlə tarixlərini disk şəklində buraxırlar, çox maraqlı bir qiraətdir. İnsan bu disklərə qulaq asanda tək mənəvi zövq deyil, həm də tarixi bilgilər almış olur. Təbii ki, belə məlumatları eşidərək almağın xüsusi bir üstünlüyü var. Azərbaycanda son illər bir-iki belə üslubdan istifadə olunur. Baxıram və sevinirəm. Məsələn, İctimai Televiziyada Azərbaycan əsgərinə həsr olunmuş şeirlərin üzərində çəkilmiş videoçarx, Nüsrət Kəsəmənlinin şeirləri üzərində hazırlanmış bu cür görüntülü çarxlara baxarkən adam xüsusi zövq alır. Çox böyük bir iş görmüsünüz. Uğurlu bir işdir. Seçimi çox uğurlu etmisiniz. Vətənpərvərliklə bağlı şeirlərdir və hər bir insanı öz təsiri altına alan şeirlərdir. Mən tam təminat vermirəm ki, gənclərimizi bu şeirlərlə ələ ala biləcəyik. Amma hər bir halda min tirajla bu disk buraxılıbsa, deməli, onu min adam deyil, bir neçə min adam dinləyə biləcək. Arzu edirəm ki, bu layihələr davam eləsin. Ağalar müəllim bayaq qeyd etdi ki, növbəti disk yalnız məhəbbət şeirlərindən ibarət olacaq. Mən hesab edirəm ki. sevginin özü də bir vətənpərvərlikdir. Bu layihə də çox uğurla alınacaq, mən buna inanıram. Çox sevindim ki, belə bir layihəni həyata keçirmisiniz, çox ciddi bir addım atmısınız. Hamı disk buraxır, hamı bir mahnı oxuyub şou aləminə qatılır, amma mənəviyyatdan uzaqdır bütün bunlar. Yaxşı olardı ki, gələcəkdə bu layihələrinizi davam etdirəsiniz və şairlərin seçmə şeirlərindən ibarət yox, məhz hər şairin özünə aid olan şeirlərindən ibarət də disk buraxasınız. Hər bir halda sizin bu vətənpərvərlik addımınızı alqışlayıram və uğurlar diləyirəm.
Bir dəfə əlimə bir kitab düşmüşdü. Türk şairinin kitabı idi, bizim eradan əvvəl təxminən 2 min, 3 min il əvvələ təsadüf edən şeirlərdən başlayaraq 1970-ci ilə qədər toplu şəkildə bir şeir kitabı buraxmışdı, türk tarixi orada öz əksini tapmışdı. Bu kitabda təxminən 3 min şeir var idi. O şeirlərin 3 mini də insanlara məlumat verməklə yanaşı, həm də mənəvi zövq vermək üçün disk şəklində buraxılmışdı. İndi sizin başladığınız bu layihə də gözəl bir ənənənin başlanğıcı ola bilər. Arzu edək ki, bu ənənə böyüsün və böyük təşkilatlar da onu davam etdirsinlər.

İradə Tuncay
Məmməd Arazın qızı, «Ədalət» qəzetinin baş redaktoru:

– Azərbaycan poeziyası o qədər zəngin ənənələrə dayanır ki, Azərbaycan poeziyasında yeni söz demək, kimisə heyrətləndirmək çox çətindir. Amma görürük ki, zaman-zaman bu yenilik baş verir və yeni nəsildən də ədəbiyyata sütun ola biləcək insanlar yetişir. Məmməd Arazın bununla bağlı çox gözəl bir sözü var: «Mənim şeirim atalıdır, min ildir». Bu şeirin, bu poeziyanın atası vardır min illərdir ki, o yeriyir və yetişir. Əslində, bizim şeirdən, sözdən uzaq düşməyimiz bu gün cəmiyyətdə bəyənmədiyimiz, qəbul etmədiyimiz neqativ amilləri yaradıb. Yəni bütün neqativliklərin səbəbini də məhz bunda axtarmaq lazımdır. Azərbaycanda şeir hər zaman öndə olub. Hətta şairlər də öz qüdrətlərini daha artıq göstərmək üçün öz divanlarını, padşahlara ithaf etdikləri şeirlərini yazıblar. Hər zaman iki sual bəşəriyyət qarşısında dilemma şəklində durur və düşündürür. Nə daha güclüdür – qılınc, ya söz? Çünki qılıncı olanlar hər zaman sözdən qorxublar, sözün qarşısında aciz qaldıqları üçün. Biz Ağalarla çoxdan tanışıq. Təxminən 1985-86-cı illər idi, onda çox gənc idik. O zaman Ağalar özü məni axtarıb tapdı ki, Məmməd Arazın poeziya gecəsini keçirmək istəyir. Bu gecə Aktyor Evində oldu və baş tutdu. Ağalar müəllim bilirdi ki, mən belə məsələlərə çox həssaslıqla yanaşıram, çox narahat oluram. Ona görə də mənə bildirdi ki, arxayın olun, İradə xanım, hər şey çox yaxşı olacaq. Həqiqətən də çox gözəl bir yaradıcılıq gecəsi keçdi. Mən birinci dəfə Ağaların şeir söyləməyini, nitqini onda eşitdim, o vaxta qədər məlumatsız idim. Tale, bəxt elə gətirdi ki, Məmməd Araz Oxucu təmasından aralandı. Onun şeirini özü yox, kimsə çatdırmalı oldu. Bu missiyanı ilk olaraq Mikayıl Mirzə öz üzərinə götürdü. Məzarı nurla dolsun. Çox böyük bir təbliğat maşını kimi işlədi. Əslində, tribunalardan uzaq düşmüş bir şairi kim xatırlayacaqdı ki? İlk növbədə Mikayıl Mirzəyə təşəkkür etmək lazımdır ki, Məmməd Araz poeziyasını Oxuculara düzgün çatdıra və onu sevdirə bildi. Məmməd Araz poeziyası çox ağır bir poeziyadır, bir vurğunu dəyişməklə şeirin bütün mənasını dəyişmək olur. O baxımdan, şeiri düzgün, olduğu kimi oxumaq, Oxucuya düzgün çatdırmaq qiraətçidən böyük məsuliyyət tələb edir. Sonralar Ağalar öz missiyasını davam elədi. Mən çox-çox təşəkkür edirəm, bu işi görən bütün insanlarımıza. Bu gün, əgər bu şounun, çalıb-oynamağın içində biz əgər yenidən sözə qayıdırıqsa, yenidən düşünmək və fikirləşmək isətyiriksə, artıq böyük nailiyyətdir. Təsəvvür edin ki, əgər bir cavan uşaq bu diskə maşınında qulaq asacaqsa, bəlkə o, ilk misradan özünə çox şey götürəcək və sonunadək ona qulaq asıb vətənpərvərlik hisslərinin oyanmasına yardımçı olacaq? Bəlkə onun qəlbi, ruhu təmizlənəcək? Bəlkə onun bu şeirlərə qulaq asa-asa həyatı dəyişəcək. Biz bunu bilmirik. Axı biz özümüz də bunun təbliğatı ilə ciddi məşğul deyilik. Yəqin ki, bu təbliğatı aparmaq üçün hər birimizin boynuna böyük bir məsuliyyət qoyulub ki, bunu təbliğat etmək və davam etdirmək lazımdır. Sizin hər birinizə təşəkkür edirəm.

Paşa Qəlbinur
DAK-ın həmsədri:
– Bu diskin buraxılması münasibətilə bu işdə əməyi, zəhməti olan insanların hər birinə təşəkkür edir, hər birinizi salamlayıram. Məxsusən də böyük şairlərimiz Məmməd Araz və Xəlil Rzanın xanımları burada iştirak edirlər, onları salamlamaq istəyirəm. Çünki bu böyük şairlərlə təmasda olmaq bizə nəsib olsa da, bundan ən böyük payı siz almısınız. Böyük adamlarla birlikdə yaşamaq həm çətindir, həm məsuliyyətlidir, həm də çox maraqlı və şərəflidir. Bu mənada sizləri bir daha salamlayıram və bu mənada sizlər bizlərdən daha xoşbəxt insanlarsınız. Bir hind filosofuna görə, bilik mütləq nüfuzlu bir mənbədən təlqin olunmalıdır. Vətənə, əyarı yüksək olan ədəbiyyata olan sevginin bir diskdə əks olunması çox dəyərli bir hadisədən xəbər verir. Bu da bir bilikdir, tədrisdir, təbliğat vasitəsidir. Təəssüf ki, bizim xalqımız digər xalqlarla müqayisədə çox az kitab oxuyan xalqlar siyahısına daxildir. O zaman kitabın təbliğatını aparmaq da o qədər asan olmur. Bəzən körpəyə də əmzik vermək üçün onun başına bal qatıb dadızdırırlar ki, üstünlüyünü körpə anlasın və qəbul eləsin. Bizim də gənclərimizin şüuru, mənəviyyatı o qədər şou, çal-çağır ilə doldurulub ki, onların damaqları əsl, böyük ədəbiyyatdan xəbərsizdir. Mütləq bu tamı onlara dadızdırmaq üçün ən səmərəli üslublardan istifadə olunmalıdır. Hesab edirəm ki, bu disk gənclərimiz üçün o rolu da oynayacaq, onlara yeni qapı açacaq. Sizinlə tam razılaşıram ki, maşını idarə edən bir gənc yanında oturan yaşlı bir nəslin basdığı düymə ilə bu diskə qulaq asıb nəsə götürəcəksə, artıq biz onun əlindən bunu ala bilməyəcəyik. Çünki o nəyin yaxşı, nəyin pis olduğunu dərhal anlayacaq və həmin şeirlərin müəlliflərinin kitabını axtarıb tapacaq və mütaliə edəcək. Bu mənada belə disklərin çox böyük əhəmiyyəti var. Burada yazılan şeirlərin çoxunda böyük vətən məhəbbəti var. O şeirlərin əksəriyyəti böyük ədəbiyyatın nümunələridir. Bir daha bu işinizi çox böyük və əhəmiyytli bir iş adlandırmaq olar və buna görə bir daha sizə öz təşəkkürümü bildirirəm.
Paşa Qəlbinurun çıxışından sonra iştirakçılar Məmməd Arazın «Mürgüləmə, mitllət oğlu» şeirini dinlədilər…

Davamı gələn saylarımızda

Hazırladı:
XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 012(420), 27 mart-02 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button