Gəldi keçdi

Babalıq

Mən çilədən çıxmamış yaz, budu, gəldi keçdi
Heç təzə ay doğmadı, gün də çəkildi keçdi.

Bir Qarabağ həsrəti sürdü düz on doqquz il,
Səbrimizə sözmü var, gözləyərik lap yüz il,
Mən ki baba dərvişəm, xirqə-libasım qəzil,
Özgə nəyim var gedə, ildi-fəsildi, keçdi
Mən çilədən çıxmamış yaz, budu, gəldi keçdi.

Sən demədin, iqtidar, hərbə hazırdır qoşun?
Hərbə hazırdır əgər, bəs niyə getmir maşın?
Tək Farizə dəymədi düşmən atan qurğuşun,
Güllə bütün millətin köksünü dəldi keçdi
Mən çilədən çıxmamış yaz, budu, gəldi keçdi.

Erməni nə etmədi, tutmadı biz millətə,
Körpə, cavan, yaşlıya, qız-gəlinə, külfətə?
Özgə bu it neyləsin, biz də gələk qeyrətə?
Yüz dəfə “vurram” dedik, Serj yenə güldü keçdi
Mən çilədən çıxmamış yaz, budu, gəldi keçdi.

Ali Kitabda qisas Haqq-taladan əmr isə,
Hansı sifətlə baxım din günü mən Tomrisə,
Bir Xocalı, bir Şuşa, bir Qarakənd var isə,
Etmə şərəf söhbəti, çoxdan o öldü keçdi
Mən çilədən çıxmamış yaz, budu, gəldi keçdi.

Boş söz ilə birtəhər xalqı verincən yola,
Vur bu təmas xəttini bir-iki verst at dala,
Onda olar iş tamam, kimsəyə yetməz bəla,
Bir sözümə diqqət et, söyləmə yeldi, keçdi
Mən çilədən çıxmamış yaz, budu, gəldi keçdi.

Mən bu oyundan, babam, çox mənalar sezmişəm,
Qorçubəyim döz deyib, kir-kirimiş dözmüşəm,
Mən heç əşi, mən yetim dünyadan əl üzmüşəm,
Bir Babalıqdır, nə var, çeşmini sildi keçdi
Mən çilədən çıxmamış yaz, budu, gəldi keçdi
Heç təzə ay doğmadı, gün də çəkildi, keçdi.

“Xural” qəzeti
il: 9, sayı: 012(420), 27 mart-02 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button