Cəmaləddin niyə intihar etdi?!

Murad Köhnəqala

İqtidarın insan sümüyündən düzəltdirdiyi çəngəl-qaşıqlar…

“Qafqazinfo» saytında Bərdə rayon Qasımbəyli kənd sakini, üç uşaq atası, 24 yaşlı Cəmaləddin Yusif oğlunun intiharı haqda gedən informasiyanın altındakı rəyləri oxudum. Demək, mərhum dəfələrlə Sosial Müdafiə Mərkəzinə müraciət eləyib, lakin ona yardım verməyiblər. Evinə baxış keçirib deyiblər ki, qapında istifadəyə yararsız köhnə maşın olduğuna görə, sənə bu yardımdan düşmür. Kasıbçılıqdan şok yaşayan Cəmaləddin özünü yandıraraq intihar eləyib. Xəbərin altındakı rəylərin ən birincisini “Asim” adlı Oxucu yazıb. “Asim” yazır ki, burada qeyri-adi bir şey yoxdu, yaxınlarda mən də özümü yandıracam, ancaq bilin ki, mənim də intiharımın səbəbi işsizlik olacaq. Arxasınca “Akif” adlı Oxucu yazır ki, mən də özümü öldürüb canımı bu iztirablardan qurtarmaq istəyirəm. Ancaq hər gün fikirləşirəm, mən ölsəm, iki uşağım da acından öləcək. İşsizəm, özüm də kirayədə yaşayıram. Sonra “Bekar” adı altında bir Oxucu yazır, “görəsən, hakimiyyətdəkilər görmür cavanlar işsiz qalıb acından ölürlər? Şəxsən mən universitet qurtarmışam, iş üçün hansı qapını döyürəm, açan yoxdu, açanda da soruşurlar haralısan, nə cavab verməliyəm mən bakılı?”

“Mahir” adlı birisi yazır, “bəs bunlar gündə iqtisadi inkişafdan danışırlar, hanı, bunu niyə biz də görə bilmirik?”

“Sema” adlı Oxucu yazır, “mərhum düzgün eləməyib, o, gərək özünü yox, sosial müdafiə fondunun müdirini yandıraydı.”

“Dilşad” adlı Oxucu yazır, “ey soydaşlarım, əl saxlayın, intihar çıxış yolu deyil. Hər şeyə çarə tapılar. Bir iş görəndə əvvəlcə yaxşı fikirləşin. Evlənəndə də, uşaq dünyaya gətirəndə də fikirləşmək lazımdı. Ailə-uşaq saxlamağa imkanınız yoxdursa tezcə evlənməyin.”

Bax, bu bizim hakimiyyətin qurduğu dövlət, bu onun insanları intihara aparan işgəncə quruluşu, bunlar da ölkə vətəndaşlarının fikri! Baxın, eyvanlardan baxıb etiraz eləmək istəyənləri məzə üçün polisə döydürün! Sizin kimi quldur dəstəsinin, qaniçənlərin qurduğu hakimiyyət bundan yaxşı ola bilməz! Əlacınız olsa Qəzzafidən çox qırdırarsınız bu milləti! Sadəcə, iri dövlətlərdən, beynəlxalq güclərdən qorxub bizi qırdırmırsınız. Yoxsa belinizdə tapança küçəyə çıxıb kefiniz istəyən adamı məzə üçün öldürərdiniz. Villalarınızdakı fontanların tən ortasında insan kəlləsindən pramida ucaldardınız. Villalarınızın divarlarına insan sümüklərindən naxış vurdurardınız. Darvazalarınızı körpə uşaq kəllələrindən bəzəyərdiniz. Daş hasarların üstündə uşaq kəlləsindən bəzəkli fiqurlar düzəltməyi dəb salardınız. Ən yaraşıqlı cavan qız və oğlanların dərisini soyduraraq övladlarınıza çanta, ayaqqabı, kəmər və paltarlar hazırlatdırardınız. Şəhərdə, əlinizdə şallaq insan sürüsü qoşulmuş arabalarda gəzərdiniz. Restoranda körpə uşaq beynindən müxtəlif delikateslər hazırlatdırardınız. Uşaq qabırğasından kababı çox sevərdiniz. Sevən gənclərin ürəyindən qutab sifariş verərdiniz. Gənclərin budundan basdırma bişirtdirib dişlərinizə çəkərdiniz. Səhər-səhər “paxmel”inizi uşaq kəlləpaçasıyla açardınız. Altınızdakı kresloları insan sümüyündən düzəltdirərdiniz. Mebel mağazalarınızdakı mebellərin hamısı insan sümüyündən olardı. Boşqablarınızı gənclərin qafa sümüyündən, nəlbəkilərinizi isə uşaqların qafa sümüyündən düzəltdirərdiniz. Çəngəl-qaşıqlarınız insan sümüyündən olardı. Ürəyiniz istəyən ölkə vətəndaşlarını vəhşi heyvanlara yedirdərdiniz. Belə mənzərələrdən teatrlar düzəldib mədəni istirahət eləmək üçün hər axşam bahalı paltarlarda tamaşaya gəlib “intellekt”inizi artırardınız. Boynunuzdan müxtəlif rəngli insan gözlərindən boyunbağı asardınız. Meydanda şirlər və pələnglər adamları parçaladıqca, əl çalıb zövq alar, kəsilmiş insan başından mərc gələrdiniz. Timsahların balaca uşaqları udmasından xüsusi zövq alardınız. İnsan ah-naləsinin səsini disklərə yazdırıb musiqi yerinə qulaq asardınız. Yeni işgəncə maşını kəşf edənlərə mükafat verərdiniz. Hürməyənə çörək verməzdiniz.

Heyf, kopayuşağı əl-ayağınıza dolaşıb qoymur öz bildiyiniz kimi eləyəsiniz. Qoysaydılar, indikindən də yaxşı kef çəkərdiniz!

“Xural” qəzeti,

Il: 9, sayı: 018(428), 08-14 may 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button